Ölkə 11:50 25.11.2020

Kəlbəcər meşələrində terror qrupları qala bilər... – Hərbi ekspert

"Kəlbəcərin Ermənistanla uzun bir sərhədi var”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Azad İsayev deyib. Onun sözlərinə görə, Kəlbəcərin mürəkkəb relyefi dağlardan keçir:

"Bütün Azərbaycan xalqını təbrik edirəm. Bu, əslində noyabrın 15-i baş verməli idi. Ermənilər 10 gün vaxtı uzatdırlar, bu da cəmiyyətdə bir balaca gərginlik yaratdı. Bilirdik ki, ermənilər hiylə işlədə bilər. Axır ki, Kəlbəcər azad olundu. İndi bizim qarşımızda mühim işlər dayanır. Birinci dağları, meşələri minalardan təmizləmək lazımdır. İnfrastruktur tamamilə məhv edilib. Kəlbəcəri təzədən tikib bərpa etməliyik. Kəlbəcərin dağları, meşələri var. Hansısa erməni təxribatçı qruplar sərhədi keçə, meşələrdə, dağlarda "partizan”, reallıqda isə terror qrupları qala bilər. Mühasirəyə düşən, yaxud da yolu azan hansısa balaca sülahlı dəstələr ola bilər. Rayonun təhlükəsizliyini təmin etmək lazımdır”.

Azad İsayev qeyd edib ki, bu işlər yaxın vaxtlarda görülüb yekunlaşmalıdır:

"Kəlbəcərin çaylarının üstündə ermənilər vaxti ilə balaca elektrostansiyalar tikib. İndi gedəndə onların hamısını söküb, partladıblar. Bunun özü böyük ekoloji zərbədir. Dağılmış elektrostansiyalar ikiqat ekoloji ziyan vura bilər”.

Bahar Rüstəmli