Kəlbəcərdən reportaj: 3395 metr yüksəklikdən Xudavəng monastırına doğru (FOTOLAR)
APA-nın
əməkdaşı Mirmehdi Ağaoğlu Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Agentliyin əməkdaşları
həmin ərazilərdən "Zəfərin izi ilə” layihəsində silsilə reportajlar hazırlayıb.
Bu silsilədən növbəti reportajı təqdim edirik:
"Kəlbəcər
- 80 km”
Saat
7:45. Günəş yuxulu-yuxulu qarlı dağların arxasından yüksəlir. Yorğun gözlərinin
qızartısı üfüqdən çəkilməyib deyə, dağlara, meşələrə, buzlu yollara hələ öz
istisindən pay verməyib. Odur ki, ötən günlərdə yağan qarın izləri dağlarda,
meşələrdə, torpaqda, soyuğu isə canımızdadır.
Göygöl
rayonu, Toğana kəndindəyik. "Kəlbəcər - 80 km” yazılmış nişanının önündə dayanmışıq.
Təxmin
etdiyiniz kimi yolumuz Kəlbəcərədir. Xudavəng və ya Dadivəng monastırını - qədim
Alban məbəd kompleksini ziyarət etməyə gedirik. Yolumuz isə adı çəkiləndə
namını bilənlərin damarında qanı donan, təhlükəli və eyni zamanda Azərbaycanın ən
strateji nöqtələrindən sayılan Murovdağ silsiləsindən olacaq. Məşhur Ömər
aşırımını keçib Kəlbəcərə düşəcəyik.
Qabaqda
buzlu, qarlı, palçıqlı yollarda, sərt yoxuşlarda, enişlərdə, dərələrdə,
uçurumlarda bizi gözləyən təhlükələrdən hələ bixəbərik.
Müdafiə
Nazirliyinin təşkil etdiyi səfərdə jurnalist həmkarlarımızla yanaşı, bizi Qəbələ
rayonu, Nic qəsəbəsinin Udi və Gəncə şəhərinin Rus pravoslav icmalarının nümayəndələri
də müşayiət edəcəklər.
Xudavəng
"zəvvar”larını Kəlbəcərə aparacaq, sərnişinlər üçün nəzərdə tutulmuş yük maşını
artıq gözləyir. Ləvazimatlarımızı da götürüb yerlərimizi tuturuq. Maşın dəli
bir nərə çəkib tərpənir, yolçu yolda gərək...
***
Təzəcə
şirin yuxudan oyanan kənd evlərini geridə qoyub ağır-ağır dağların yamacı ilə
qalxırıq. Yol uzandıqca, sağ-solumuzdakı təbiət mənzərələri dəyişdikcə yolumuz
daha da sərtləşir, gah hansısa çayın içindən, gah sıldırımın ağzından, gah da dərənin,
uçurumun üstündən keçib gedirik.
Hündürlük
artdıqca meşələr, dağlar bəyaz geyiminə daha sıx bürünür. Getdikcə meşələr seyrəlir,
adda-budda ağaclar gözə dəyir, sonra isə alp çəmənliklərini çılpaq, qarla-buzla
örtülü qayalar əvəz edir. Günəş də artıq gümrah görünür, dağların zirvəsi,
buzlu qayalar onun şüaları altında ayna kimi bərq vurur.
Bəxtimiz
varmış, hava gözəldir. Dünən hava proqnozunda Kəlbəcərdə bu gün yağmursuz, günəşli
havanın olacağı, temperaturun beş dərəcəyə yüksələcəyi deyildi. Dağların döşündə,
yolların qırağında arabir ekskavatorlar, yoltəmizləyən traktorlar gözümüzə dəyir.
Bəziləri işləkdir, bəziləri sıradan çıxıb. Zənnimcə, çoxu elə bütün il boyu
burda amadə gözləyir, sərt, ağır yollarda uçqun, dağıntı olanda özünü köməyə
çatdırır.
Yolumuzun
üstündə Azərbaycan əsgərlərinin postları var. Onları keçib gedirik. Səfər
yoldaşlarımızdan kimsə deyir ki, bu yollar birtərəflidir, iki maşın
qabaq-qabağa gəldisə, yol verməyə yer yoxdur, odur ki, postlar bir-biri ilə xəbərləşir,
aşağıdan bir maşın qalxanda yuxarıdakı maşın gözləyir və əksinə.
Bu
yerdə maşınımız hansısa döngəni burulmaq istəyir. Lakin döngə həddindən artıq sərt
olduğundan maşın büdrəyir, təkərlərlə palçıqlı-buzlu torpağın çarpışması
başlayır, deyirik, hə vallah, indicə dərəyə yuvarlanacağıq. Bu dəm maşınımız
daha sərt həmlə edir, fınxırır, coşur, nərildəyir və nəhayət, döngəni burulub
qalib ədasıyla bağırır, sonra nəfəsini dərib özünü növbəti çarpışmaya
hazırlayır.
- Kəlbəcərin
yolu budur? – kimsə soruşur.
- Ağdərədən
də var. Bura dağ yoludur. Murovun üstündən aşıb gedir, məşhur Ömər aşırımından
- Bayaqkı səfər yoldaşımızdır. Məlumatlı adama oxşadığı dərhal hiss olunur.
- Doxsan
üçün aprelində kəlbəcərlilər bu yolla çıxmışdılar də – Yenə odur – Özü də çoxu
bu qarlı-buzlu yolları pay-piyada getmişdi.
Bir
anlıq hamı susur, qarlı dağların soyuğu içimizi üşüdür. Gözümüzün qabağında o məşum
qaçqınlıq səhnələri canlanır. Özümüzü həmən insanların yerində hiss edirik.
Ağlıma da gəlmir ki, bir neçə saat sonra rus sülhməramlı ilə söhbət zamanı
özümü kəlbəcərli kimi təqdim edəcəyəm, bu kəndlərin birindən olduğumu, 93-də
qaçqın düşdüyümü deyəcəyəm.
Maşınımız
sonuncu yoxuşu da geridə qoyub "düzənliy”ə çıxır.
Bura
artıq Ömər aşırımıdır – deyirlər, bir qədər fasilə verib təzədən yola
çıxacağıq.
Ömər
aşırımında fasilə
Mən
deyim Ömər aşırımı, siz deyin yerlə göyün birləşdiyi yer. Hava bu dağların zirvəsində
- 3395.5 metr hündürlükdə də sakitdir; nə
çovğun var, nə qar, nə yağış, nə duman. Ayaqlarımızın altında başdan-başa qarla
örtülü silsilə dağlardır. Ənginlik, genişlik. Elə bil qlazur və ya şəkər tozu səpilmiş
nəhəng tortun üzərində dayanmışıq. Başımızın üstündə açıq mavi səma. Əlini
qaldırsan göy qübbəsinə toxunasısan. Aşırımın bəri üzü Göygöl, qarşı dağlar isə
Kəlbəcər.
Murov
silsiləsi ilə uzanan yol ilan kimi qıvrıla-qıvrıla, burula-burula qalxır, sanki
xəyali bir "Zorro”nun qılıncı ilə imza əvəzi dağların sinəsinə çəkilib.
Bu
zirvə bizim üçün coğrafi anlamdan ziyadə tarixi əhəmiyyət daşıyır. Xalqımızın
yaddaşına qanlı, amansız əhvalatlarla qazılıb. Qarabağ müharibəsi başlayandan
bu strateji ərazi uğrunda minlərlə itkimiz olub. Bunlardan ən qanlısı isə
1994-cü ilin yanvar-fevral ayları ərzində həyata keçirilən "Murovdağ əməliyyatı”dır.
Həmin döyüşlərdə Azərbaycan Ordusu minlərlə şəhid verib. Sonrakı illərdə də dəfələrlə
burada təhlükə ilə üzləşən, qar uçqununun altında qalıb həlak olan əsgərlərimiz
olub.
Bu
dağların soyuq qoynunda neçə-neçə şəhidimizin narahat ruhu dolaşır.
Vətən
Müharibəsinin ilk günlərindən də Ömər aşırımında qanlı döyüşlər gedib. Qalın
qar örtüyü döyüşlərin çoxunun izini gizləsə də, keçmiş erməni postunun üstündəki
partlayış, yanıq izlərindən də bunu aydın şəkildə görmək mümkündür.
Hazırda
Ömər aşırımı Azərbaycan ordusunun nəzarətindədir, burada komendant postu
qurulub. Əsgərlərimiz burada öz vəzifələrini mətanətlə yerinə yetirirlər.
Maşından
düşən kimi bizə dərhal xəbərdarlıq edilir: Yoldan kənara çıxmayın, ərazi
minalıdır. Aşırımı keçib Kəlbəcərə adlayandan sonra bu cür xəbərdarlıqları
tez-tez eşidəcəyik. Ümumiyyətlə, ermənilər 10 noyabr müqaviləsindən sonra əraziləri
tərk edərkən əksər yerləri minalayıblar.
Fasilə
bitir və biz səfərimizə davam edirik. Burdan sonra yolumuz yalnız enişlidir.
Kəlbəcərin
tarixinə kiçik baxış
Kəlbəcərin
özünə qədər qarşımıza tez-tez keçmiş erməni postları, erməni səngərləri çıxır.
Bu postlarda indi Azərbaycan əsgərləri xidmət göstərirlər.
Yol
qırağında dərələrin dibində yenə yol təmizləyən texnikalar görürük. Lakin çoxu
ermənilərin qoyduğu minalara düşərək sıradan çıxıb.
İndi də
Murov silsiləsinə qalxdıqda yaşadıqlarımızın əksi baş verir: Hündürlük
azaldıqca qarlı qayalar yerini alp çəmənliklərinə, alp çəmənlikləri seyrək
ağaclıqlara, sonra isə meşələrə verir. Kəlbəcərin özünəməxsus təbiəti var.
Burda dağlar daha sərt, daha sıldırımlı, daha kəskindir. Qayaların arasında
çılpaq ağaclarla yanaşı, kol kimi həmişəyaşıl ağaclara da rast gəlinir. Dəqiq
müəyyənləşdirə bilmirəm, sərv ağacıdır, yoxsa başqa bir iynəyarpaqlı. Zənnimcə,
belə ağacları Azərbaycanın heç bir dağlıq ərazisində görməmişəm.
Dağların
güneylərində əriyən qarlar tez-tez qabağımıza çıxan kiçik dağ çaylarına axır.
Kiçik dağ çayları isə aşağı çatmaqda bizimlə yarışır, aşağılara doğru birləşib
daha da gurlayırlar və axırda Tərtərçayla qovuşurlar.
Ömər
aşırımını aşıb Kəlbəcər dağlarının sərt keçidlərini də geridə qoyandan sonra
yol daha genişdir, tez-tez ordumuzun hərbi yük maşınları ilə qarşılaşırıq.
Kəlbəcər
8 avqust 1930-cu ildə inzibati rayon statusu alıb, Azərbaycanın ən yüksək dağ
rayonudur. Ərazinin çox hissəsi meşəlikdir. Faydalı qazıntılarla, o cümlədən
qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər
rayonundakı Şorbulaq və Ağyataqda yerləşir.
Kəlbəcər
ən qədim insan məskənlərindən biri sayılır. Burada 30 min ildən çox tarixi olan
qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim
türk əlifbası nümunələri aşkar edilib. Rayon ərazisindəki daş abidələr Şimali
Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən
isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcər
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
2020-ci il noyabrın 10-da imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan
Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə
təhvil verib.
Aşıq
Ələsgərin qız aldığı kənd
Maşınımız
təpənin üstündə dayanır. Aşağıda dərənin içi ilə çay axır, çayın o üzü yenə
dağlar. Çayın bəri üzündəki yamac boyu yalnız çay daşından tikilmə dağılmış evlər
görünür.
Çayın
adı Yanşaqdır. Elə kəndin adı da. Əhalisi mənşəcə Qazax mahalından gəlmədir
deyilər. "Yanşaq” "aşıq” mənasını verir. Səhnəbanu ilə qovuşa bilməyən Aşıq Ələsgər
40 yaşında məhz bu kənddən evlənmişdi. 1918-1919-cu illərdə daşnakların türklərə
qarşı törətdiyi qırğın nəticəsində digər göyçəlilər kimi, öz yurdunu tərk etməyə
məcbur qalan ustad aşıq bir neçə il bu kənddə qonaq olmuşdu. Bəlkə də indi
quruca daşını gördüyümüz bu tar-mar yurd yerlərindən birində yaşayıbmış Dədə Ələsgər.
Nə bilək?
1993-cü
ildə ermənilər tərəfindən işğal edilən kənd 1994-cü ilin fevral ayında Azərbaycan
Silahlı Qüvvələrinin əlinə keçsə də sonradan yenidən itirilib.
Evlərdən
xeyli aralı əyri-üyrü dəmir-dümürlər atılmış, dağılmış yer görürük. Burada ermənilərin
535-ci əlahiddə alayı yerləşibmiş. Kəlbəcəri təhvil verəndə hərbi hissəni
partladaraq bu hala salıblar.
Cənnət
görmək istəyən...
Axır
ki, maşınımız asfalt yola çıxır. Bundan sonra da yolumuz adlarını bilmədiyimiz
müxtəlif dağ çayları ilə kəsişəcək, bəzən isə yanaşı axacaq. Çayların şırıltısı
maşının uğultusuna qoşulub dağların qarına qarışır, əriyərək yox olur.
Dağ
demişkən... Hələ Vətən Müharibəsi başlamamışdan qabaq ermənilərin yaydığı məşhur
Kəlbəcər videosu vardı; sıldırım, başı
göylərə dəyən dağların, qayaların arasından keçib gedən yol. O video baxanların
çoxunun ürəyini ağrıtmışdı ki, gör bu gözəl yerlər kimlərdədir. İndi maşınımız
məhz həmin yoldan keçib gedir. O videonu görəndə bu yerləri arzulamışdım.
Ağlıma da gəlməzdi ki, 3-4 ay sonra həmin yerlərdən keçib gedəcəm. Möcüzə daha
necə olmalıdır!
Arabir
qarşımıza yanmış, damı, qapısı, pəncərəsi, həyət-bacası dağıdılmış evlər çıxır.
Tərtərçayın üzərində qurulmuş stansiyaların infrastrukturunun əksəriyyəti
sıradan çıxıb. Ermənilər Kəlbəcəri təhvil verərkən apara bildiklərini aparıb,
apara bilmədiklərini isə yandırıb, dağıdıblar.
Zod
yolundakı post
Maşınımızı
növbəti yolayrıcında saxlayırıq. Bizi Xudavəng monastırına qədər müşayiət edəcək
polis maşınını gözləyirik. Bu vaxt bir neçə hərbçi yaxınlaşır. Biz qapını
açar-açmaz biri gülə-gülə deyir:
- Xoş
gəlmisiniz bizim Peykanlıya.
- Bura
haradır? - Soruşuruq.
- Zod
yoludur, - başqa bir hərbçi əlilə qarşı tərəfi göstərir, - Hardasa on kilometr
sonra Ermənistanla sərhədimiz başlayır.
-
Xudavəngə necə gedəcəyik?
- Elə
Tərtərçayın qırağı ilə. İndi maşın gəlib müşayiət edəcək. Elə də məsafə
qalmayıb.
Burda
çox dayanmayacağıq deyə, maşından düşməyə ehtiyac görmürük.
Aralıda
bir neçə hərbçi maşının kapotu üstünə xəritə sərib, nəyi isə müzakirə edirlər.
Hərbçilərdən birinin geyimini rus sülhməramlılarının formasına oxşadıram.
-
Ruslar da var burda? - Soruşuruq.
- Hə,
var. Rus da, var. Erməni də burdadı.
-
Harda?
- O
üzdə, maşının içində.
İndi
fikir veririk, maşınımızın o biri tərəfində "Qızıl Xaç”ın avtomobilləri
dayanıb.
-
Onlar niyə burdadırlar?
-
"Qızıl Xaç”la gəliblər. Bizim şəhidlərimizin yerini göstərmək üçün.
- Onda
şəhidlərin meyitləri hələ tam götürülməyib?
- Hələ
yox, - bayaq gülər üzlə bizi salamlayan hərbçinin səsi sərtləşir. - Sülhməramlılar
ona görə gəlib ki, bizimkilərlə şəhidlərimizin yerini təyin etsinlər.
Müşayiət
edəcək maşın gəlir. Hərbçilərimizlə sağollaşıb yolumuza davam edirik. Tərtərçayın
qırağı ilə uzanan yol bizi Xudavəng monastırının yerləşdiyi Vəng kəndinə
aparır. Yenə də çoxu yanmış, dağıdılmış evlərin yanından keçib gedirik. Kəlbəcəri
işğal edəndən sonra ermənilər seyrək də olsa, bu ərazilərdə yaşayırmışlar.
Vəng kəndi,
monastırın astanasında
Saat
12:00. Dörd saatlıq həyəcanlı səfərdən sonra nəhayət, Vəng kəndinə çatırıq.
Uzaqdan Xudavəng monastırının xaçları, qırmızı kirəmitdən damları, qədim
divarları görünür. Maşınımız körpüdə dayanır. Burda yol bir neçə yerə
haçalanır. Biri Ağdərə istiqamətinə, o biri çaya, digəri kəndə, başqası də
monastıra aparır. Monastıra qalxan yolun üstündə Azərbaycan hərbçilərinin postu
qurulub. Bu postu keçmədən Xudavəng monastırına getməyə heç kəsin icazəsi
yoxdur. Postu rahatlıqla keçib hardasa 200 metr qalxandan sonra maşınımız
monastırın qabağında dayanır.
Xudavəng
monastırı rus sülhməramlılarının nəzarəti altında olduğu üçün gəlişimizin məramını
bildirib monastırın həyətini ayaq basırıq. Vaxtımız isə azdır, tələsməliyik.
Çünki...
(ardı
var)
Davamında
oxuyacaqsınız: Xudavəng monastırının divarındakı yazılar. Arzu Xatun kilsəsinin
içindən gələn səs. Monastırın qəlbinə aparan qaranlıq yollar. Dadinin qıfıllı məzarı.
Rus sülhməramlısı Xocalı barədə nə dedi?..
Şərhlər