Ölkə 11:24 14.05.2018

Kəmalə Ağazadə danışdı: "Hər şeyi o qadın edib" (MÜSAHİBƏ/FOTOLAR)

Adi bir çətinliyə düşən kimi öz-özümüzə fikirləşirik ki, dünyanın ən bədbəxt insanı elə bizik. Xeyr, nə Somalidəki aclıqdan, nə də Hindistanda bir qab su üçün hər gün kilometrlərlə yol getməyə məcbur qalan insanlardan danışacam. Çünki bunların səbəblərini hər birimiz çox gözəl anlayırıq və bilirik ki, çirkin siyasi oyunlar, maxinasiyalar ucbatından dünyada bədbəxt insanların sayı gün-gündən artmaqdadır.

Söhbətimiz Bakıdan olacaq. Sosial şəbəkələrdən vaxt tapıb, bir anlıq başımızı qaldırsaq, əslində hər birimiz onları görə bilərik.
 
Ötənlərdə yolum Azərbaycan Uşaqları İctimai Birliyinə düşdü. Deməli, bu birlik 1999-cu ildən bəri küçə uşaqlarına, valideynləri və yaxın qohumları tərəfindən zorakılığa və dəfələrlə təcavüzə məruz qalmış azyaşlı və yeniyetmələrə ev sahibliyi edir. Uşaq evlərində dəfələrlə olmuşam, amma bura ilk dəfə idi ki, gəlirdim. Düşünürsünüzmü, 4-5 yaşlarından zorakılığa və ən pisi də təcavüzə məruz qalan onlarla uşaq...

Müsahibimiz Azərbaycan Uşaqları İctimai Birliyini sədri və təşkilatın nəzdində fəaliyyət göstərən Uşaq Sığıncağı-Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadədir.
 
Yeri gəlmişkən, bu günlərdə Kəmalə Ağazadəyə cinayət işi açılıb. İttiham aktına əsasən, QHT sədri öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etməklə, özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib, vətəndaşları rüşvət verməyə təhrik edib. Kəmalə xanımla həm bu iddialar, həm də bu günə qədərki fəaliyyəti ilə bağlı söhbətləşdik.


- Kəmalə xanım, ixtisasınız rejissorluqdur, uzun illər teatr direktoru vəzifəsində çalışmısız. Bəs necə oldu ki, o sahədən ayrılıb, belə bir ictimai birlik yaratmağa qərar verdiniz?

- Düzdür, Çiçəyim Uşaq Teatrının direktoru olmuşam. İxtisasım rejissorluq idi. Amma sırf bu işə görə Nəsrəddin Tusi adına Pedoqoji İnstitutda ibtidai təhsilin metodikası üzrə ikinci təhsil aldım. Rejissor işlədiyim dövrdə tədbirlərimiz daha çox bulvar konsertləri olduğundan gecə 12-dən tez evə gələ bilmirdim. Bir dəfə Razində (indiki Bakıxanov qəsəbəsi) axırıncı avtobusdan düşüb, evə tərəf gedirdim ki, məni arxadan vurdular. 5-6 yeniyetmə küçə uşağı idi.
Onlar çantamı əlimdən almaq üçün məni var gücləri ilə döydülər. Çantada telefonum və bəzi sənədlərim olduğu üçün vermədim, bilmirəm bəlkə də o anda bir hiss idi ki, çantadan bərk-bərk yapışmışdım. Səsimə ətrafdan adamlar gələndə uşaqlar məni buraxıb qaçdılar. Bir qədər aralanmışdılar ki, Post Patrul Xidməti onları tutdu. Söhbət 1999-cu ildən gedir. Polisdə onların vəziyyətini öyrənəndən sonra şikayət vermədim. Elə o uşaqlardan biri sonradan mənim könüllü "outrich"im oldu. Belə ki, 2000-ci ildən küçə uşaqları ilə araşdırmalara başladım və o uşağın köməkliyi ilə yardıma ehtiyacı olanları tapdıq. O, Razidə "Roma qrupu”ndan olan qaraçı uşaqları tapdı, daha sonra şəhərdəki çevrəsini... Mən o zaman özümə söz verdim ki, bu gün məni döyən sabah başqalarına da xəsarət yetirə bilər və həmin gündən onlarla işləməyə başladıq. 


 
- Uzun müddət küçə uşaqları ilə çalışmısız və bu, hər adamın öhdəsindən gələ biləcəyi bir iş deyil. Bu illər ərzində qarşılaşdığınız çətinliklər nələr olub?

- Mən bu sığınacağı yaradanda buranın tualetinə qədər özüm təmizləyib, yığışdırmışam. Bura açılanda belə uşaqlar yox idi. Küçələrdən tapdığımız uşaqlar idi ki, dəfələrlə pul qabımı, hətta DVD-mizi, pristavkamızı yığışdırıb aparmışdılar. Onların ayağının altını təmizləyirdim. Özüm bişirib yedizdirirdim.

99-cu ildə Bakıda çox böyük bir "ordu" var idi. Söhbət 6000-7000 min küçə uşağından gedir. 2004-cü ildə UNİCEFF-in alternativ hesabatına küçə uşaqları məsələsi Azərbaycan Uşaqları İctimai birliyi tərəfindən təqdim olundu, 2009-cu ildə yenə biz bu məsələni UNİCEFF-in gündəliyinə sala bildik. Həmçinin 2007-ci ildə biz küçə uşaqlarını "Zərərin azaldılması proqramı”na salmağa nail olduq. Mən bu illər ərzində küçə uşaqları ilə işləyən bir-iki təşkilat gördüm. Bunlardan biri də biz idik. 2005-ci ildə "Gün Ərzi Mərkəzi”ni yaradıb balaca bir otağın içində axşam saat 9-a qədər həmin uşaqlarla iş aparırdıq. Rəsm çəkirdik, mahnı oxuyurduq. Məqsədimiz onların başını qatmaqla şüuraltılarına təsir etmək, pis vərdişlərdən yayındırmaq idi. Küçələrdə onlarla bərabər oturub, yemək yeyirdim. Cəmiyyətə çatdırmaq istəyirdim ki, onlarla bizim aramızda heç bir fərq yoxdur. Onları bugünkü vəziyyətə salan bizlərik, sizlərsiniz. Bu uşaqlara pul vermək dəstək olmaq deyil. Harasa yönləndirmək lazımdır. Vərəm olan bir uşağı sənədləri olmadığı üçün heç bir xəstəxana qəbul etmirdi deyə, gedib parkda antibiotik vurmuşam ki, ölməsin.

Bu işlərimizə görə biz bu proqrama salındıq. Nəhayət 2007-ci ildə "Gün Ərzi Mərkəzi”ni uşaq sığınacağına çevirdik. O gündən bu sığınacaqdan minlərlə uşaq keçib. Onları uşaq müəssisələrinə istiqamətləndirmişik. Daha çox ailələrin bərpasına üstünlük verirdik.


 
- Kəmalə xanım indiyə kimi hansı qurumlarla, təşkilatlarla əməkdaşlıq etmisiz?

Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq problemləri Dövlət Komitəsi ilə əməkdaşlıq etmişik. Deyərdim ki, bu gün küçələrdəki uşaqların azalmağının səbəbi bizim apardığımız işlərin nəticəsidir. Artıq əvvəlki kimi küçədə böyük bir "ordu" yoxdur, mariflənmə sürətlə aparılıb. Əvvəllər vərəm, cinsi yolla keçən xəstəliklərin sayı nə qədər idisə, indi bu rəqəmlərdə kəskin azalma müşahidə olunur. Bu işlərimizdən sonra küçə uşaqları "Zərərin azaldılması proqramı"ndan çıxarıldı, artıq həmin proqramda küçə uşaqları yoxdur. Amma bu gün də bizə müraciət edən küçə uşaqlarını müxtəlif müəssisələrə, xəstəxanalara yönəldirik.

Yaponiya Səfirliyinin xətti ilə Hacıqabul rayonunun Hacı Abdulabad və Nəvai kəndlərində hər bir şəraiti olan 2 tibb məntəqəsi tikib, Səhiyyə Nazirliyinə təqdim etmişik. Həmçinin uşaq hüquqlarının müdafiəsi sahəsində gördüyümüz işlər olub. Çox böyük layihələrə imza atmışıq. Keçən il çəkdiyimiz "Özgə uşağı olmur" adlı film Mərkəzi Asiya respublikaları arasında keçirilən müsabiqədə 1-ci yerə layiq görüldü.

ABŞ səfirliyi, Beynəlxalq Miqrasiya Təşkilatı, İREX, Türkiyə səfirliyi, müxtəlif şirkətlər, UNİCEFF bizim əməkdaşımız olub. "ASAN xidmət"in müxtəlif proqramlarına qoşuluruq. Bu gün "Yarat" İncəsənət Mərkəzində bizim 3 uşağımız xüsusi dərslər alırlar. "Mediklab" özəl tibb müəssisəsi bizimlə müqavilə bağlayıb ki, 24 saat ərzində oranın pediatrları təcili xidmət göstərəcəklər.

Bizim bu gün "Çərpələng" məktəbəqədər təhsil kursumuz var ki, sığınacağın uşaqları məktəbdə oxuyur və eyni zamanda burda da təhsillərini davam etdirirlər. Həmçinin art terapiya mərkəzimiz, xor dərnəyimiz var. Gün ərzi mərkəzimiz sırf küçə uşaqlarına yardım üçündür ki, bura müraciət edən uşaqları yeməklə, geyimlə təmin edirik.

Hər il Bakı Dövlət Universitetidən, Azərbaycan Universitetindən, İdman Akademiyasından tələbələr burada rəsmi qaydada təcrübə keçir və sonradan neçəsi gəlib burda könüllü işləyir. Hər il biz 1000-ə yaxın şagird və tələbəyə sosial iş, liderlik bacarıqları, insan alveri, məişət zorakılığı mövzusunda könüllü təlimlər keçiririk.


 
- Bura gəlməmişdən öncə haqqınızda mediada gedən yazılara baxırdım. Bir müddət öncə rüşvət almaqda ittiham olunmusuz, amma bu barədə heç bir mətbu orqana geniş bir açıqlama verməmisiz. Sadəcə bir şeyi bilirəm ki, ailə məsələsi olub və bu qədər böyüyüb. Bu barədə danışa bilərikmi?

- Əslində, 3 ildir ki, bu müharibəmi deyim, mübarizəmi deyim, davam edir. Amma bir şeyi deyim ki, mən heç kimlə mübarizə aparmıram. Bəzən "niyə susursan” deyirlər, amma bu, susmaq deyil. Sadəcə, ailə məsələsinin böyüyüb bu gün bu səviyyəyə qədər gəlib çıxacağını düşünməmişəm və ailə söz-söhbətlərinin yayılmasının da əleyhinə olduğumdan güzəştə getmişəm. Düşünmüşəm ki, bəlkə həmin insan sakitləşər...

- Həmin insan kimdir?

- Bütün bunları edən mənim qardaşımın keçmiş həyat yoldaşı Həcər Kəngərlidir. Onlar ailə quranda yaxınımızda kirayə ev tutduq. Daha sonra qardaşım mənə dedi ki, bəs Həcər evdə tək darıxır, ona bir iş ver, sənin yanında işləsin. Mən də gətirdim bura. Etiraf edim ki, çox savadlı pedaqoqdur. Heç vaxt işində bir nöqsan tutmamışam. 3 il bundan öncəyə qədər hər şey qaydasında gedirdi. Ta ki, 2015-ci ildə qardaşımla aralarında problem yarandıqdan sonra ailələri dağılana qədər...

Həcər 2016-cı il yanvarın 10-u Bakıdan çıxıb getdi, amma getdiyi gün kabinetimə girib məni hədələdi. Mənim 1999-cu ildə aldığım torpaq sahəsi var, bələdiyyə torpağıdır. Dedi ki, sənin qardaşın mənə 5 min pul borcludu. Ya o 5 mini, torpağın bir hissəsini və qeydiyyatda olduğum (indi də mənim evimdə qeydiyyatdadır) evindən mənə pay verəcəksən, ya da səni bitirəcəyəm. Və o vaxtdan müxtəlif oyunlar qurmağa başladı.

Azərbaycan Uşaqları İctimai Birliyinin Qlobal Fondun ''Zərərin azaldılması proqramı'' layihəsində onunla bərabər işləyən 9 işçi olur. Layihə 2015-ci ilin avqustunda rəsmi olaraq bağlanır, amma 2015-ci ilin yanvar ayından avqust ayına qədər onlar könüllü işləyirlər. Bu tip layihələrdə maaşlar gecikə bilirdi, çünki dövlətlərarası bağlanan müqavilələr idi və müəyyən prosedurlar olurdu. Layihəni müxtəlif nazirliklər imzalayırdı. Həmin aralıqda 8 ay maaş ala bilməmişdilər, neçə işçiyə borc tapıb pul vermişdim. Və Həcər çox yaxşı bilirdi ki, işçilərə həmin pulun bir qismini Ədliyyə Nazirliyində işləyən tanışımdan, birini Daxili İşlər Nazirliyində çalışan dostumdan boc alıb vermişəm. Sonra bu məlumatı təhrif edib istifadə etməklə bir plan qurmağa başlayır və adını da rüşvət qoyur. Sentyabrda maaşlar köçürüldükdən sonra hansı işçilərə ki, 1500-1600 manat pul vermişdim, həmin pulu verdiyim işçilərdən alıb borc sahiblərinə geri qaytardım. İnanın öz evimdən götürüb verdiyim pulu hələ indiyə kimi almamışam, görmüşəm ki, bunu qaytarmağa həmin adamın imkanı yoxdur.


2 işçimi öz tərəfinə çəkib deyir ki, "sizin xəbəriniz yoxdur, bəs Kəmalə 1 milyona yaxın pul alıb və bizim adımızdan imza ataraq, həmin pulları mənimsəyib”. Halbuki, hər bir işçi ilə fərdi qaydada müqavilə bağlanıb və hər birinin özünün VÖEN-i, bank hesabı var. Deyim ki, kiminsə bankomat kartı var, yox. O vaxta qədər hamısının özlərinə çek kitabçaları aldırmışam və maaşlarını da həmişə çek kitabçası ilə götürüblər. Yəni, burada kiminsə yerinə imza atmaqla onun pulunu mənimsəmək kimi bir prosedur ola bilməz.

Həmçinin həmin layihə ilə bağlı 2015-ci ilin noyabr ayında Ümumdünya Səhiyyə Təşkilatından da, Qlobal Fond "Zərərin Azaldılması Proqramı”ndan da gəlib, bütün işçilərlə ayrı-ayrılıqda yoxlama aparıblar. Heç biri pul alınması ilə bağlı bir kəlmə də deməyib. Amma bu gün ittiham aktına baxıram ki, guya məndən qorxduqları üçün demədiklərini bildiriblər. Məgər mən bu qədər qorxulu bir insanam ki, kimisə qorxudaraq nəyəsə məcbur edim?! Necə olur ki, həmin layihənin 5 işçisi bu gün də mənimlə işləyir?! Belə çıxır ki, mən onları burda qorxu altında saxlayıram?!

Son 3 il ərzində bu qadının mənim haqqımda böhtan dolu şikayət ərizələri göndərmədiyi yer qalmayıb. Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə, dəfələrlə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə və digər qurumlara ərizə yollayıb.

2016-cı ilin aprelin 4-də Binəqədi RPİ-nin 7-ci Polis bölməsinə mənim, qardaşımın və digər ailə üzvlərimin guya onu, anasını və bacısını hədələdiyimiz barədə şikayət etmişdi. Lakin şikayətin şər-böhtan olduğu üzə çıxandan sonra əsassız hesab edildi.


 
Həmçinin 2016-cı ilin aprel ayının 26-da təşkilatın işçisi Xətamət Məcid qızı Binyətovanı Məlahət Abbasovanın evində yazılan səsyazmalarla hədələdiyi üçün, Xətamət Binyətova DİN-ə və Azərbaycan Uşaqları İctimai Birliyinə şikayət ərizəsi göndərmiş və DİN İAQMBİ-də araşdırma aparıldıqdan sonra H.Kəngərliyə təhdidlərinə son qoyması barədə xəbərdarlıq edilmişdi.

Bundan başqa bizim təşkilatın əməkdaşları Vasif Akifli və Fariz Əsgərovu da hədələdiyi üçün onlar DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Şikayətlər yoxlanıldıqdan sonra Həcər Kəngərli və Məlahət Abbasova qurumun 14 iyul 2016-cı il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndinə müvafiq olaraq tutduqları vəzifələrdən azad olunublar.

3600 manata görə dəyərdimi ki, mənim nüfuzum bu qədər yerə vurulsun? Əgər mən bunu etsəydim, razı olardım ki, ətrafımda bu qədər söz-söhbətlər yaransın? Bunu heç vaxt etməzdim, rüşvətxor, dələduz biri olsaydım, nə istəyirdisə, verərdim ki, təki sakit dayansın. Amma bilirdim ki, bunun arxasında insanın qisası durur və maraqlısı budur ki, o, qisasını mənim qardaşımdan deyil, ictimai birlik sədri olduğumdan məndən alır. 

Mənə qarşı apardığı bu çirkin oyunlara görə, çalışdığım müəssisənin nüfuzuna xələlə gətirməmək və öz şəxsiyyətimi qorumaq üçün məcbur qalıb 2016-cı ilin martında könüllü ərizəm əsasında İnsan Alveri Qurbanları üçün Sığınacağın direktoru vəzifəsindən azad olundum. Buna baxmayaraq, qurumun bütün tədbirlərində iştirak edirəm və orada hamı mənim öz işimi necə apardığımı çox yaxşı bilir.

Son zamanlarda bizdə bir müddət sığınacaqda qalmış Nuranə Məmmədova adlı bir qadını da şantaj edərək (müəyyən şəxslərin vasitəsilə uşaqlarının aliment sənədlərini əlindən almaqla) mənə qarşı şikayət xarakterli ərizə yazmağa məcbur edib. Biz bura ancaq uşaq qəbul edirik, istisna hallarda qadınlar da olur. Ona görə, qadınların başının altından nə çıxacağını bilmədiyimizdən, mütləq gedərkən video çəkiliş aparırıq ki, əşya və ya pullarını özləri ilə apardıqlarının sübutu olsun.
 
Qadın sonradan onu H.Kəngərlinin şikayət ərizəsi verməyə məcbur etdiyini etiraf etdi. Əvvəlcə 6000 manat yazmağını istəyiblər, lakin Nuranənin, "6000 manatım var idisə, sığınacağa niyə gedirdim?" sözlərindən sonra ərizədə 600 manat aldığımı yazıblar. Bu maxinasiyanın üstü açılandan sonra tez onu təhqiqat materiallarından çıxartdılar. Əgər həqiqət idisə, saxlayardılar, nə üçün saxlamadılar?!


 
- Kəmalə xanım, bəs sizə bu qədər şər-böhtan atıbsa, nə üçün məhkəmədə onun barəsində qarşılıqlı iddia qaldırmamısız?

- Əvvəlcədən də dediyim kimi ailə məsələsi olduğundan üstünə düşmədim. Yoxsa, hələ 7-ci bölmədəki şikayətinin üstünə düşsəydim, təzminatımı da alardım, hər şey də edərdim. Amma bunu etmədim, düşündüm ki, bir müddətdən sonra dayanar. Artıq mənə qarşı edilən haqsızlıqlardan yorulmuşam. Axı mən bu birliyi dişimlə, dırnağımla qurub, bu səviyyəyə gətirib çıxartmışam.

Burada 36 uşaq var və onların 24-ü təşkilatın yox, rəsmən mənim qəyyumluğumdadır. Qəyyum olaraq bu uşaqlara görə, dövlətdən vəsait almalıyam, amma mən o vəsaitdən imtina etmişəm. Əslində o pul uşaqları saxlamaq üçün mənə lazımdır, sadəcə düşünürəm sabah deyəcəklər Kəmalə Ağazadə uşaqları qəyyumluğuna götürüb ki, onların pulundan istifadə etsin. Bu sığınacaq bizim çiyinlərimizdədir. Mən heç yerdən maliyyə almıram. Sadəcə işçilərin maaşını Beynəlxalq Miqrasiya Xidmətinin "Məişət zorakılığı və İnsan Alveri Qurbanlarının Reinteqrasiyası" adlı layihəsinin icrası ilə qarşılayırıq. Bu layihə bitdikdən sonra o insanlar da gedəcək və burada bir mən, bir də iki nəzarətçi qalacağıq. Bu gün sığınacaq yalnız xeyriyyəçilərin dəstəyi ilə ayaqda qalır.


 
P.S.:
 
Təşkilatdan ayrılarkən uşaqların qaldığı, oynadığı otaqları bir-bir gəzdik. Həqiqətən burada onlar üçün hər cür şərait yaradılıb. Kəmalə xanım bu yaxınlarda çox təsirli bir hadisə ilə qarşılaşdıqlarını dedi:

"Elə uşaqlarımız olub ki, zorakılıq faktını burada aşkarlamışıq. Bu yaxınlarda bizə bir uşaq gətirmişdilər. Atası da, anası da imtina etmişdi. Uşağı qəbul edəndən sonra psixoloqumuz onunla danışanda, uşaqda bəzi seksual hərəkətlər müşahidə edib. Öyrəndik ki, dəfələrlə təcavüzə məruz qalıb. Uşağın danışdıqlarından sonra mən evə getmədim. Həmin günü təsəvvür edə bilməzsiniz ki, nə vəziyyətdəydim. Gecə ilə polis bölməsinə müraciət etdik və onlar da dərhal istintaqa başladılar. Məlum oldu ki, uşaq öz dayısı tərəfindən 5 yaşından 13 yaşına qədər, 8 il təcavüzə məruz qalıb. Həmin adamı 2 gün ərzində tapıb həbs etdilər. Üzləşməyə uşağın yanında mən də getmişdim. İnanın ki, onu əlimdən güclə aldılar. Həcər həmin ailəni də gedib tapır və uşağı burdan çıxartdırmaq istəyir. Ailəyə də məhz o lazımdı ki, uşağı çıxartdırandan sonra izahatın dəyişdirib, dayısını həbsdən çıxartsınlar".

Həqiqətən də bir uşağı cəmiyyətə qazandırmaq qədər dünyada ali ikinci bir iş bəlkə də yoxdur. Halbuki, bu qurumun yetişdirdiyi, yolu Azərbaycan Uşaqları İctimai Birliyindən keçən onlarla uşaq indi müxtəlif ali məktəblərdə, müxtəlif qurum və təşkilatlarda çalışırlar və Kəmalə xanım onlar haqqında ürəkdolusu danışır, qürur hissi keçirdiyini deyir.
 
Belə ki, may ayının 17-də iki işə baxılacaq. Biri Kəmalə Ağazadənin özü haqqında açılan cinayət işinə, biri də bu yaxınlarda sığınacağa qəbul etdikləri 13 yaşlı qıza 8 il boyu təcavüz etmiş dayısının işinə.
 
İstintaq davam edir...
 
Çingiz Səfərli