Sənət 11:42 09.06.2021

Kitab oğruları və mənim turşu oğruluğum

Sevil Gültən

Üç-dörd gündür Facebook dostlarımın demək olar, hamısı eyni məsələni müzakirə edir. Kitab mağazasından kitab oğurlayan gəncləri. Bəziləri kitab mağazasını tənqid edir, bəziləri gəncləri qınayır. Öz fikrimi yazacam, bununla "Əli və Nino”nu müdafiə etmirəm, haqqı müdafiə edirəm. 
Pulla satılan nəyisə xəlvətcə götürüb aradan çıxmaq oğurluqdur. Fərqi yoxdur, götürdüyün nədir, kitab, ya konfet. Əgər o gənclərin niyyəti hansısa kitabı oxumaq idisə, həmin kitabı dövlət kitabxanasından əldə edib oxuya bilərdilər. Yaxud mağaza sahibinə yaxınlaşıb səmimi etiraf edər, deyə bilərdilər ki, filan kitabı almağa maddi imkanları yoxdur. İnanıram ki, istədikləri kitabı onlara hədiyyə edərdilər. 

Cəlil Cavanşırin paylaşımını oxudum. O gənclərdən birinin imkanlı olduğunu, evindəki kitabxanada "Əli və Nino”da olduğundan çox kitab olduğunu bildirib. Güman edirəm ki, həmin gənc evindəki kitabların hamısını oxumasa da, bir qismini oxuyub. Kitab insanı tərbiyə edir. Ona düz yol göstərir. Yəni o qədər kitab oxuyan cavan bir oğlan hələ başa düşməyib ki, pulla satılan kitabı pul ödəmədən götürmək düzgün əməl deyil? Belə etməklə o mağazanın satıcısını pis vəziyyətdə qoyduğunu başa düşmür?  

Əyyus Qiyas isə belə status yazıb: 

"Kitab oğrusundan şikayətçi olan kitab dükanı boykot edilsin, oradan kitab alanı söymüşəm. Kitabçi belə eləməz!”

İnana bilmədim ki, "Qanun” nəşriyyatından tərcüməçi kimi, redaktor kimi qonorar alan bir yazıçı yazıb bu statusu. Hətta yadımdadır onun bir tərcümə kitabını "Qanun” nəşriyyatı Mədəniyyət Nazirliyinin bir müsabiqəsinə təqdim etmişdi, o da əməlli-başlı mükafat almışdı. "Oradan kitab alanı söymüşəm” – bu, nə deməkdir? Ziyalı belə söz işlədər? Mən və mənim kimi yüzlərlə insan o kitab mağazasında satılan kitabların hesabına qonorar alırıq. Nəşriyyat işçiləri, mətbəədə işləyənlər, tərcüməçilər, redaktorlar, korrektorlar, satıcılar... Bir ildir pandemiya ucbatından kitab mağazaları normal işləmir, ancaq mən hər ay qonorar almışam nəşriyyatdan. Tərcümə etdiyim kitabların çoxu hələ çap edilməyib, ancaq mən o kitabların qanorarını çoxdan alıb xərcləmişəm. Əyyub Qiyasdan soruşuram, yaxşı, tutaq ki, mağazanı boykot etdiniz, kitablar satılmadı, neçə insan evinə çörək aparmayanda sevinəcəksiniz? 

Fuad adlı bir nəfər mağazanın rəhbərini öz statusunda lağa qoyub, alçaldıcı sözlər işlədib. Gülnarə İsrafil kitabların qiymətindən narazıdır. Ona demək istərdim ki, bir dəfə "Qanun”a getsin. Orda 1 manata da normal kitablar var. Bazarda hər qiymətə məhsul satılır. Hər kəs cibinə uyğun olan malı alır. Marketə girirəm, kilosu 50 manata  da konfet var, mən isə kilosu 4 manata olan konfet alıram. Konfet bahadırsa, mən o bahalı konfeti oğurlamalıyam? Bu nə məntiqdir? "Kitab oğrusu oğru deyil” deyək, hər kəs girib kitab mağazasından bir kitab götürüb vursun qoltuğuna. Belə olmalıdır? Deyirlər, gül oğrusu da oğru deyil. Elə isə parklarda əkilən gülləri oğulayıb öz həyətimizdə əkməliyik? 

P.S. Nədənsə çoxdan olmuş bir hadisə yadıma düşdü. Kəndimizdə Musa dayı (Allah ona rəhmət eləsin!) vardı. Bağındakı alçanı, gavalını qurudub turşu edirdi. Bir gün onlara getmişdim. Musa dayı həyətdə yox idi. Onun gəliniylə söhbət edirdim. Gözüm sataşdı taxçanın üstündəki turşulara. Bir ovuc götürüb yedim, gördüm dadı əladır, yenə də bir ovuc götürdüm. Musa dayının gəlini heç nə demədi. Çünki gavalının əziyyətini çəkməyib, onu ağacdan yığıb ora o sərməyib. Necə deyərlər, nə vecinə. Qayıdıb evimizə getmək istəyəndə turşudan bir ovuc da götürdüm. Bu vaxt Musa dayı bir böyürdən çıxdı. Bir mənə baxdı, bir əlimdəki turşulara, bir də taxçadakı ağ parçanın üstündə yeri boş qalmış turşu yerlərinə. Əlindəki çubuğu fırladı, hirsli–hirsli dedi: "Nə olub, a bala, urudur?”

Qeyd: Kənd yerində yaşayanlar "urulamaq” felinin mənasını yaxşı bilər...