Siyasət 15:20 22.01.2021

Komandasında iki erməni olan Baydenlə münasibətlərimiz necə olacaq? (ŞƏRH)

"ABŞ-la Azərbaycan arasında ciddi problemlərin olacağı gözlənilmir”.

Qaynarinfo xəbər verir ki, bunu Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, enerji, təhlükəsizlik məsələlərində Amerikanın yeni prezidenti Co Bayden Azərbaycana ciddi dəstək verəcək:
 
 

"Azərbaycan Avropanın enerji diversifikasiyasında rol oynayır. Vaşinqtonun Avropa ilə əlaqələrini yenidən bərpa edəcəyi gözlənilir. TANAP və TAP layihələri həyata keçirilib. Bu da Vaşinqtonun Rusiyanın Avropaya qaz ixracını nəzərdə tutan "Şimal axını-2" qaz kəmərinə müəyyən dərəcədə alternativ layihədir. Regionda Azərbaycanın ABŞ-ın Mərkəzi Asiya siyasətində bir körpü olacağı şübhəsizdir. Ölkəmizlə Türkmənistan arasında yeni müqavilənin bağlanması, "LAPİS-LAZULİ" yeni nəqliyyat dəhlizinin açılmasından ABŞ-ın istifadə edəcəyi gözlənilir. Qlobal siyasətə üstünlük verəcək Bayden Azərbaycanla əməkdaşlıqda maraqlı olacaq. İnsan hüquqları və demokartiya mövzularında probelmlərin olması gözlənilir. Azərbaycan hakimiyyəti Avropa İttifaqı ilə çərçivə sazişini imzalayarsa, bu sahədə islahatlara gedəcəksə, problemlərdən yayına biləcək”.

Sədr bildirib ki, Qarabağ siyasətinə gəldikdə Co Bayden Rusiyanın təktərəfli mövqeyini qəbul etməyəcək:

"Bu da Azərbaycanın müəyyən maraqlarına cavab verir ki, Rusiya Qarabağda öz sülhməramlı qüvvələri ilə istədiyi siyasəti apara bilməsin. Vaşinqtonun təzyiqləri, Türkiyə və Azərbaycanın Moskva qarşısında mövqeyini gücləndirə bilər. Azərbaycan ABŞ-ın yeni administrasiyası ilə sıx işləməlidir. C. Baydenin erməni diasporu ilə sıx əlaqələrinə baxmayaraq, Ağ Evin oturuşmuş siyasəti Azərbaycanla əlaqələrin inkişafına önəm verir. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, beynəlxalq layihələrdə rolunun artması, Vaşinqtonun regionda maraqlarına cavab verir”.

Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ-ın Qarabağ məsələsində Azərbaycana təzyiqi olmayacaq:

"Amma erməni lobbisi çalışacaq ki, Konqresdə Qarabağ ermənilərinə maliyyə yardımını bərpa ertsin. Tramp bu yardımı dayandırmışdı. Həmçinin status məsələsini qabartsınlar. İqtidar bu məsələlərin qarşısnı almaq üçün Ağ Ev, Pentaqon, Dövlət Departamenti ilə sıx işləməlidir. Əgər Bayden adminstrasiyasından məsafə saxlasaq, bu, əleyhimizə qərarların qəbul edlməsi ilə nətiəcələnə bilər. Unutmayaq ki, C. Bayden öz komandasına iki erməni daxil edib”.

Bahar Rüstəmli