Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, iclasda Nazirlər Kabinetinin sorğusu əsasında "Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
İş üzrə hakim S. Salmanovanın məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsi, mütəxəssislər Azərbaycan Respublikasının Ali Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsi tərəfindən təqdim edilmiş yazılı çıxışları, ekspert Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyevin yazılı rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edilib.
Qərara əsasən, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2 və 21-ci maddələrinin, "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8, 12 və 15-ci maddələrinin, "Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin tələblərinə uyğun olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əməkhaqqından sosial sığorta ödənişləri həyata keçirilmədiyindən və onların xarici ölkədə əməkhaqqı aldığı dövrlər sosial sığorta stajına daxil edilmədiyindən, əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlər nəzərə alınmır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Şərhlər