Səudiyyə Ərəbistanında geniş antikorrupsiya kampaniyası nəticəsində 106.7 milyard dollar əldə edilib. Məlumatı krallığın baş prokuroru bildirib.Şeyx Səud əl-Mocib deyib ki, noyabrın 4-dən bəri dindirilməyə çağırılmış 381 nəfərdən 56-sı hələ də həbsdəsaxlanılır. Qalanları isə ya iddia qaldırılmadan buraxılıb, ya da onlara qarşı irəli sürülmüş iddialarla razılaşaraq məsələni, aktivləri hesabına ödəməklə həll edəndən sonra azadlığa buraxılıblar.
Şeyx Mocib heç bir ad çəkməsə də, kampaniya zamanı saxlanılmış şəxslər arasında şahzadələr, nazirlər və biznesmenlərin olduğunu deyib. Son günlərdə həbsdən azadlığa çıxanlar arasında milyarder investor şahzadə Əl-Valid bin Talal və MBC Ərəb peyk televiziya şəbəkəsinin sahibi Əl-Valid əl-İbrahim də olublar.Onlar Ər-Riyadın diplomatik məhəlləsində yerləşən Ritz-Carlton Hotel mehmanxanasında saxlanılıb.Hər ikisi günahsız olduqlarını bildirib. Lakin Səudiyyə rəsmi dairələrindəki mənbələrə görə, həmin şəxslər açıqlanmayan "pozuntulara" yol verdiyini etiraf etdikdən sonra, məsələnin ödəniş etmək yolu ilə həllinə razılıq veriblər.
Azad edilmiş digər şəxslər arasında mərhum kral Abdullahın oğlu şahzadə Mitəb bin Abdullah da var. Deyilənə görə, o, öz məsələsini 1 milyard dəyərində sərvət hesabına həll edib. Dövlət naziri İbrahim əl-Assəfə qarşı irəli sürülmüş iddialar isə pozuntu müəyyən edilmədiyinə görə ləğv olunub.
Şeyx Mocib bildirib ki, iddiaları ödəniş yolu ilə həll etməkdən imtina edən 56 şəxs "digər cinayət işləri və ya istintaqın davam etdirilməsi məqsədi ilə" hələ həbs altında qalmaqdadırlar.Onların gələn ay Ritz-Carlton mehmanxanasından həbsxanaya köçürülməsi gözlənilir. Ötən həftə maliyyə naziri Məhəmməd əl-Jadaan deyib ki, antikorrupsiya kampaniyasının gedişində əldə edilmiş vəsait dəyəri 13,3 milyard olan və Səudiyyə vətəndaşlarının qiymətlərin bahalaşmasına duruş gətirməsinə yardım göstərmək məqsədi daşıyan proqram üçün istifadə olunacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında antikorrupsiya kampaniyası kral Salmanın 32 yaşlı, oğlu vəliəhd Məhəmməd bin Salmanın təşəbbüsü ilə keçirilir.O, bu kampaniyanın onun, hakimiyyətini möhkəmləndirmək məqsədi daşıması barədə təhlilçilərin iddialarını "gülməli" adlandırıb. Vəliəhd bildirib ki, kampaniya gedişində həbs altına alınanların çoxu, 2017-ci ilin iyun ayında o, hakimiyyətə gəldikdən sonra ona sədaqətlik andı içiblər.
Maraqlıdır, antikorrupsiya adı altında Səudiyyə Ərəbistanı böhrandan bu yolla çıxırmı? Ümumiyyətlə, gedən proseslər nəyə dəlalət edir?
İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında Səudiyyə Ərəbistanında maraqlı proseslərin baş verdiyini deyib:
"Əslində elit təbəqə daxilində ciddi bir mübarizə gedir. Növbəti rəhbərin kim olacağı ilə bağlı elitalar arasında ciddi mübarizənin nəticəsi kimi antikorrupsiya adı altında yeni vəliəhd Məhəmməd bin Salman bir kampaniya başlatdı. O, potensial rəqiblərini bu ad altında həbs etdirdi. Həbsdən sonra onlarla danışıqlar masasına oturdu və onların bir çoxunun aktivlərinə əl qoyuldu. Burada söhbət 100 milyard dollardan gedir. Ehtimallar var ki, bu rəqəm iki dəfə artsın. Çünki hələ həbsdə saxlanılanlar var. Yeni vəliət həmin şahzadələrin, nazirlərin və biznesmenlərin maliyyə vəziyyətini zəiflətdi. Həmçinin vəliəhd öz siyasi hakimiyyətini möhkəmləndirdi. Təbii ki, Qərbdən dəstək almadan bunu etmək mümkün deyildi. Həbs olunanların böyük əksəriyyətinin qərb dövlətlərində, o cümlədən, ABŞ-da böyük aktivləri var. ABŞ-ın Dövlət Departamenti aparılan əməliyyatı yüksək qiymətləndirdi. Belə ki, Amerika bu prosesi dəstəkləyərək Səudiyyənin yeni bir dönəmə qədəm qoyduğunu açıqladı. Qərbdən gələn dəstəyi arxasına alan yeni vəliəhd bu addımları atmaqla əlavə bir fond da yaratdı”.
İqtisadçı qeyd edib ki, Səudiyyə Ərəbistanı post-neft dövrünə keçidlə bağlı qərar verib:
"Yaxın 12 ildə təqribən 1 trilyona yaxın investisiyalar qoyulacaq. 2030-cu ilə qədər Səudiyyənin tamamilə neftdən asılı olmayan bir vəziyyətə gətirilməsi hədəflənir. Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı alternativ enerjiyə ən çox yatırım qoyan ölkələrdən biridir. Səhralarda böyük günəş elektrik stansiyaları qurmağı planlaşdırırlar. Hesab edirəm ki, bu, doğru qərardır. Çünki demək olar ilin 365 günü günəşli havası olan bir ölkədə alternativ enerjidən istifadə olunmurdu. Artıq bunu həyata keçirməyi hədəfləyirlər”.
Natiq Cəfərli hesab edir ki, həm siyasi, həm də iqtisadi nöqteyi-nəzərdən yeni vəliəhd öz hakimiyyətini möhkəmlətmək üçün bu addımları atır:
"Əslində Ərəbistanda korrupsiya adı altında keçirilən əməliyyatları biznesə yönəldirlər. Yəni, korrupsiya əslində biznesin yox, məmurların əməli sayılmalıdır. Belə ki, dövlət vəzifəsindən istifadə edib pul qazananlar korrupsiyaya bulaşmış sayılır. Həbs olunanların əksəriyyəti iş adamları idi. Onlar kral Məhəmməd bin Salmana müxalif düşüncədə və səudi ailəsinin daxilində gedən proseslərdə vəliəhdin əleyhinə olan insanlar idi. Bu da siyasi bir mübarizə üsulu idi. Əlavə vəsaitin olması, yeni vəliəhdə ciddi işlər görmək üçün bir fond yaratmağa imkan verdi. Kral Salmanın əldə etdiyi milyardları islahatlara yönəltməsi gözlənilir. Qərb dövləti bunu dəstəkləyir. Əslində proseslərin böhranla birbaşa əlaqəsi yoxdur. Səudiyyə anlayır ki, neft erası bitmək üzrədir və post-neft dövrünə hazırlaşmaq lazımdır. Sistemə XXI əsrə cavab verən yeni idarəetmə modeli gətirmək lazımdır. Bütün bunlar gənc krala həvalə olunub. Kral Salman Amerikada təhsil alıb. Bu da Səudiyyədə yeni bir dönəmin başlanması üçün əsas yaradır”.
Şərhlər