Xəbər lenti

Liviyanın Baş Qərargah rəisinin təyyarəsi Ankarada qəzaya uğrayıb (VİDEO/YENİLƏNİB)
Dünya 23:51 23.12.2025

Liviyanın Baş Qərargah rəisinin təyyarəsi Ankarada qəzaya uğrayıb (VİDEO/YENİLƏNİB)

 Ankara Esenboğa Hava Limanından Liviyanın Tripoli şəhərinə uçmaq üçün havaya qalxan "Falcon-50” tipli biznes reaktiv təyyarə Ankaranın Haymana rayonu yaxınlığında qəzaya uğrayıb.
 
Bu barədə Qaynarinfo türk mediasına istinadən məlumat verir.

Türkiyə Daxili işlər naziri Ali Yerlikayanın açıqlamasına görə, təyyarə yerli vaxtla saat 20:10-da havaya qalxıb və saat 20:52-dən etibarən onunla əlaqə kəsilib. Nazir bildirib ki, hava gəmisindən Haymana ətrafında fövqəladə enişlə bağlı bildiriş alınıb, lakin bundan sonra təyyarə ilə yenidən əlaqə yaratmaq mümkün olmayıb.
 
Məlumata əsasən, quyruq nömrəsi 9H-DFJ olan reaktiv təyyarənin göyərtəsində Liviya Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli Əhməd əl-Həddadın da daxil olduğu beş sərnişin olub.
 
Son məlumata görə, Ankara şəhərində qəzaya uğrayan təyyarənin  qalıqları tapılıb. Təyyarənin düşmə anına aid görüntülər təhlükəsizlik kameralarında qeydə alınıb. Qəza zamanı güclü səs və partlayışın baş verdiyi bildirilir. Esenboğa Hava Limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayan təyyarənin radardakı son məlumatları da qeydə alınıb.
 
"Ankara Esenboğa Hava Limanından Tripoliyə uçmaq üçün havaya qalxan təyyarənin qalıqlarına Haymana rayonunun Kesikkavak kəndindən 2 km cənubda rast gəlinib" -deyə nazir Yerlikaya bildirib.
 

Rəsmi araşdırma başlandı


Ədliyyə naziri Yılmaz Tunç qəza ilə bağlı araşdırmalara başlanıldığını bildirib.


Nazir Tunçun açıqlamasında deyilir: "Ankara ‘Esenboğa’ hava limanından havaya qalxan, sərnişinləri arasında Liviya Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli Əhməd əl-Həddadın (Muhammad Ali Ahmed al-Haddad) da olduğu təyyarənin Haymana rayonunda qəzaya uğraması ilə bağlı Ankara Respublika Baş Prokurorluğu tərəfindən sorğu başlanılıb. Sorğu çərçivəsində bir baş prokuror müavini koordinasiyasında dörd respublika prokuroru vəzifələndirilib. Araşdırma bütün istiqamətlər üzrə və böyük diqqətlə aparılır.”


Əl-Həddad rəsmi dəvətlə Ankaraya gəlmişdi


Liviya Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli əl-Həddad bu gün Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlunun rəsmi dəvəti ilə Ankaraya gəlmişdi.


Malta qeydiyyatlı iş jeti


Təyyarənin Malta qeydiyyatlı "Harmony Jets” şirkətinə məxsus olduğu bildirilib. Ümumilikdə 10 sərnişin daşıya bilən təyyarədə qəza zamanı sərnişin olub-olmadığı hələlik məlum deyil.


Üç mühərrikli, Fransa istehsalçısı "Dassault”un dizayn etdiyi "Falcon 50” tipli təyyarə 6,5 saat havada qala bilir.

 
23:07
 
Türkiyədə Ankara Esenboğa hava limanından Liviyanın Tripoli şəhərinə doğru uçan "Falcon 50" özəl təyyarəsi ilə əlaqə kəsilib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddadın təyyarədə olduğu bildirilib.

Qeyd edib ki, Həddad bu gün Türkiyənin Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun qonağı olaraq Ankaraya gəlib və milli müdafiə naziri Yaşar Gülerlə də görüşüb.

Ankara hava məkanı hava hərəkətinə bağlanıb.

Sorğu

--> -->