Hüseynbala Səlimov
Ölkə 11:20 05.05.2021

Ölkədə yerli idarəetməni necə dəyişməli?..

Hüseynbala Səlimov 

Etiraf edək ki, artıq dəqiq yadımızda deyil, rüşvət üstündə və yaxud da büdcə vəsaitlərini mənimsədiyinə görə bu vaxta qədər neçə icra başçısı və ya icra aparatı əməkdaşı həbs olunub?

Hər dəfə belə hadisə baş verəndə ölkənin ağıllı insanları düşüncələrə dalırlar: necə etməli ki, belə hallar kəskin şəkildə azalsın?

Aydın məsələdir ki, idarəetmə sistemində qısa bir müddət ərzində hansısa qanunun köməyilə korrupsiyanı "ləğv etmək” mümkün deyil, amma əminik ki, sistemli tədbirlər nəticəsində onu ciddi şəkildə məhdudlaşdırmaq mümkündür. Bu, heç də təzə məsələ deyil, elə buna görə də artıq çox məşhur və maraqlı sxemlər var və onların hamısı yerli idarəetmənin genişləndirilməsini, o cümlədən də münisipalitetlərin özlərinin şəffaflığının artırılmasını nəzərdə tutur.
Bəlli bir məsələdir ki, bütün idarəetmə sxemlərinin başlıca prinsipi hakimyyətlərin bölünməsi, yəni onların qanunverici, məhkəmə və icra hakimiyyətlərinə ayrılması olmalıdır. 

Amma inkişaf etmiş Avropa və ya ümumiyyətlə, demokratik dövlətlərdə bura subsidiarlıq prinsipi də əlavə olunur ki, onun da mənası budur ki, aşağı səviyyələrdə həll olunan bilən bütün məsələlər onların səlahiyyətlərinə verilməlidir. Demək lazımdır ki, bu prinsipin dərin tarixi kökləri var. O, ilkin federalizm və liberalizm mədəniyyətlərilə bağlıdır və belə nəzərdə tutur ki, ali mərkəzləşmiş hakimiyyət öz üzərinə yalnız ümummilli funksiyaları götürməlidir.

Bilavasitə yeli özünüidarəetmə prinsiplərinə gəldikdə, onların da dərin kökləri var və onlar şəhər özünüidarəetməsi mədəniyyətiylə bağlıdır. Şəhər idarəetməsinin Avropada min illik tarixi var, çünki orada ilk öncə şəhər-dövlətlər yaranmışdı. Şərq ölkələrində şəhər idarəetməsinin ümumi sxemləri olmayıb, amma "Politika”nı yazan məşhur Aristoteldən sonra şərqli Fərabi ideal şəhər haqqında özünün məşhur traktatını yazmış və bu, Şərqdə bu qəbildən heç də yeganə cəhd olmamışdı.

Bizim post-sovet ölkələrinə gəldikdə isə, onların da özünəməxsus təcrübəsi olub. Bu ölkələr çar Rusiyasının tərkibində olanda onları şəhər dumaları idarə edirdi. Sovetlərin gəlişindən sonra onları yerli sovetlər - şəhər sovetləri əvəz etdi. Düşünmək olardı ki, sosialist rejimi çökəndən sonra yerli özünüidarəetmə hakimiyyətləri yeni kart-blanş alacaqlar. Ümumilikdə elə belə də oldu, amma heç də hər yerdə və hər vaxt yox.

Azərbaycanda "mer” sözü yerli munisipalitetlərdən əvvəl meydana çıxmışdı. Bir az əvvəldə qeyd etdiyimiz kimi, icra başçıları özlərini "mer” adlandırmağa başlamışdılar. Amma bir idarəetmə forması kimi munisipalitetlər Azərbaycan Avropa Şurasına daxil olandan sonra meydana çıxdı. O vaxt rəsmi Bakı bir xeyli öhdəlik götürmüşdü və bu öhdəliklər sırasında bələdiyyələrin yaradılması və onların da seçki yolu ilə formalaşdırılması vardı.

O vaxtdan iyirmi ildən çox keçib. Bu vaxt ərzində munisipalitetlər, necə deyər, özününkü olmalıdılar, hamı onlara Avropa Şurasının Azərbaycana sırıdığı bir qurum kimi baxırdı. Əlbəttə, onlara bəzi səlahiyyətlər verildi, amma bu illər ərzində icra aparatları və bələdiyyələr hər biri ayrılıqda fəaliyyət göstərib. Hazırda neqativ hallar onların hər birinin fəaliyyətində var. 

Əlbəttə, onların birləşməsilə bütün problemlər bir saat ərzində həll olunmayacaq. Amma əksər təhlilçilər bu fikirdədir ki, belə bir birləşmə nə vaxtsa baş verəcək: əsl, yəni seçkili mer institutları yaranacaq və onların yanında yerli parlamentlər, yəni munisipialitetlər olacaq, hansılar ki, merin fəaliyyətinə nəzarət edə biləcək və şəhərlərin problemlərilə bağlı əsl qərarlar qəbul edəcəklər...