Xəbər lenti

Ölkəyə ətinin kilosu 1000 dollara satılan inək gətirilir: bahalı pivə içir, masaj olunur
Ekonomiks 19:20 17.08.2019

Ölkəyə ətinin kilosu 1000 dollara satılan inək gətirilir: bahalı pivə içir, masaj olunur

Heyvanların süni yolla mayalandırılması onun məhsuldarlığını və dözümlülüyünü artırmaq məqsədi daşıyır.

Əsasən xaricdən gətirilənlərlə yanaşı Azərbaycanda yetişdirilən cins heyvanların süni mayalandırılması ilə bu sahə inkişaf etdirilir. Dünyada və ölkəmizdə ətə olan təlabatın artması az heyvan saxlamaqla çox məhsul almağı diktə edir. Buna görə də fermerlər cins heyvanlara üstünlük verirlər. 

Bu heyvanlar ətlik və südlük olmaqla fərqlənir. Əsasən qapalı şəraitdə bəslənən bu heyvanları saxlamaq adi vətəndaşa sərf etməsə də, fermer təsərrüfatı saxlayan şəxslər bu heyvanlara üstünlük verirlər. 

Bəs cins heyvanlarla yerli heyvanların ət və südü arasındakı fərq nədir? 

Qaynarinfo xəbər verir ki, Cebhe.info-ya açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin Respublika Süni Mayalandırma Mərkəzinin direktoru Ramiq Abbasov bu fərqi heyvanların daşıdığı genetik kodlardan asılı olaraq özünəməxsusluğu ilə əlaqələndirib:

"Elmdə genefond və adaptasiya deyilən terminlər var. Hər bir ölkənin öz genefondu var. O ölkədə yetişdirilən heyvanların ət və südündəki dad həmin ölkədə yetişdirilən heyvanların genetik kodlarından asılıdır. Bizə yerli heyvanın əti və südü necə xoş gəlirsə, cins heyvanları yetişdirən ölkələrə də o heyvanların ət və südü xoş gəlir. Azərbaycanda Qərb bölgəsində heyvan saxlayanlar düşünür ki, 5 inəyi varsa, onları meşəyə buraxacaq və inəklər günlərlə otlayıb qayıdacaq. Lakin cins heyvanlar xüsusi bəslənmə tələb etdiyi və ya baha olduğu üçün hər kəs saxlaya bilmir. Onlara xüsusi yemlər verilir, vaksinlər vurulur və s. Lakin bununla bərabər onların məhsuldarlığı da yerli heyvanlarınkından qat-qat çoxdur". 

Mütəxəssis bildirib ki, bu, həm də yemdən çox asılıdır: 

""Məhsul heyvanın ağzındadır". Yəni ona nə yem verirsənsə, o tərkibdə də məhsul alırsan. Baxmayaraq ki, dağın yamaclarında, düzənliklərdə bitən otları yeyən heyvanın əti və südü cins heyvanınkından daha dadlıdır, ancaq torpaqların getdikcə özəlləşdirilməsi, otlaq sahələrinin qıtlığı cins heyvanlar saxlamağı tələb edir. Amma bununla bərabər yerli genefondu da qorumaq lazımdır. Bir Avropa cinsi olan inəkdən gün ərzində 30-40 litr süd əldə etmək olur. Dünya institutları bunun sübut edib ki, süni mayalanma yolu ilə dünyada ət ehtiyacını təmin etmək olar. Yerli heyvana verilən yemləri cins heyvana versək də, eyni dadlı məhsulu ala bilmərik. Çünki burada irsiyyət rol oynayır. İrsi daşıyıcılar və genetik inkişaf alınan məhsulda dad fərqinin yaranmasını şərtləndirir. Bir də bu cins heyvanların ətlik və südlük cinslərindən asılı olaraq süd və ətində fərq olur. Yəni əgər biz südlük heyvana 10 kq güclü yem veririksə, heyvan bu yemin 90%-ni südə, 10%-ni isə bədənin inkişafına sərf edəcək. Onlar sanki bir süd makinası kimi hazırlanıb. Bir gün bu heyvana gündəlik normadan az süd almaq üçün az yem verilərsə, o zaman həmin heyvanın taqətsizlikdən dizi qatlanır və  çökür. Ətlik cinsdə isə bunun əksi olacaq. Yəni yemin 90%-ni ətə, 10%-ni isə südə verəcək. Bu gün dünya bazarında "mərmər ət" deyilən ət var. Bu, "Kobi" cinsindən olan inəkdən və Yaponiyada saxlanılan "Vaqiu" inəklərindən alınır. Ət sanki mərmərə bənzəyir. Bu səbəbdən əti "mərmər mal əti" adlandırırlar. Buna səbəb heyvanların xüsusi qulluq və saxlanma şəraiti tələb etməsidir. Bu inəklər seçilmiş otlar və buğda ilə qidalanırlar, premium sinfinə məxsus bahalı pivə içir və stressə qarşı masaj edilirlər. Bu, həm də yağın onların bədənində bərabər paylanmasına kömək edir. Bu ətin bir kiloqramı 1000 dollardır. Ətin tərkibini əsasən zülallar, yağlar, karbohidratlar, mineral duzlar və vitaminlər təşkil edir".

Həmsöhbətimiz bildirib ki, "Gilan Holding" bu heyvan cinslərindən Azərbaycana gətirəcək və artıq sifariş verilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->