Aqşin YENİSEY
Ölkə 15:32 19.02.2021

Ölüm “bərbad qlobal xəstəlik”dir, onun müalicəsi tapılacaq…

qşin Yenisey

Din kasıbın elmi, elm zənginin dinidir

Dində şou elementləri çoxdur. Qədim dinlərdə lap çox idi. Bu da inancın emosional effektini artırmaq üçündür. Müasir dinlər sxolastikadan buna görə imtina etdilər. Quru mülahizələrlə heç bir din bu gündən sabaha sağ çıxmaz. 

Tanrı qarşısında insan teatral olmalıdır, rol oynamalıdır, çünki ona kainatın ən kamil gözü tamaşa edir. İnanclı insanlar təkbaşına səhrada olsa belə, o mütəvazi ibadət mono-tamaşasını qurmalıdırlar. İnanc görüntülü olmalıdır. Batini inanc qəlbi ilə deyil, ağlı ilə inananların uydurduğu bir şeydir. Batini eşq yoxdur, eşq varsa, teatr var, tamaşa var, şou var. Eşq varsa, ağıl yoxdur, qəlb var, duyğu var, emosiya var... 

Din mövzusunda hər dəfə bir qalmaqal düşəndə fikirləşirəm ki, bu mübahisə ta ölümsüzlüyün resepti patentləşdirilənə qədər davam edəcək. Çünki hər bir din bu və ya digər formada gücünü ölüm düşüncəsindən alır. Ölüm insanda artıq ibtidai instinkt deyil, ali fikirdir, fəlsəfi düşüncədir, siyasi ideyadır.   
Ölünün də özünəməxsus əxlaqı var. Vitgenşteyn hər nə qədər ölümün dünyaya aid bir akt olmadığını iddia etsə də. 

Məsələn, ölü əxlaqı deyir ki, ölünün dalınca danışmazlar; bu mənə görə, didaktik yox, praktik yanaşmadır. Ölünün dalınca hər hansı bir fəaliyyət formasının əhəmiyyətsizliyinə işarədir. Toydan sonra nağara məsələsi… 

Düzdür, bir çox dinlərdə ölülərin sözü və səsi eşitdiyinə inanılır. Uzaq Şərq şamanları, Amerika hinduları, Tibet kahinləri belə bir empirik təcrübəyə inanırlar ki, ölənin ruhunu səsləməklə, cansız bədəninin qulağına bir şeylər pıçıldamaqla onu yenidən həyata qaytarmaq olar. Hətta ölünün arxasınca qaval çalmaq kimi məşhur bir şaman ayini də var. Yəni tanrısız dinlərdə toydan sonra nağaranın əhəmiyyəti var.    

Bütün Latın Amerikası ədəbiyyatını astek-mistik dumana bürümüş Xuan Rulfonun "Pedro Paramo” romanı da hindu inancına əsaslanan ruh axtarışı üzərində qurulub. 
Ruhların ölümsüzlüyü inancı möhtəşəm bir bəşəri motivasiyadır.  

 Yazı tarixi bir arzunun axtarışı ilə başlayır. "Gılgamış” mətnlərində qardaşının ölümündən sarsılan və ölümdən qorxmağa başlayan Gılgamış ölümsüzlüyün sirrini tapmaq üçün uzun və təhlükələrlə dolu səyahətə çıxır. 

Yazının özü də ortaya insanın ölümsüzlüyü axtarmağa başlaması ilə çıxır. Ölümsüzlük axtarışının ölümsüzləşdirilməsi üçün. Gılqamış, ümumiyyətlə, mif şairdir. İlk mətn şeirdir.    

İlk tanrılar realist idilər, Gılqamışın qoltuğuna qarpız vermirlər, ona ölümsüzlüyü heç yerdə tapa bilməyəcəyini, insanların ölümlü doğulduğunu, ölməzliyin isə tanrılara aid fövqəl bir imtiyaz olduğunu söyləyirlər. Gılgamış sözündən dönmür, axırda Utnapiştim adlı bir adamın tanrıların arasında qəbul edilən və ölümsüzlüklə mükafatlandırılan yeganə insan olduğunu öyrənir. Utnapiştimi tapır ki, bir növ, insanoğlunun qohumbazlıq ideyalarını yada salıb, özünü tapşırtdırsın, ancaq ilk bürokratik səriştə ilə başının ağrımasını istəməyən Utnapiştim də kömək edə bilməyəcəyini göstərən bir məmur utancaqlığı ilə Gılgamışa tanrıların söylədiyini təkrar edir: Qayıt evə və əcəlini gözlə.

Rəvayətə görə, oxşar axtarışla Oğuz şamanı, zəmanəsinin intellektual adamı Dədə Qorqud da özünü yorur; uzun müddət ölümdən qaçmaq istəyir, amma hara getsə, ona qəbir qazan bir qırsaqqıza rast gəlir. Nəhayət, dastana görə, 295 il Əzrayılı öz arxasınca avara-sərgərdan edən Dədə özü üçün qazılmış qəbirlərdən birinin yanında oturaraq canını tapşırır.

Mövlanənin "Məsnəvi”sində və ondan əvvəl Fəridəddin Attarın "İlahinamə”sində bağdadlı tacirlə Süleyman peyğəmbər arasında baş verən rəvayət də çox məşhurdur. Tacir Süleyman peyğəmbərə Əzrayılı gördüyünü və ölüm mələyinin ona çəp-çəp baxdığını söyləyib ondan xahiş edir ki, küləyə taciri buralardan çox uzaqlara, Əzrayılın əli çatmayacaq Hindistana aparmasını əmr etsin. Peyğəmbərin əmri ilə külək bir anda vıyıldayıb taciri göstərilən ünvana çatdırır. Həmin gün Əzrayılı görən peyğəmbər ona nə üçün bağdadlı tacirə çəp-çəp baxdığını soruşur. Əzrayıl isə "mən ona təəccüblə baxdım ki, Bağdada necə gəlib çıxıb, çünki idarədə (oxu; haqq dərgahında) mənə verilən bu gün canı alınacaq adamların siyahısında onun yeri Hindistan olaraq göstərilmişdi. Əzrayılın gözündən Hindistana qaçdığını düşünən bağdadlı tacirin heç ağlına da gəlməzdi ki, öz ayağı ilə ölümün hüzuruna gedir. 
Mövlanə bu əhvalatda ölümdən qaçışın mümkünsüzlüyünü bir qorxu mənbəyi kimi təsvir etsə də, özünün metafizik fəlsəfəsində ölümü gerçək aləmə aparan keçid yolu, aşırım, körpü kimi bir şey adlandırır. Mövlanəyə görə, real dünya doğulub yaşadığımız məlum dünya deyil, ölüb yaşayacağımız məchul dünyadır.  

Tarixi mənbələrə görə, Çingiz xan, Makedoniyalı İsgəndər kimi fatehlər də totalitar qorxuların ən təbiisi olan ölüm duyğusu qarşısında üyütmüş və ömürləri boyu ölümsüzlük iksirini tapmağa can atmışlar. 

Saramaqo "Təxirə salınmış ölüm” romanında ölümsüzlüyə ironiya edir; insanlara ölümsüzlük verilib, amma sağlamılıq yox. Hamı xəstədir və bu dəfə ölüm arzulayır. Əzrayılın gəlişi baharın gəlişindən daha mübarək bir həsrət… Tanrı insanları ölümsüzlük tələsinə salıb. 

Kasıblarla zənginlərin ölümsüzlük istəkləri də forma və məkanca fərqlidir. Kasıb ölümsüzlüyü başqa bir dünyada arzulayır və yaşadığı dünyadan imtina edəcəyi halda ona qovuşacağına inanır, daha doğrusu, buna inandırılır. Hazırkı bədəndən uzaqlaşma, yola çıxma, itkin düşmədir kasıbın ölümsüzlük anlayışı. Bir başqalaşmadır, yeni forma əldə etmədir ölüm. Kasıb indiki halı ilə cəzalandırıldığını, ən yaxşı halda sınandığını düşünür. Başqalaşma xilasdır. 
Reinkarnasiya inancı möhtəşəm bəşəri motivasıyadır.   

Zəngin ölümsüzlüyü real həyatının davamı kimi görür, onu bədəninin ölümsüzlüyü maraqlandırır. O öz zənginliyini indiki halının mükafatı, lütfü kimi görür. Başqalaşma zəngini əndişələndirir. Ona görə də burjua dəyişikliyi sevmir, özünə məxsus olan hər şeyi doqmalaşdırır, bütləşdirir, zamana qarşı qalalaşdırır, qalınlaşdırır.

Odur ki, din kasıbın elmi, elm zənginin dinidir. Kasıb ruhunun, zəngin isə bədəninin ölümsüzlüyünə sərmayə yatırır.

Miflər dövrünə fikir versək, ölümsüzlüyə can atanların krallar, fatehlər, ölü yeri, tacirlər olduğunu görəcəyik. Gılgamış kral idi, Çingiz xan öz dövründə məlum olan dünyanın sahibi idi, Süleyman peyğəmbərin küləyinə minib Hindistana uçan şəxs isə tacir idi. Onların heç biri ölmək istəmirdilər. Çünki hakimiyyətləri və pulları var idi. Mifləri dinlər əvəz etdikdə isə vəziyyət dəyişdi; bu dəfə ölümsüzlük kasıblara təklif və vəd olundu.

Halbuki ölümsüzlük anlayışı bir şeytan yalanıdır, çünki ilan cildinə girmiş şeytan Həvvanı cənnətdə qadağan olunmuş meyvəni yesələr, ölümsüzlük qazanacaqları yalanı ilə aldadaraq ilk külfəti cənnətdən dərbədər etmişdi. Yəni insanlara burada əbədi həyat vəd olunan cənnətin özündə belə ölüm vardı və ölümsüzlük iddiası orada bağışlanmaz bir yalan və günah idi. Tanrı Adəmə belə bir söz verməmişdi. 

Bu gün artıq ölümsüzlük məsələsi mifologiyanın əhvalatı, dinin xurafatı deyil, elmin icraatıdır. Elm insana bu dünyada ölümsüzlük vəd edir. Amerikalı bioloq Uilyam Xazeltin elmin adından bəyan edir: "Həyatın təbii xassəsi ölümlülük deyil, ölümsüzlükdür. DNT ölümsüz molekuldur. Bu molekul öz eynisini yarada-yarada günümüzə gəlib çatdı... Əvvəl ömrümüzü iki, ya da üç dəfə uzadacağıq. Bəlkə də beyni kifayət qədər yaxşı anlaya bilsək, bədənimizin və beynimizin ömrünü müddətsiz olaraq uzada biləcəyik. Mən bunun təbiətə zidd bir şey olduğunu düşünmürəm”. 
   
Ölümü "bərbad qlobal xəstəlik” adlandıran amerikalı fizik Riçard Feynman isə azərbaycansayağı desək, gələcək nəsillərin qoltuğuna belə bir qarpız verir: "Biologiyada ölümün qaçılmaz olduğuna işarə edən bir şey hələ ki, tapılmayıb. Bu, məndə, ölümdən qaçmağın mümkünsüz olmadığı və bizə dərd verən şeyin, sadəcə, zamana ehtiyacı olan bir kəşf olduğu, bu bərbad qlobal xəstəliyin və ya insan bədəninin müvəqqəti olması məfhumunun gec-tez müalicə ediləcəyi hissini yaradır”.

Yəni Feynman inanır ki, insan bədəni gec-tez arxasında istifadə müddəti göstərilmiş məhsullar siyahısından çıxarılacaq.  

İnsanların ölümsüzləşdirilməsi ideyasını reallaşdırmağı hədəfləyən "Google Ventures” sərmayələrinə rəhbərlik edən amerikalı gənc kapitalist, Bill Maris də insanların uzaq olmayan gələcəkdə 500 il yaşayacağına inandığını söyləyir.

Bununla yanaşı, bəziləri ölümsüzlüyün yer üzündə insanın başına gələ biləcək ən böyük fəlakət olacağını söyləyərək, heç ölməyən, bir ucdan çoxalmağa davam edən insanın harada yaşayacağından əndişə edirlər. Bu gün belə bir milyarda yaxın vələmyesirin ac olduğu dünyada ölümsüz insanlar nə yeyib, nə içəcəklər deyə onlarla cavaba ehtiyacı olan suallar var ortada. 

Hər dəfə dini mövzularda qalmaqal düşəndə mən ölümsüzlük haqqında Pikasso kimi düşünürəm: "Təsəvvür edilə bilən hər şey reallıqdır”.