Çingiz Səfərli
Dünyanın dahi kimi tanıdığı Lütfi Zadənin son günlər sosial şəbəkələrdə cılız və məzmunsuz söhbətlərə mövzu olması qədər iyrənc bir şey ola bilməzdi.
Bunu biz etdik. Hamımız. Birlikdə. Yığışdıq və o böyüklükdə alimi alçaltdıq, təhqir etdik. Bəli, alçaltmaq başqa necə olur ki? Kimiləri capslar paylaşaraq postlarına bir az gülüş smayliki yığdı, kimiləri səhifələrinə düşük zarafatla üzdəniraq oxucu auditoriyası topladı.
Nə var, nə var, bəs Ömər Eldarov kişinin heykəlini bu formada düzəltməməli idi. Dərvişindən tutmuş şairinə, müğənnisindən fəhləsinə, çobanına, alverçisinə qədər hamı bir anda başımıza heykəltaraş kəsildi.
Yazdıqları da bir şey olsa, deyəsən dərd yarı. "Mən olsam belə etməzdim", "filan cür olmalı idi", nə bilim "elə olmalı idi", "belə olmalı idi", "Kişi o böyüklükdə işlər görüb" və s. Amma gəl ki, soruşanda Lütfi Zadə kim olub, ağzından şorra tökülür. Yaxşı halda iki kəlməni düzüb danışa bilmir, pis halda da ümumiyyətlə tanımır.
Hər şey bir qırağa Lütfi Zadə indi rahatdı. Ən azından vəsiyyətinə əməl edilərək vətən torpağında dəfn olundu.
Olmazdımı ki, ölümünün 1 illiyində nəzəriyyələri barədə söhbətlər aparılsın, tədbirlər keçirilsin, mühazirələr səslənsin. Əlimizdən gəlirdisə, bəlkə bir film çəkəydik. Amma dünya səviyyəli bir film. Daha, onun abidəsinin pornoqrafiq səhnələrə montaj edilməsi kimi axmaq işlərlə məşğul olmayaydıq.
Amma bilirəm ki, onu da bacaracaq potensiala sahib deyilik. Çünki, səviyyəsiz yumor janrlı filmlərimizə baxanda görünür ki, biz hələ qarşıdakı 100 ildə də bir baltaya sap ola bilməyəcəyik.
Bilirsizmi o abidə indi nə deyir?
Deyir ki, "O böyüklükdə elmin qapısını araladım, dünya məni tanıdı, saydı, sevdi. Onlar mənə alim münasibəti göstərdi, həmvətənlərim isə o məlum məmurun adlandırdığı kimi "fındıqbaş kişi"".
Məncə utanaq. Heç olmasa bunu bacaraq...
Şərhlər