Foto 15:07 06.04.2020

Marketlərdə “od qiymətinə” tibbi spirt satışına başlandı (FOTO/AÇIQLAMA)

Bakıda apteklərdə tibbi spirt tapmaq müşkülə çevrilsə də, artıq bəzi marketlərdə satışına başlanıb. 

Qaynarinfo Musavat-a istinadən xəbər verir ki, paytaxtın Yasamal ərazisindəki marketlərdən birində buna şahid olduq.

Marketlərdə tibbi spirt satılmasına icazə olub-olmadığını dəqiqləşdirə bilməsək də, 2 manata satıldığını öyrəndik. 

Kassaların qarşısında qoyulan 95 faizli spirtlər plasmas qablarda satışdadır. Amma qiyməti apteklərdən iki-üç dəfə çox bahadır.

Apteklərdə tibbi spirtlərin qimyəti 50-70 qəpik arasında dəyişir. Əslində, hazırda tibbi maska qıtlığı daha çox yaşanır, nəinki spirt.

Bununla belə, apteklərdə spirt tapmaq da elə asan deyil. Ona görə artıq marketlər vəziyyətdən istifadə etməyə başlayıblar. 

Satıcılardan soruşanda dedilər ki, məqsəd insanların tibbi spirt axtarışına çıxanda əziyyət çəkməməsini təmin etməkdir. 

Onlar spirtin niyə 2 manata satılmasına izah verə bilməsələr də, alıcılıq qabiliyyətinin normal olduğunu qeyd etdilər. 

Satıcıların sözlərinə görə, bu ideya rəhbərlikdən gəlib və tibbi maskaların da marketlərə ayaq açacağı istisna edilmir.

Amma bir çox supermarketlərdə, ərzaq mağazalarında tibbi spirt satılmasına rastlaşmamışıq. Hətta şərab dükanlarında da satışı yoxdur. Görünür, bu da yeni biznes növüdür, bəzi marketlər baş vurub.

İqtisadçı - ekspert Natiq Cəfərli isə Musavat.com-a alkoqol lisenziyası olan marketlərdə tibbi spirt satışına heç bir məhdudiyyət olmadığını açıqladı. 

Onun sözlərinə görə, bu normal bir haldır və həmin marketin spirtli içki satış lisenziyası varsa, tibbi spirt satmasında qanundan kənar heç nə yoxdur.

Qeyd edək ki, tibbi praktikada etil spirti xaricə antiseptik və qıcıqlandırıcı vasitə kimi sürtmə və kompreslər şəklində istifadə olunur.

Tibbi spirt istehsal etmək asandır, çünki müxtəlif filtrasiya və emaldan keçmir. Tibbi xammal istehsalında təmiz su və etil spirti əlavə olunur.

Tibbdə dərəcə 40% -dən 95% -ə qədər artır. Sadəcə su əlavə etməklə konsentrasiyasını dəyişə bilərsiniz.

İstehsalının asan olması baxımından tibbi spirt qida spirtindən daha bahalıdır. Axı bunun üçün çox sayda lisenziya və xüsusi avadanlıq tələb olunur. 

Martın 21-dən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə "Metil spirti zəhərlənməsi" diaqnozu ilə ümumilikdə 13 nəfər müraciət edib.

Bu barədə Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, həmin şəxslərdən 8-i ölüb. Toksiki məhlulun qəbulu 30 ml-dən çox olanda ölümə səbəb olur.