MBNP-dən Mərkəzi Banka miras qalan yarımçıq yol xəritəsi...

MBNP-dən Mərkəzi Banka miras qalan yarımçıq yol xəritəsi...

Prezident İlham Əliyevin 28 noyabr tarixli sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib və Azərbaycan qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri Mərkəzi Banka verilib. 

Palatanın maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı MB-yə həvalə edilib. Bunlardan başqa həm də qurumun bir sıra yarıtmadığı fəaliyyətlər də Mərkəzi Banka miras qalıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində artıq ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasına dəqiq icra müddətinə bağlı konkret tapşırıqlar verilmişdi. Təəssüf ki, onların əksəriyyəti icra olunmayıb. Xüsusilə "Məlumatların açıqlanması mexanizmlərinin müəyyən edilməsi”, "Sistem əhəmiyyətli bankların tənzimləmə mexanizminin müəyyən edilməsi”, "Milli reytinq agentliklərinin yaradılması imkanlarının qiymətləndirilməsi” və s. bu kimi bəndlərin icrası istiqamətində MB tərəfindən hansı addımlar atılacaq? Bu bəndlərin yerinə yetirilməməsi sektorda hansı problemlərin yaranmasına səbəb olub və nəticələr necə aradan qaldırılacaq?



Hazırda təhvil-təslim prosesi getdiyindən Mərkəzi Bankdan bu mövzu ilə bağlı mövqe almağın mümkünsüzlüyünü nəzərə alıb məsələni ekspertlər müzakirə etdik. 

Hüquqşünas Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirdi ki, əslində yol xəritələri dövlət orqanları səviyyəsinə yada salınmır: "Hətta 12-ci xəritə haqqında 3 ildir fərman verilməsinə baxmayaraq, hələ dərc olunmayıb. Bu, neft sektoru ilə bağlı olan strateji yol xəritəsidir. Yəni həmin xəritələrdən ən aktualı maliyyə sektoru ilə bağlı olandır. O sənəddə demək olar ki, vaxtı çatmış tapşırıqların çoxu icra olunmayıb. Məsələn, ötən ilin sonuna bank sistemində sağlamlaşdırma bitməli idi. Artıq 2019 bitir, hələ də o bənd icra olunmayıb. Formal olaraq əlbəttə bunlar hamısı Mərkəzi Banka keçirilib. Mərkəzi Bankd da təbii olaraq deyəcək ki, problem mənlik deyil, mən əvvəldən olmamışam. Əgər xəritələrə dəyişiklik olarsa o zaman Mərkəzi Bankdan soruşmaq olar. Sənədə dəyişiklik olmaması o deməkdir ki, artıq əhəmiyyətini itirib o tapşırıqlar. Məndə məlumat var ki, MB sədrinin birinci müavini Alim Quliyevin sədrliyi ilə hazırda palatada təhvil-təslim prosesi gedir. Mən inanmıram ki, proses bu ilin sonuna bitər. Bilirik ki, bu problemləri yaradan məhz Mərkəzi Bank olub. Amma indi qurum deyə bilər ki, tapşırıqlar mənim öhdəliyim deyil”.



Ə.Həsənovun sözlərinə görə, "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapan "Milli reytinq agentliklərinin yaradılması imkanlarının qiymətləndirilməsi” bəndi sektor üçün mühüm əhəmiyyət kəsb edir:
 
"Reytinq agentliklərinin olması əlbəttə yaxşı haldır. Bizdə niyə normal bazar iqtisadiyyatı yoxdur? Çünki bazar subyektlərinə etibar yoxdur. Etibar da ona görə yoxdur ki, maliyyə hesabatlarının demək olar ki, 99 faizi təhrif olunub, şəffaflıq yoxdur. Hətta bizdə şirkətlərin təsisçiləri haqqında məlumat da kommersiya sirridir. Dünyanın heç bir normal ölkəsində belə şey yoxdur. Reytinq agentliyi də ən azı üzdə olan məlumatlara əsasən qiymət verir. Əgər sən bilirsənsə ki, bunun xərcləri haqqında məlumat düzdür, verdiyi maliyyə hesabatları təhrif olunmayıb, onda qiymət verə bilərsən. Bütün ölkələrdə var belə hallar. Amma bizdə ucdantutmadır, bilirik ki, hamının maliyyə hesabatı təhrif olunub, vergidən yayınma var, kölgə iqtisadiyyatı var. Onda reytinq agentliyi nəyin əsasında reytinq verəcək? Bəli, indi kölgə iqtisadiyyatı ilə mübarizə başlayıb, ötən il, bu il Vergi Məcəlləsinə və s. edilən dəyişikliklər ümid verir ki, bir neçə ildən sonra reytinq agentliklərinin fəaliyyətinə inam yaranar. Hamı bilər ki, onların verdiyi məlumatlara etibar etmək olar. Hazırda ölkədə nə qədər qiymətləndirici şirkət var, amma heç kim etibar etmir onlara. Eləcə də hazırkı şəraitdə reytinq agentlikləri yaradılsa inam olmayacaq onlara”.

Qaynarinfo-nun İqtisadiyyat şöbəsi
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR