Ölkə 13:43 22.05.2020

Mədəniyyət nazirini əvəz edən şəxs kimdir: Keçmiş icra başçısı və...

Xəbər verdiyimiz kimi, Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrası nazir müavininə tapşırılıb. Bu gündən nazirin səlahiyyətlərini Mədəniyyət nazirinin birinci müavin Vaqif Əliyev icra edir.
 
Qaynarinfo HİT.Az-a istinadən xəbər verir ki, Vaqif Qədir oğlu Əliyev 1953-cü il iyul ayının 17-də anadan olub.
 
1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1975-1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləyib. 1982-1988-ci illərdə Azərbaycan Dövlət Universiteti komsomol komitəsinin katibi, 1988-1994-cü illərdə BDU-nun fizika fakültəsində baş müəllim vəzifəsində çalışıb.

1994-2003-cü illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin birinci müavini vəzifəsində işləyib.
 
2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub.
18 fevral 2011-ci il Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Vaqif Əliyev mədəniyyət və turizm nazirinin birinci müavini təyin olunub.
 
Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli Sərəncamına uyğun olaraq, Vaqif Qadir oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.
 
Vaqif Əliyev həm də fizika-riyaziyyat elmləri namizədidir.
 
Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, məşhur "91”lər müaraciətinin təşəbbüskarlarındandır.

Partiya yaranan gündən onun İdarə Heyətinin üzvüdür.