Penitensiar müəssisələrdə cəzaçəkmə müddətini başa vuran şəxslərin sosial həyata adaptasiya olunması istiqamətində ciddi problemlər var.
Bunu Trend-ə açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib. Onun sözlərinə görə, təkrar cinayətlərin baş verməsinin əsas səbəblərindən biri də məhz cəzasını çəkmiş şəxslərin cəmiyyətə inteqrasiya ola, sosiallaşa, iş yeri və qazanc əldə edə bilməmələridir: "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqda qanun var. Bu qanunda həmin şəxslərlə bağlı dövlətin, yerli və mərkəzi icra hakimiyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin üzərinə hansı vəzifələrin düşdüyü göstərilib. Bundan başqa, cəzasını çəkmiş şəxslərin hansılarının ki, yaşamağa yeri yoxdursa, onlar üçün yataqxananın tikilməsi də nəzərdə tutulurdu. Bu yataqxana yalnız onların qalması üçün deyil, həmçinin orada resosializasiya məsələlərinin həyata keçirilməsi planlaşdırılmışdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də üzərinə yeni iş yerlərinin, müvəqqəti iş yerlərinin, ictimai işlərin təşkili ilə bağlı məsələlər düşür. Hazırda bu sahədə mövcud qanunun çox hissəsi işləmir. Qobustanda yataqxana tikməyə başlamışdılar, lakin vəziyyətin nə yerdə olduğu barədə məlumatım yoxdur. 10 ildən çox vaxt keçir, lakin bu istiqamətdə ciddi əməli addım atılmayıb".
Ekspert bildirib ki, əvvəllər QHT-lər resosializasiya layihələri həyata keçirirdi, lakin indi belə maliyyələşmə yoxdur: "QHT-lər kifayət qədər zəiflədiyindən belə layihələri icra etmək gücündə deyillər. Tək-tək hansısa layihələr icra olunmuş ola bilər. Amma dövlət bu sahədə müəyyən iş görüb. Birdəfəlik müavinətin verilməsi üçün elektron müraciət sistemi yaradılıb. Ehtiyacı olanlara birdəfəlik müavinət verilir. Məşğulluqla bağlı müəyyən cəhdlər olub, lakin ciddi nəticələri yoxdur".
Sahib Məmmədov onu da əlavə edib ki, digər tərəfdən, belə şəxslərə qarşı cəmiyyətdə gizli diskriminasiya var: "Onların işə qəbulundə müəyyən çətinliklər özünü göstərir. Məsələn, bir nəfər 5 dəfə narkotik maddələrin saxlanılması və istifadəsinə görə mühakimə olunub. Kollektivlərin çoxu belə bir insanla iş yoldaşı olmaq istəmirlər. Yaxud da dəfələrlə oğurluğa və dələduzluğa görə mühakimə olunanlar və ya şəxsiyyət əleyhinə ağır cinayətlər var. Dünyanın əksər ölkələrində belə insanlara qarşı gizli diskriminasiya mövcuddur. Bununla bağlı layihələrin həyata keçirilməsi effekt vermir. Heç kəs kriminal keçmişi olan şəxslərlə bir mühitdə olmaq istəmir. Bu problem bizdə də aktual olaraq qalır. Təbii ki, bu, bütün cəza çəkmiş şəxslərə aid deyil, amma hər halda, əksəriyyətinə qarşı belə münasibət var".
Şərhlər