Ekonomiks 15:52 02.12.2020

Mehri dəhlizi Bakı-Qars layihəsinə necə təsir edəcək? (ŞƏRH)

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr bəyanatı fonunda gündəmə gələn Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək Mehri dəhlizindən tranzit yüklərinin daşınmasının iqtisadi tərəfləri ciddi müzakirə mövzusuna çevrilib. Belə ki, Azərbaycanla muxtar respublika arasında dəmiryolu əlaqələrinin bərpasından sonra Bakı-Tiflis-Qars layihəsinin səmərəliliyinin aşağı düşəcəyi deyilir. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin  analitiki Aminə Bayramova hesab edir ki, gələcəkdə Naxçıvan ərazisindən keçəcək quru yolu xətləri Bakı-Tiflis-Qars dəmir yolu xəttinin uzunluğundan 1.7 dəfə, təxminən 343 km az olmaqla daşınmaların xərcini və müddətini azaldacaq və Naxçıvan nəqliyyat qovşağı Bakı-Tiflis-Qars dəmir yolu xəttinə komplementar olmaqla, Mərkəzi Asiya və Avropa arasında körpü rolunu oynayacaq. 

İqtisadçı ekspert Rövşən Ağayev isə hesab edir ki, Mehri dəhlizinin Bakı-Tiflis-Qars dəmir yolu xəttindən səmərəli olacağını indi qiymətləndirmək çətindir:
"Geniş araşdırma və dəyərləndirməyə ehtiyac var. Hər iki xətt üzrə dəmir yolu dəmir yolu ilə, avtomobil yolu avtomobil yolu ilə müqayisə edilməlidir.
Bir müqayisə deyim: Naxçıvan vasitəsilə Bakı-Türkiyə arasında məsafə avtomobil yolu üçün təxminən 750 km-dir.

Gürcüstan vasitəsilə məsafə isə təxminən 930 km-dir. Yəni göründüyü kimi, fərq heç də 1.7 dəfə yox, ən yaxşı halda 15%-lik bir fərqdən söhbət gedir.
Gürcüstan marşrutunun ən böyük üstünlüyü odur ki, Türkiyə və ordan Avropaya birbaşa dəniz xəttilə də çıxmaq olur. Lakin Naxçıvan marşurutu ilə dənizə çıxış üçün daşınan yüklərin Qarsdan boşaldılıb-yenidən yüklənmə nəticəsində avtomobil yolu ilə çatdırılmasına ehtiyac var.

Hər 2 yolun öz üstünlükləri və çatışmazlıqları var”. 

İqtisadçı ekspert Fuad İbrahimov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Ermənistan ərazisi Gürcüstanla müqayisədə meqa-layihələrin səmərəliliyi baxımından daha sərfəlidir: 

"Ümumiyyətlə, Ermənistan üzərindən hər hansı bir layihə çəkilərdisə, daha səmərəli olardı. Ermənistan bizlə xoş qonşuluq münasibətləri qursaydı, Azərbaycan meqa-layihələrini Gürcüstan üzərindən həyata keçirməzdi. Çünki Ermənistan ərazisi iqtisadi və relyef cəhətdən daha əlverişlidir. Sadəcə, bədnam siyasətləri səbəbindən Gürcüstan ərazisindən istifadə etdik. İcra mexanizmi həyata keçirilsə, Mehri dəhlizi Bakı-Qars dəmiryolu xəttindən daha əlverişli ola bilər. Sizə bir tarixi faktı deyim. Ötən əsrin əvvəllərində rusların çəkdiyi Gümrü-Qars dəmiryolu xətti olub və I Dünya müharibəsində istifadə edilib. İqtisadi baxımdan da əlverişli idi. Lakin müharibənin nəticələrinə görə, həmin xəttin fəaliyyəti dayandırılmışdı. Əgər Ermənistan siyasəti sağlam olsa və Qars-Gümrü-İrəvan-Naxçıvan-Mehri-Bakı xəttini hərəkətə gətirə bilsələr, bu onların iqtisadi cəhətdən problemli durumdan çıxmasının yeganə yolu olacaq. Mehri dəhlizi istənilən halda Azərbaycan üçün əlverişlidir. Amma biz ilk növbədə infrastrukturu qurmalıyıq. Bu infrastrukturu qurmaq üçün xüsusi yanaşmalar olacaq. Çünki Ermənistanın İrana çıxışı həmin ərazidən olduğu üçün bu dəhlizdə infrastruktur xüsusi tunel və körpülərlə qurulmalıdır ki, qarşı tərəflə kəsişmə olmasın. Əgər dəhliz işlək vəziyyətə gətirilsə, bu, Azərbaycanın ən uğurlu layihələrindən biri olacaq. Həm də bu dəhlizin siyasi tərəfləri var. Türkiyə də bu dəhlizdən istifadə edib, Rusiyanın mərkəzi və şərqi vilayətlərinə Azərbaycan vasitəsi ilə birbaşa çıxış əldə etmiş olacaq. Bu da Türkiyə üçün çox önəmlidir. Çünki bu ərazilərdə Çin məhsulları ilə sağlam rəqabət yaratmış olacaq…”

Orxan Əhmədli