Xəbər lenti

Məktəblərdə direktor vəzifələri niyə boş qalır? (ŞƏRH)
Ölkə 14:36 24.06.2021

Məktəblərdə direktor vəzifələri niyə boş qalır? (ŞƏRH)

"Son illərdə təhsilin idarəolunması ilə bağlı ciddi şəkildə kadr çatışmazlığı müşahidə olunur”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Bakı şəhərində 40-a yaxın məktəbdə boş qalan direktor vəzifəsindən danışarkən deyib. Ekspert bildirib ki, 2014-2015-ci tədris ilindən etibarən Təhsil Nazirliyinin orta ümumtəhsil məktəblərində direktorların müsabiqə ilə seçməsini müsbət adlandırıb:

"İlk növbədə qeyd etmək istəyirəm ki, Azərbaycan təhsilində 2014-cü ildən təşkilati məsələlərlə bağlı ciddi şəkildə müsbətə doğru irəliləyişlər baş verib. Konkret olaraq təhsildə rüşvətə son qoyulması kimi məsələ meydana çıxarıldı. Sözsüz ki, söhbət orta ümumtəhsil məktəblərindən gedir. Təəssüf ki, ali məktəblərdə bununla bağlı hər hansı bir addım, irəliləyiş yoxdur. Söhbət ondan gedir ki, orta məktəblərdə müəllimlərin, məktəb direktorlarının əsassız tələbləri müəyyən qədər azalıb. Təbii ki, bu halın tam başa çatması mümkün deyil. 2014-2015-ci tədris ilindən etibarən Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərində işləmək üçün direktorları ilk dəfə olaraq bir neçə mərhələli müsabiqə ilə seçməyə başladı. Əlbəttə, ümumilikdə bu müsabiqənin özünü müsbət adlandırmaq olar. Ancaq seçim üçün 3 aylıq təlim kifayət deyil. Mən sizə statistik məlumatlar deyim. Bakı üzrə 310 məktəbdən 90-a yaxınının direktoru müsabiqə yolu ilə seçilib. Azərbaycan üzrə isə 4500 məktəbdən cəmi 740-a yaxınının direktoru bu müsabiqə ilə təyin olunub. 4500 rəqəminin yanında bu, aşağı rəqəmdir”.
 
 

Kamran Əsədov təəssüf hissi ilə bildirib ki, 10, 20, 25, 30 il direktor vəzifəsində çalışan şəxslər var ki, onlar bu müddət ərzində təhsilə yox, yalnız özlərinə xidmət edib, məktəblərdə qeyri-şəffaf mühit yaradıblar:

"Onların yerinə gələn təzə direktorlar isə bu mühitdə çalışa bilmirlər. Çünki məhz köhnə qaydalara öyrənən köhnə kollektiv yenilik gətirmək istəyən yeni şəxsi qəbul etmək istəmir. Ona görə ki, onlar da direktorla bərabər əməkhaqqından əlavə digər gəlirlər əldə edirdilər. Təhsil Nazirliyi çalışır ki, təhsil sisteminə yeni direktorlar daxil olsunlar və onlar müsabiqə və müsahibə yolu ilə vəzifə tutsunlar. Müsabiqə yaxşıdır, obyektivdir, şəffaf keçirilir, amma seçilənlərin obyektiv və şəffaf olmaması nəticəsində onlar təhsilə, direktorluğa qazanc məqsədi ilə gəlirlər. Təhsil naziri də seçim zamanı deyir ki, sizin fəaliyyətinizdə hər hansı bir neqativlik görsəm, işdən azad ediləcəksiniz. Faktlar var ki, yeni təyin edilən bir neçə direktor 6 ay işlədikdən sonra onlarla bağlanan müqaviləyə xitam verilib. Çünki onlar da özlərindən əvvəlkilər kimi pul yığmağa başlayıblar. Yuxarı sinif şagirdlərindən pul alıb onların dərsdən yayınmasına şərait yaradırlar və qiymət yazırlar. Biz heç də deyə bilmərik ki, yeni qayda ilə seçilmiş direktorların hamısı Təhsil Nazirliyinin istədiyi kompetensiyalara cavab verir. Xeyr. Yenə də mənfi hallar davam edir. Bu ona görədir ki, yalnız Türkiyədə, Azərbaycanda, keçmiş postsovet ölkələrində məktəb direktorları təyinat yolu ilə bu vəzifəni tuturlar. Avropa ölkələrində isə məktəb direktorları təyinat yolu ilə direktor olmurlar. Məktəblərdə menecerlik, direktorluq institutu olur”.

Kamran Əsədov vurğulayıb ki, kiminsə direktor olması üçün o yalnız 5-10 illik təcrübəyə malik olmamalıdır, onda idarəçilik bacarığı olmalıdır:
"Bir çox direktorlar vəzifə adı üçün bu vəzifəyə gedirlər, onlar təhsili idarə edə bilmirlər. İdarəçilik bilik və bacarıqları aşağı səviyyədədir, onlar Əmək Məcəlləsinin tələblərini bilmirlər. Əmək Məcəlləsinin tələblərindən minimum anlayışlarının olmaması onların idarəçiliklə bağlı ciddi nöqsanlara yol verməsinə səbəb olur. Son illərdə həm paytaxt Bakıda, həmdə regionlarla 500-dən çox məktəbin həldə direkotrsuz qalması ona görədir ki, Təhsil Nazirliyi müasir tələblərə cavab verən, fəaliyyətini məktəbin, təhsilin inkişafına yönəldə biləcək kadrların tapılmasında əziyyət çəkməsi ilə bağlıdır. Hələ də müsabiqə və müsahibədən uğurla keçənlərin təyin olunmaması direktorların təyinatı sahəsindəki şəffaflığını şübhə altına alır. Ümid edirəm ki, Təhsil Nazirliyinin elan etdiyi müsabiqə və müsahibəni uğurla keçənlər qısa müddətdə işə qəbul ediləcəklər”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->