Xəbər lenti

Nazlı Ağayeva
Ölkə 13:10 17.03.2020

Məmur üçün vida məktubu

Nazlı Ağayeva

On il əvvəl qəzadan yarımcan çıxıb üstündən anamı da təzə itirmişdim. Dəmir əsalara kilidlənməyimi də əlavə etsək, gerisi təfərrüat olar. O arada rayona təzə gələn gənc başçı ilə görüşdük. 

O görüşdə:

Mənə bir şey ver demədim. Bir məmurun verə biləcəyi şeylər onsuz da mənə görə deyil. Amma o qəbul mənə rayonun birinci rəsmisi ilə bir telefon məsafəsində olmağın təsəllisini verdi. Düşüb qapısıında qalmadım, amma o qapını istənilən vaxt açmağa ərkim çatdığını hər kəs bildi. Havaxtsa görüşəndə səhhətimdən nigaran olduğunu duydum, kabinet məni sıxır deyə köməkçinin otağında oturduq. Sərbəst, səmimi ab-hava olsun deyə sayca çox olmayan o "qəbullar” nahara, işdən sonraya salındı. 

O fürsətlərdə özümü xırdalayıb qayıdacağım qapıda məni gözləyən işgəncələrdən danışmadım. Haldan düşmüş canımı qoymağa yer tapmadığımı, artıq ayaqda qalmaq gücümün bitdiyini demədim. Detallardan xəbəri vardı və yaxın ətrafı şəraiti əzbər bilirdi. Mən sadəcə arada olan insani münasibəti asılılıq, xahiş-minnət predmetinə çevirmək istəmədim. Çünki xətrini çox-çox istəyirdim və bunun qarşılıqlı olduğunu düşünürdüm. Çünki o səmimiyyətə inanırdım. Və o münasibətə dəyər verirdim. Diktəyə yatmayan xeyli insani duyğular var. Əlbəttə, söhbət əsil insandan və əsil duyğulardan gedərsə. 
Bəlkə haqlı olaraq bu sadəlövhlüyə görə məni maymaq hesab edəcəklər. Sözdən başqa heç nəyi olmayan adamı sözdən başqa heç nə ilə öldürmək olmaz deyəcəklər. Amma mənim ölmədiyimi hardan çıxartdılar ki? Günün on beş-on altı saatını aşağıda təsvir edəcəyim "ev” adlı çöldə ruh kimi dolaşaraq səfilcə bir tərəfdə qıvrılıb səhəri açan adamın yaşamağı ölümə təhqirdi. 

İndi bildinizmi, bu ev niyə dırnaqdadır? Çünki bu dırnağın içi gecə-gündüz çalışıb yekunda eyni bərbad nəticə aldığım kabusdur. Amma bu kabusu doğmalaşdıran müqəddəs şeylər var. Ona yaşatdıqlarımı bircə dəfə üzümə vurmayıb JEK köşəsində dünyadan gedən fədakar anamın məsum baxışları kimi... 

...Boş protokola imza atmaq üçün zəncirli açardan imtina edib qayıdanda anam "canın sağ olsun, a bala” deyib kürəyini qapıya dayamışdı. Yalnız illər keçəndən sonra anladım ki, anam o qapıya özündən çox mən yıxılmayım deyə söykənibmiş. Çünki bir-birimizdən gizlin qeydsiz-şərtsiz bir evimiz olsun istəyirdik. O istəyin reallaşması üçün iki dodağın arasından çıxası bircə kəlmə kifayət idi. Və həmin kəlmə üçün keçə bilmədiklərim bu gün o qədər mənasızlaşıb ki, daha özümdə bağışlanacaq bir tərəf tapmıram.

*

Elmi-texniki inqilab əsrində mətbəxsiz, hamamsız və bunlarsız heç bir məişət cihazı olmayan "evdə” artıq yaşlanmış əlil adamın həyatını təsəvvür edin. Bu, hələ harasıdır, başına hər an uça biləcək bir tavan altındakı çürük taxtaların üstündə "rəqs etmək” var. Kəpəyi çıxmış çərçivədə laxlayan ağır sovet şüşələrinin artıq neçəsi yalnız möcüzə hesabına başını qatığa döndərməyib ayağının uçunda parçalanır. Yağışa-qara açıq pillələrin şikəst adam üçün nə demək olduğunun izaha ehtiyacı yoxdur. Yatdığın-oturduğun qapıdan otağın içinə üfürən soyuğun qarşısını almaq üçün var gücüylə sayğacı fırladan qaz sobasının fantastik borc bildirişləri bir ayrı üşüdür adamı. 

Biri keyləşməyə doğru gedən əllə evdə sadəcə ən zəruri təmizlik qaydalarını gözləməyə gücün çatır. Səliqə-sahman, bər-bəzək uçub-tökülən sığınacaqda tragikomik görünər. Normal yuyunmaq, çimmək yalnız yayda mümkündür. Qışda hər ay iki-üç dəfə bundan ötrü Bakıya gedirsən. Yalnız taksidən istifadə edilmək zərurətindən bir dəfə suya girmək qırx-əlli manata başa gəlir. Bəs niyə burda yox, məhz Bakıda? "Düz düzdə qalar” timsalında dəst-xəttimi əzbər bilənlərə pis nümunə olmamaq cəhdi deyəkmi? 

Bilirsizmi, bir insanın özündən utanmağı nə qədər ağır hissdir? Bu ağırlığın altında özümü həftələrdir barəsində danışdığım yerə qapadıb düşünürəm. Uzun-uzun illərdə hökmsüz cəzaya məhkum edilib intihar həddinə gətirilən adamın şikəst canı ilə necə məzələnmək olar? Olarsa, bunun adı nədir? Qələbəmi? Kimin üzərində? Bu rayonun həyatında kitablarca əməyi-haqqı olub, kirayələrdə, JEK köşələrində çürüyən "maymağınmı”? Qırx ildə yüzlərlə vətəndaşın haqqını qoruyub özünə çatanda çarəsiz duruma salınan əqidə, söz adamınınmı? Ömrünü azadlıq meydanlarında, cəbhə bölgələrində təmənnasz xərcləyib "üstü qalsın” deyən vətən fədaisininmi? 

Allah şahiddir ki, cüzi vətəndaş və peşə borclarımı bu şəkildə xatırlamağa görə xəcalət çəkirəm. Amma mən bunlara görə villa, vəzifə, mandat və sairə ummadım. Sadəcə yaşadığım qəzalı evin illərlə qarovulunu çəkdiyim həyətindən bir parça torpaq, o da olmadıqda şəhərin istənilən tərəfindən özümə məxsus bir ovuc yer istədim. Özümə aid köşədə ölmək üçün...

...Əslində balaca bir torpağım vardı. Nadir nüsxələr də daxil üç mindən artıq kitabla uşaqların təmas xətti üçün "səsli kitabxana” tikib özüm də orda yaşamaq arzusundaydım. Amma on iki il əvvəl qəfil qəzadan can çəkişdiyim zamanlarda o yeri mənim xəyallarımla birgə bulduzerin ağzına verib parka qatdılar. O zamanın yerli başçısı iki əsaya söykənmiş mənə dedi ki, yaşadığın evi sənədləşdirək, kitabxanını orda yarat. Üstündən də xatircəm eləmişdi ki, narahat olma, kişi deyilik? Bazarkomluqdan vergi idarəsinə qoyulanda yazı yazmışdım ondan: "Bazarkom Tofiqə vergi verildi”. 

Ondan bəri köhnə dostum ölkə daxilində üçüncü "kruq” icra başçısıdır. Mənim "stabil durumum” isə nə kişiliyə sığır, nə qadınlığa. Təsvir edilən reallığın heç ən ibtidai insanlıqla əlaqəsi yoxdur. Sevinə bilərsiz, sizdən olmayan birini cismən çürütdünüz. Bir az kədər yeriniz də var. Mənəviyyat çürümür. 

*

Ağır həyat şərtlərindən çox yorulmuşam və "dincəlmək” vaxtımın yaxınlaşdığını duyuram. O duyğu gerçəkləşəndə yaşadıqlarımdan peşman olduğumu düşünməyin. Dünyaya neçə dəfə gəlsəm bundan fərqlisi içimdən, əlimdən gəlməzdi. Hər nə qədər uyğunsuz olsa belə, həyatımın əskikləri mənim bütöv halımdı. 

Artıq o qədər də gənc olmayan indiki rayon rəhbəri mənim "cəza düşərgəmə” cavabdeh deyil. Xilas etmək məcburiyyəti də yoxdur. Bundan sonra onunla heç bir məsafədə olmayacağımı anlayıram. Bununla belə insan olaraq "hər şey üçün sağ olun” demək borcumu unutmadım... 
Və sonda: Dünyanın qarışıq vaxtı bu bir vida yazısı ola bilər. Olmaya da. Bütün hallarda çox rahatam və ürəyim xoş hisslərlə doludur. Kimliyindən asılı olmayaraq insanları səbəbsiz, təmənnasız sevmək azadlığın bir növüdür...

 Bilənlər bilir, Azadlıq şirin şeydir...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->