Hüseynbala Səlimov
"Əgər nəhayət ki, hərəkət etmək qərarına gəlmisinizsə, tərəddüdün qapılarını bərk-bərk örtün...”
Bəli, tamam "azad”, hər cür əxlaqdan və humanist dəyərlərdən "yüksəklər”də dayanan bir adam – Nitsşenin özünün bilmirəm, amma onun fəlsəfəsinin pərəstişkarları və ardıcılları bu adamın Fövqəlinsanını məhz belə təsəvvür edirdilər.
Əlbəttə ki, Fridrix Nitsşe özünün pərəstişkarlarından və ya ardıcıllarından daha dərindir, ən azı ona görə ki, onların hamısından daha yaşarlı oldu. Bəlkə də ona görə ki, ardıcılları və pərəstişkarları filosof camiyyəsinin "peyğəmbər” adlandırdığı bu adamın ən əsas vəsiyyətinə əməl etmədilər: mənə qayıtmaq üçün məni tərk et, məni inkar et! Onlar bunu etmədilər, bolşeviklər Marksın və Engelsin təlimini isntruksiyaya-təlimata çevirdiyi kimi, nitsşeçilər də onun fəlsəfəsindən siyasi ideologiya düzəltdilər...
Bəli, nə düşürsə, çökürsə, onu bərk itələ ki, bir az da tez çöksün... – Nitsşenin fəlsəfəsində belə qeyri-adi nəticələr çoxdur. Bilirsinizmi, bu adamın fəlsəfəsinin özəlliyi nədədir? Odur ki, onunla ürəyində razılaşırsan, amma bunu açıq deyə bilmirsən, çünki bunlar açıq deyiləsi hökmlər deyil, deyilsə, çox böyük dəhşətlər baş verər, necə ki, Dostoyevski də deyirdi ki, əgər Allah yoxdursa, deməli, Əxlaq yoxdur, Əxlaq yoxdursa, deməli hər şey icazəlidir...
Ən əsası da budur ki, mən Sizinlə heç də F.Nitsşe ilə bağlı təəssüratlarımı ("fikir” desəydim bir az yekəxana alınardı!) bölüşmək niyyətində deyiləm, ən azı ona görə ki, bu adam tarixin yüz ən çox öyrənilmiş simaları sırasına daxildir və o səbəbdən də mənim bir-iki "kəlmə”m onun haqqında yazılan cild-cild kitabların fonunda bir qum dənəsi kimi görünməzdimi?
Bəli, F.Nitsşeyə görə, əxlaq insandan fövqəlinsana aparan yolda buxovdan savayı bir şey deyil. Minlər, milyonlar isə belə hesab edir ki, əxlaq bizi hifz edən, insanlıq çərçivəsində saxlayan ən böyük dəyərlərdən biridir. Bəlkə də təəccüblü deyil ki, insan əxlaqın gərəkli olub-olmaması haqqında insanlıqla bioloji varlığın sərhədlərində çarpışdığı vaxt düşünür, çünki bu anlarda qalib olmaq, ayaqda qalmaq insanın ən əsas qayğısı və vəzifəsi olur. F.Nitsşenin fövqəlinsanı üçün isə bu məsələ "mövsümi”, ani xarakter daşımır, onun həyat prinsipi və əxlaqı kimi çıxış edir: öz mənəviyyatsızlığından utanmaq – bu, zirvəsində öz mənəviyyatlılığından, əxlaqlılığından utanacağın pilləkınin ən birinci pilləsidir...
Bəli, bu qədər gözlənilməz və sürpriz ola biləcək qədər ziddiyyətli fikirlər, mülahizələr! Mən şəxsən, etiraf edirəm ki, Nitsşe haqqında adətən siyasi mübarizə və hakimiyyət uğrunda irili-xırdalı mübarizələr, savaşlar barədə düşünərkən fikirləşməyə adət etmişəm, çünki bu halda bəzi ölkələrdə insanlar sözün əsl mənasında öz bioloji prototiplərinə daha yaxın olurlar və görürsən ki, bu müstəvidə əxlaq insanı həqiqətən də zəif edir, onun əllərində və ayaqalarında buxova çevrilir və belə hallarda o kəslər qalıb gəlir ki, əxlaq və mənəviyyat kimi ali dəyərlərdən "yüksəklikdə” dayanırlar...
Ona görə də çevrəmizə boylananda sosial mənzərədən daha bioloji bir mənzərənin hökm sürdüyünü görür və üzülürük. Heç bilirsinizmi, bioloji həyat tərzinin xarakteri nədir? Burada qarışqadan tutmuş filə qədər bütün canlıları eyni davranış tərzi birləşdirir.
Prinsip etibarilə, insanlıq bu cür olmamalıdır və ilk baxışda deyildir də: insanların bir hissəsi, əlbəttə ki, qeyri-əksər hissəsi sırf daxili motivlərdən əxlaqlı və qanunpərəst olurlar, qalanları isə məcburən əxlaq və qanun çərçivələrini gözləməli olurlar.
Bir hissə də var ki, onlar daim "deviant” olurlar: aşkar və ya gizli şəkildə. Bax, "fövqəlinsan”a iddialı məhz bu adamlar olurlar. Onlarçün hər hansı əxlaq qanunu yoxdur, bu adamlar mövcud əxlaqı tapdayır və onun yerində ya öz "əxlaq”larını bərqərar edirlər, ya da ki, daha çox bunu da orijinal bir formada düzüb-qoşurlar: mövcud əxlaq prinsiplərini, hansıları ki, özləri gözləmirlər, başqalarına qarşı yönəldir və öz əllərində onu bir sipər kimi istifadə edirlər.
Belələrinə kimsə "fövqəlinsan” demir, çünki çoxluğun leksikonunda belə bir söz yoxdur, əvəzində "güclü adam” kimi ifadə var. Cəmiyyət durulmadıqca, əxlaq da öz mövqelərini genişləndirib təsdiq etmədikcə, belə adamlar çoxalır.
Odur ki, F.Nitsşe ilə bir məsələdə razılaşmaq olar: mövcud insan həmişə körpüdür. Amma hara? Həmişəmi bu körpü inkişafa və tərəqqiyə aparır? Bəlkə fövqəlinsanlar bizi yenidən cəngəlliyə çəkirlər?
Nitsşe özü bu məsələdə tamam-kamal tərəddüdsüzdür: ona görə, insan mübarizə aparmayanda, daha doğrusu, özünə və hamıya qarşı müharibə açmayanda rəzil və faydasız olur və bu halda hansısa tərəqqidən danışmaq olmur. Nə demək olar? "İnsan insan üçün canavardır” – bunu Nitsşedən xeyli əvvəl Hobs yazmışdı. Və görünür, hər şey ondan asılıdır ki, biz, yaşadığımız Yer kürəsini daha çox nəyə çevirməyə çalışırıq: Evə, yoxsa mağaraya?..
Şərhlər