Xəbər lenti

Mənim dediyim yalan
Ölkə 13:00 23.07.2013

Mənim dediyim yalan

Şərif AG

Bu gün Ağdamın işğal günüdür...

Sizə bir etiraf edim: nə Laçın, nə Şuşa gedəndə Qarbağdan əlimi üzməmişdim. Amma Ağdamın işğalı ümidimin belini qırdı! Bununla inandım ki, yox, nədirsə böyük zibilə düşmüşük və hələ başımız çox bəlalar çəkəcək.

Tək mən deyil, Kürdən o üzə bir Allah bəndəsi Ağdamın işğalına inanmırdı...
Onda hələ 20 il əvvəl idi...

Hələ Qarbağ müharibəsi odlu silah mərhələsinə qədəm qoymamışdı.
Ermənilər Ağdam – Şuşa yolunun kənarlarında durub avtobusları daşlayır, bəzən rus hərbçilərinin köməyi ilə azərbaycanlı maşınlarını saxladıb onlarla savaşırdılar.  
Həmin vaxt N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa fililalı, keçmiş Lenin adına APİ-nin Xankəndindəki Azərbaycan sektoru Şuşaya köçmüşdü. Tələbələr Ağdamdan Şuşaya avtobusla gedirdilər. Yollar qorxulu idi. Ölmək və əsir düşmək ehtimalı vardı.

Hökumət isə ali məktəbi Şuşadan çıxarmaq istəmirdi. Bu yerli sakinlər arasında təşviş yaradardı və onlar da köçməyə başlayardılar. Heç adamlar özü də gəlmək istəmirdi.
O vaxtın insanları başqa cür idi.

Qızlar çantalarında termometr gəzdiridilər ki, əsir düşəsi olsalar civə içib intihar eləsinlər.
Bu əhvalatı bu yaxınlarda gənc qələm dostlarımdan bir neçəsinə danışdım. İnanmadılar! Necə yəni civə içmək?! Oxumaq bu qədərmi vacib idi? Bilmirəm. Bir onu bilirəm ki, yalan danışmırdım və çantasında termometr gəzdirən o xanımların bir neçəsini şəxsən tanıyıram.

Açığı gənc dostların yanında bir az pərt oldum. Dedim, axı o dövrün ab-havası başqa idi və həmin ab-havanı bugünün bədbin gəncliyinə heç cür izah etmək olmur.
Təsəvvür edirsiniz, ali məktəbi atıb könüllü səngərlərə yollanan minlərlə gənc vardı!
Kəndlərdən maşın-maşın yeməklər gətirirdilər rayon mərkəzindəki yaralı əsgərlərə...
Başqa idi o zaman!

Vallah düşünəndə görürsən ki, bu xalq məğlubiyyətə layiq deyildi. Necə oldu bəs? Niyə getdi o boyda torpaqlar?

Bunu da bilmirəm və bu yerdə yadıma Şərqin müdrik kitablarından oxuduğum bir pritça düşür.

Bir gün Harun ər Rəşidin vəziri mənim kimi çənəsinə yiyəlik eləmədən buyurur:
- Hindistanda bir tayfa var, onların adətinə görə su gətirən
qadınlar işıldaböcəklərin üstündən keçirsə, həmin su haram sayılır.   
Hamı gülür vəzirə... Harun ər Rəşid də! İnanmırlar ona, eynən gənc dostlarımın mənə inanmadığı kimi...

Vəzir məcbur olub bir komissiya yaradır və Hindistana göndərir. Həmin komissiya 3 aydan sonra rəsmi sənədlə geri qayıdr: vəzir haqlıdır, doğrudan da belə bir adət var!
Harun ər Rəşid saqqalını sığallayaraq sevincdən qanad açıb uçmaq istəyən vəzirinə deyir:
- İndən belə elə həqiqətlər söylə ki, onu sübut eləmək üçün 3
ay vaxt itirməyəsən!
 Haqlıdır xəlifə...

Onun vəzirindən fərqli olaraq mən deyən həqiqətləri sübut etməyə 20 il də bəs eləmədi.
Qos-qoca 20 il!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->