Foto 13:13 27.01.2018

"Mənim taleyim deyil" (FOTOLAR)

YARAT Müasir İncəsənət Məkanın Sərgi məkanı olan ARTIM layihə məkanında gənc rəssam Vüsal İsgəndərin "Mənim taleyim deyil" və Vüsal Rəhimin "Nurcan"adlı fərdi sərgilərinin açılışı olub.
 
"Mənim taleyim deyil"

"Öz əsərini tanıt 2017" sərgi-müsabiqəsinin qalibi, rəssam Vüsal İsgəndər öz fərdi sərgisində Azərbaycanda qadınların mürəkkəb həyat şəraitini araşdırır. Rəssamın başlıca məqsədi "stereotipləşdirilmiş” rol nümunələri ilə bağlı gözləntilər qarşılanmadıqda, qadınların üzləşdiyi sosial ayrı-seçkiliyi önə çəkməkdir. Rəssamın əsərləri qadınların məruz qaldığı psixoloji təsirlərə, qıcıqlara və ümidsiz görünən münaqişəli vəziyyətlərə toxunur. Belə ki, "Mənim taleyim deyil" təkcə "ittiham" yox, həm də düşüncə tərzimizi əks etdirməyə, müxtəlif həyat tərzlərini seçməklə və qəbul etməklə ümumi ideologiyalardan "yaxa qurtarmağı” təşviq etməyə çalışır. 

"Birşey-mirşey var?” adlı instalyasiya müxtəlif güzgülər, qadın sonsuzluğu haqqında divar yazılarının yer aldığı otaqdan ibarətdir. Otağa daxil olan ziyarətçi güzgülərdə öz əksini görür və bununla da, rəssam ona "insan reproduksiyası" ilə bağlı sualını ötürmüş olur. Bu sual, şəxsi və ictimai nüfuzun, habelə xoşbəxtliyin qadının bu gözləntini nə dərəcədə "doğrultmasından” asılı olduğunu göstərməklə, qadının dünyaya uşaq gətirməklə bağlı öhdəliyini və bununla da qadının dəyərinin azaldılmasını tənqid edir.

"Qara yarpaqlı ağac" adlı mum heykəli, bir qayda olaraq ayrıseçkilik, nəticə etibarilə yoxsulluq, sosial izolyasiya və zorakılıqdan əziyyət çəkən dul qadınların əlahiddə həyatına özünəməxsus yanaşmadır. Yanan şam, bir tərəfdən dul qadınların təhqirlərə məruz qalmasını, digər tərəfdən isə düşdükləri qorxunc durumdan qurtulmaqla bağlı ümidlərini təcəssüm edir.

"Sizdən əl çəkmərəm!" instalyasiyası tavandan döşəməyə qədər sallanan kəndirlərdən və qara rəngli "Mentallıq" sözündən ibarətdir. Bu əsər, çox sərt ictimai quruluşlara görə qadınların üzləşdiyi məhdudiyyətləri araşdırır.

"İlk mənim ol!" adlanan otaq, gəlinlik libasına daxil olmaq ab-havasını yaradır. Otağın divarları ağ atlas parçaya bürünüb, pərdəlik parça isə pəncərələrin arasında ilişib qalıb. Rəssam bilavasitə pərdənin özünü, eyni zamanda bakirəliklə bağlı bəzi mifləri sual altına qoyan himen (qızlıq pərdəsi) anlamını ehtiva edən "pərdə" sözünü araşdırır. 
 
"Nurcan"
 
Vüsal Rəhimin "Nurcan" sərgisinin adı, rəssamın "arvadı", gəlin rolunu oynayan qız uşağının adından götürülüb. Nurcan, azyaşlıların zorla ərə verilməsinə qarşı mübarizə aparan aktivist Aynur Cavidin qızıdır. Performans səhnəsinin fonunu Aynur Cavidin divar üzərində yazılmış şeirləri təşkil edir.

Layihə 3 hissədən ibarətdir: birinci hissədə toy elan edilir və toya hazırlıq işləri aparılır, ikinci hissədə toy mərasimi keçirilir, üçüncü hissədə isə toydan sonrakı proseslər əks olunur. 
Bu performans, rəngarəng milli toy adət-ənənələrini, o cümlədən bəy evinin gəlin evinə gəlişini, milli rəqsləri, qonaqların qarşılanması, o cümlədən qohum-əqrəbalar tərəfindən keçirilən müxtəlif mərasimləri əks etdirir. Toydan bir gün sonra, sərgi məkanı yeni ailə quranların "evinə" çevrilir. Burada qonaqlar performans ərzində çəkilmiş toy videoları və şəkilləri ilə tanış olurlar.

Büsbütün qara rəngə bürünmüş bu mərasim, toydan daha çox yasa bənzəyir. Əslində bu layihə, bu yaxınlarda baş vermiş, 1 günün gəlini olmayan 16 yaşlı qızın qətlindən təsirlənib. Qızın əslən Rusiyadan olan anası vəfat edəndən sonra, atası onu Azərbaycana gətirir və bir qədər sonra onu 32 yaşlı kişiyə ərə verir. Nikah gecəsi, qızın əri, arvadının bakirə olmadığını bəhanəsi ilə, onu elə çarpayıda qətlə yetirir... 

Layihənin icrası, erkən nikahlar mövzusuna qarşı həssaslığın artırılması istiqamətində sosial işləri dəstəkləməklə yanaşı, cəmiyyətə bu problemin aktuallığını və virtual müzakirə platformasının təşkilinin vacibliyini izah edir. Qanunvericilikdə 18 yaşına çatmayan şəxsləri zorla evləndirilməsi və ya ərə verilməsinin qadağan olunmasına baxmayaraq, hər il, Azərbaycanda 15-17 yaşlarında qızlar orta hesabla 3,500 uşaq dünyaya gətirirlər. Erkən nikahların başlıca səbəbləri müxtəlifdir və bunlara əsasən yoxsulluq, ərə getməmək ("evdə qalmaq") qorxusu, sosial təzyiqlər və adət-ənənələr, müdafiəsizlik və maliyyə sıxıntıları daxildir. Yeniyetməlik illərində ərə gedən qızlar, hamiləlik dövrünün fəsadları, sosial izolyasiya, təhsil imkanlarının məhdudlaşdırılmasından əziyyət çəkməklə yanaşı, böyük ehtimalla, məişət zorakılığı və ər tərəfindən zorlanmalar kimi hallara da məruz qalırlar.

Sərgi 11 fevrala qədər davam edəcək.


Sultana Əhmədbəyli