Siyasət 15:17 27.09.2021

Merkel Almaniya üçün kim idi?.. - Politoloq

"Merkel kifayət qədər gərgin vəziyyətdə olan bir dövləti Avropanın liderinə, "pul kisəsinə” çevirdi”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Almaniyada 16 illik hakimiyyətini başa vurmaq üzrə olan kansler Angela Merkelin siyasi fəaliyyətini dəyərləndirərkən deyib:

"Merkel hakimiyyətə gələndə Almaniya ciddi problemlərlə üz-üzə idi. Almaniyada iqtisadi gərginlik səbəbindən daxili ziddiyyətlər artmışdı. Merkelə qədər Almaniya Avropa İttifaqı çərçivəsində siyasi məsələlərin həllində heç üçlükdə təmsil olunmurdu. Amma Merkelin gəlişilə Almaniyada milli birlik yarandı. Bu ölkə məhz onun dövründə iqtisadi baxımdan sürətlə inkişaf etməyə başladı”. 
 
 

Politoloqun fikrincə, Merkel Qərbi Almaniya ilə Şərqi Almaniyanın iqtisadi baxımdan bərabərləşməsinə, bir araya gəlmələrinə də nail olub: 

"Bir sözlə, Merkel Almaniyanın inkişafı üçün lazım olan bütün addımları atdı. Almaniya onun zamanında Avropanın bir nömrəli aparıcı iqtisadi dövlətinə çevrildi. G7-də daimi olaraq öz yerini tutdu. Merkel Avropa, ABŞ, Rusiya, Çinlə, yəni çoxşaxəli iqtisadi əlaqələr qurmağa nail oldu. O bir xanımın bu müddət ərzində görə biləcəyi işlərdən artıq iş görüb. Ona görə də təsadüfən ona Marqaret Tetçerdən sonra Avropanın yeni "dəmir ledisi” demirlər. Çünki Merkel iqtisadi cəhətdən Almaniyanın dirçəlməsinə, sürətli inkişafına nail olan bir xanımdır”. 

Rüfət Sultan