Xəbər lenti

Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı açıqlama: fırıldaqçılıq əməliyyatları...
Ekonomiks 17:50 17.06.2021

Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı açıqlama: fırıldaqçılıq əməliyyatları...

Azərbaycanda emissiya olunmuş ödəniş kartları ilə baş vermiş ölkədaxili və ölkəxarici, həmçinin qeyri-rezident təşkilatlara məxsus ödəniş kartları ilə ödəniş xidməti şəbəkəsində baş vermiş fırıldaqçılıq əməliyyatları haqqında məlumatlar 2013-cü ildən etibarən Mərkəzi Bank tərəfindən rüblük əsasda toplanılır və təhlil edilir.

Qaynarinfo qurumun "Twitter" hesabına istinadla xəbər verir ki, İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na uyğun olaraq bəzi qaydalarda nəzərdə tutulan minimum müddəalara dair tələblər müəyyən edilib. 

Bunlardan birincisi əsasən, emitent banklara və kart məlumatlarının emalı ilə məşğul olan təşkilatlara ödəniş kartları ilə aparılmış şübhəli əməliyyatların real vaxt rejimində aşkar edilərək vaxtında qarşısının alınması ilə bağlıdır: 

"Həmçinin, bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi üçün proqram təminatının olması, kartlarla aparılmış şübhəli əməliyyatların aşkar edilməsi istiqamətində real vaxt rejimində monitorinqin həyata keçirilməsi, kart istifadəçilərini eyniləşdirən məxfi məlumatların qanunsuz açıqlanmasının qarşısının alınması üzrə daxili prosedur qaydaların olması və digər qaydalara tələblər də mövcuddur

Bundan əlavə, müxtəlif illərdə maliyyə bazarlarına nəzarət qurumları tərəfindən banklara ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması üzrə tövsiyələr, elektron bankçılıq xidmətlərinin göstərilməsinə və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair Metodoloji Rəhbərlik də banklara göndərilib”.

Qeyd edək ki, Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən "Ödəniş sistemləri və rəqamsal bankçılıq” Ekspert Qrupu çərçivəsində banklarla ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarının qarşısının alınması sahəsində fəaliyyətin koordinasiyası, baş verən fırıldaqçılıq əməliyyatlarının və bu sahədə mümkün təhdidlərin müzakirəsi, bank sektorunda ümumi preventiv tədbirlərin həyata keçirilməsi məqsədilə mütəmadi əsasda görüşlər keçirməkdədir.

Eyni zamanda, davamlı olaraq müxtəlif əhali qrupları arasında ödəniş kartlarından təhlükəsiz istifadənin təbliğ edilməsi, maliyyə savadlılığının artırılması, rəqəmsal ödənişlər haqqında zəruri biliklərin verilməsi və bununla da fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə seminar və təlimlər təşkil olunur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->