Hazırda "İnter Mayami"də çıxış edən səkkizqat "Qızıl top" mükafatçısı, əfsanəvi futbolçu Lionel Messi karyerasını başa vurduqdan sonra nələr etməyi planlaşdırdığından danışıb.
Qaynarinfo "Ole” nəşrinə istinadla xəbər verir ki, Messi LUZU TV-yə verdiyi müsahibədə gələcəkdə məşqçi olmağı planlaşdırmadığını, bunun əvəzinə öz futbol klubuna sahib olmaq istədiyini etiraf
edib.
"Düzünü desəm, özümü məşqçi kimi görmürəm. Menecer olmaq ideyası xoşuma gəlir, lakin seçim etməli olsaydım, sahibkar olmağa üstünlük verərdim", — deyə o bildirib.
Messinin sözlərinə görə, o, digər gənc oyunçulara yeni imkanlar yaratmaq istəyir:
"Öz klubuna sahib olmaq və onu ən aşağı pillədən başlayaraq inkişaf etdirmək, gənc oyunçulara və digər insanlara inkişaf etmək və vacib nəticələrə nail olmaq imkanı vermək — məni ən çox cəlb edən budur".
Xatırladaq ki, Lionel Messi argentinalı futbolçu, MLS-in "İnter Mayami" klubunun hücumçusu və kapitanı, Argentina millisinin kapitanıdır. O, dünya çempionu, ikiqat Amerika Kuboku qalibi və olimpiya çempionudur. Messi səkkizqat "Qızıl top" və altıqat "Qızıl butsu" mükafatçısıdır.
2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Onun hazırkı müqaviləsi 2028-ci ilin sonuna qədər nəzərdə tutulub.
"Forbes”in 2025-26 mövsümü üçün dünyanın ən çox qazanan futbolçuları siyahısında Messi ikinci yerdədir və proqnozlara görə, bu mövsüm 130 milyon dollar qazanacaq.
Messinin bu arzusu onun "İnter Mayami" ilə müqaviləsindəki xüsusi bəndlə də üst-üstə düşür; belə ki, o, təqaüdə çıxdıqdan sonra klubun səhmlərinin bir hissəsinə sahib olmaq hüququna malikdir.
Alpər
Şərhlər