Sağlamlıq 14:39 14.05.2018

Meyitdən orqan transplantasiyası reallaşır

"Meyitdən orqan transplantasiyası üçün "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişikliklər ediləcək. Artıq bununla bağlı Milli Məclisin Səhiyyə komitəsində işçi qrup yaradılıb”.

Qaynarinfo xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

Deputat bildirib ki, meyitdən orqan transplantasiyası ilə bağlı artıq ilkin təkliflər hazırlanıb.

"Bu həftənin sonunda işçi qrupu toplanacaq və qanuna ediləcək əlavə və təkliflərə baxılacaq. Qanun təkmilləşdirildikdən sonra hökumətə təkliflər veriləcək. Hökumət isə meyitdən orqan götürülməsinin qaydalarını, mexanizmlərini hazırlayacaq və orqan transplantasiyasını həyata keçirəcək müvafiq klinikalar müəyyənnləşəcək. Hazırda "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun üzərində iş gedir”.

Musa Quliyev qeyd edib ki, meyitdən orqan transplantasiyasını ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl klinikaları həyata keçirəcək.

"Bu əməliyyatın isə hansı klinikalarda keçiriləcəyini Nazirlər Kabineti müəyyənləşdirəcək”.