Ölkə 11:32 10.04.2020

Millət vəkili təklif verdi, nazirlik alqışladı, ancaq: “Hazır deyilik...”

"Tələbələrin təqaüdləri artırılmalıdır".

Qaynarinfo xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Etibar Əliyev çıxış edib. 

Deputat bundan əlavə ali məktəblərdə çalışan müəllimlərə tədris yükü ilə yanaşı tədqiqatlara görə də vəsait verilməsini məqsədəuyğun sayıb:

"Milli Məclisin katibliyinə təqdim etdiyim təkliflər:

1. Ali məktəblərdə çalışan müəllimlərə tədris yükü ilə yanaşı tədqiqatlara görə də vəsait verilsin. Dünyanın əksər ölkələrində tədqiqatlara ayrılan vəsait tədrisə ayraılan vəsaiti üstələyir. Və elmi tədqiqatlar əsasən universitetlərdə aparılır.

2. Hər sahə üzrə bir ali məktəbin tədqiqat universitetinə çevrilməsinə maliyyə vəsaiti ayrılmalıdır. Həmin universitetlər: Texniki Universitet. UNEC, Aqrar Universitet, Neft və Sənaye Universiteti.

3. Yeni tədris ilində ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılmalıdır. Koronavirusun insanların maddi durumuna təsiri mütləq nəzərə almalıdır.

4. Distant təhsilin tətbiqi üçün ali məktəblərin maddi-texniki bazası gücləndirilməlidir. Ali məktəblər öz daxili imkanları hesabına bunu etmək gücündə deyil. Bunun üçün büdcədən əlavə vəsait nəzərdə tutulmalıdır.

5. Tələbələrin təqaüdləri artırılmalıdır”.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə Milli Məclisin deputatı Etibar Əliyevin təkliflərini təqdirəlayiq hesab edib: "Bir məqamı isə demək istəyirəm ki, biz bu həcmdə tədqiqat univetsitetlərinin yaradılmasına hələ hazır deyilik".

Bahar Rüstəmli