Bu yaxınlarda Azərbaycandan 500 nəfərdən çox qanunsuz miqrant deportasiya olunub. Bu, o deməkdir ki, ölkənin müxtəlif bucağında gizlənən əcnəbilərin sayı daha çoxdur. Bu, ciddi problemdir.
Bunu Oxu.Az-a açıqlamasında miqrasiya məsələləri üzrə ekspert Əhməd Şirinov bildirib.
Onun sözlərinə görə ölkədə miqrasiya proseslərinin idarə olunması düzgün şəkildə həyata keçirilməsə, bir neçə ildən sonra Milli Məclisdə qaradərili deputatlar oturacaq. Şirinov əmin edir ki, bu fikri ölkənin ən nüfuzlu şəxslərindən biri səsləndirib.
"Ondan başlayaq ki, Azərbaycanda bu gün miqrasiya vəziyyətinin dəqiq təhlilinə imkan verən mexanizm yoxdur. Problem ondadır ki, Azərbaycanda Dövlət Miqrasiya Xidməti yaradılanda, o, digər dövlət strukturları ilə bərabər miqrasiya proseslərinin idarə olunması və arzuolunmaz fəsadların qarşının alınması məqsədilə əks tədbirlər hazırlayan analitik orqan xarakteri daşıyırdı. Bir sözlə, səmərəli miqrasiya siyasəti yeridən orqan kimi”, - Şirinov bildirib.
Təəssüflər olsun ki, ildən-ilə o, bir icra orqanına çevrilir. Kobud şəkildə desək, Miqrasiya Xidmətinin bütün funksiyaları miqrantların qeydiyyatı, qanunsuz miqrantların aşkarlanaraq deportasiya edilməsinə qədər məhdudlaşıb. Halbuki Dövlət Miqrasiya Xidməti dövlət qarşısında müvafiq təşəbbüslə çıxış etməli, lazımi ölçülər götürməlidir. Hazırda bunu müşahidə etmirik”, - ekspert qeyd edir.
"Əlbəttə ki, Dövlət Miqrasiya Xidməti statistika verir, ancaq bu ancaq rəqəmlərdir, analitik bölgü deyil, səbəb-nəticə əlaqəsi yoxdur. Halbuki bu xidmətin başlıca məqsədi ölkədəki miqrasiya vəziyyəti ilə bağlı illik analitik hesabat hazırlamaqdır.
Təhlillər onu göstərir ki, qlobal proseslər Azərbaycan və onun hüdudlarından kənarda həm miqrasiya, həm də siyasi vəziyyətə təsir göstərə bilər”, - deyə Şirinov vurğulayır.
Xüsusi strateji təhlillərdən söz açan Şirinov hazırda fəaliyyəti qadağan olunmuş İŞİD terrorçu qruplaşmasının parçalandığını və məhv edildiyini xatırladıb. "İŞİD tam dağılandan sonra nə baş verəcək? Bildiyiniz kimi, İŞİD sıralarında olmuş minlərlə döyüşçü MDB ölkələrinin vətəndaşlarıdır. Onların aqibəti necə olacaq, onlar hara gedəcək, hansı yolla gedəcək? Yoxsa başqa təhlükə var, ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər. Bu, həmin ölkənin qonşularına necə təsir edəcək?”
Qlobal maliyyə böhranı zamanı turizmin inkişafına xüsusi diqqət ayırmaq lazımdır. Ancaq bir vacib nüans da var. Sayları gündən-günə artan üçüncü dünya ölkələri vətəndaşlarının ölkəmizə hansı məqsədlərlə gəldiyini anlamaq lazımdır.
Bəli, turist nə qədər çox olsa, o qədər yaxşıdır. Problem ondadır ki, bu insanların çoxu qonaq kimi gəlsə də, bəziləri başqa məqsədlər güdür: kimsə uzun müddətə, ya da həmişəlik qalmağın yollarını axtarır. Miqrasiya sahəsində savadlı strategiyaya ehtiyac var. Ekspert hesab edir ki, əvvəl hərtərəfli təhlillər əsasında problematik ölkələrin qrupunu müəyyənləşdirmək lazımdır.
"Azərbaycanın iqtisadi vəziyyəti üçüncü dünya ölkələrindəki vəziyyətdən daha yaxşıdır. Bunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, gələcəkdə də ölkəmizə təşrif buyuran bu ölkələrin vətəndaşlarının sayı artmağa davam edəcək. Biz artıq qanunsuz mühacirləri Azərbaycan ərazisindən tranzit qismində istifadə etməyə çalışdığını görürük. Başqa məqsədlər güdən turistlər cildində gəlirlər.
İnkişaf etmiş dövlətlərdə belə halların baş verməməsi üçün potensial problematik ölkələr üçün viza rəsmiləşmələri zamanı depozit tələblər tətbiq olunur. Bu təcrübəni niyə də Azərbaycanda tətbiq etməyək, əsl vaxtıdır”, - deyə ekspert bildirib.
Depozit tələb vəsaitləri bank hesabında qeydə alınır. Ölkədən çıxan zaman həmin pullar turistə qaytarılır. Ekspert depozit tələbinin icbari xarakter daşımasını vacibliyini vurğulayır. Bu məbləğ qanunsuz miqrantın aşkarlanması, saxlanılması, məhkəmə xərcləri, qanunsuz mühacirlərin deportasiyasını əhatə edəcək.
Depozitin məbləği Azərbaycanla həmin dövlət (yəni turistin gəldiyi) arasındakı məsafədən asılı olaraq müəyyən edilməlidir. Həmçinin, Azərbaycan vətəndaşlığı əldə etmək üçün müraciət edən xarici vətəndaşlara Azərbaycan ərazisində müvəqqəti və daimi yaşayış icazəsinin verilməsi tələblərini sərtləşdirmək lazımdır”, - deyə Şirinov düşünür.
Hələlik Azərbaycan büdcə vəsaitlərini qanunsuz mühacirlərin deportasiyasına sərf edir:
"Bu yaxınlarda informasiya yayıldı ki, ölkədən 500-dən çox mühacir deportasiya edilib. Bu, ciddi problemdir. Bu, o deməkdir ki, ölkənin müxtəlif bucağında gizlənən qanunsuz mühacirlərin sayı daha çoxdur”.
Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaəqlər şöbəsindən Oxu.Az-a verilən məlumata görə, qurum mütəmadi olaraq statistik məlumatlar əsasında təhlillər aparır.
Miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi, bu sahədə vəziyyətin yaxşılığa doğru dəyişilməsi məhz son illər aparılan analitik işlərin nəticəsidir.
"Dövlət Miqrasiya Xidməti digər aidiyyəti dövlət orqanları ilə ölkəyə gələn xarici vətəndaşların məqsədi və hüquqi statusundan asılı olaraq vizaların verilişi prosedurunun sadələşdirilməsi imkanlarını nəzərdən keçirir”, - deyə qurumdan bildirilib.
Ümumilikdə Dövlət Miqrasiya Xidməti digər dövlət orqanları ilə birlikdə əlaqələndirilmiş tədbirlər planı əsasında qanunsuz miqrasiya hallarına qarşı mübarizə aparır”, - deyə DMX-dən bildiriblər.
Şərhlər