Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 3-cü qrupdakı beşinçi sınağında səfərdə Slovakiya yığması ilə qarşılaşıb.
Levitse İdman Sarayındakı görüş 1:1 hesabı ilə başa çatıb.
Matçda ilk qolu 15-ci dəqiqədə slovakiyalıların heyətində Martin Doşa vurub. Azərbaycan millisi görüşün başa çatmasına 32 saniyə qalmış hesabı bərabərləşdirərək məğlubiyyətdən qaçıb. Yığmanın heyətində Everton Kardozo fərqlənib.
Bu heç-heçədən sonra xallarını 13-ə çatdıran Azərbaycan yığması qrup liderliyini təmin edib. Slovakiya isə 8 xalla 2-ci pillədə qalıb.
Bu qrupun digər matçında autsayder Yunanıstan aprelin 9-da Moldova yığmasını qəbul edəcək.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edən Azərbaycan millisi qrupdakı son oyununu aprelin 14-də evdə Yunanıstan seçməsinə qarşı keçirəcək.
Şərhlər