Xəbər lenti

Mina xəritələri niyə Azərbaycan diplomatiyasında öncəliyini itirib? - Hərbi ekspert
Siyasət 09:33 18.09.2021

Mina xəritələri niyə Azərbaycan diplomatiyasında öncəliyini itirib? - Hərbi ekspert

"Azərbaycan mina xəritələri olmadan da işini bilir və görür. Ona görə də bu məsələdə o qədər də təkid etmir”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Ağdam, Füzuli və Zəngilan rayonları üzrə mina xəritələrinin Ermənistandan alınmasından sonra bu məsələdə müəyyən dayanmanın olmasına münasibət bildirərkən deyib: 



"Bunun sadə cavabı var. Azərbaycan Prezidenti bu yaxınlarda məsələyə aydınlıq gətirərək bildirdi ki, mina xəritələrilə bağlı ermənilər və onlara havadarlıq edənlərin canfəşanlığına baxmayaraq, onun xeyli hissəsi sonradan tərtib olunan və qeyri-ciddi xəritələrdir. Onlarda həqiqət payı 25 faizdir. Belə xəritələr kimə lazımdır? Onsuz da Azərbaycan o xəritələr olmadan da işini bilir və görür. Xəritə yoxdursa, həyat dayanmır. Xəritələr sadəcə işin bir qədər sürətlənməsinə xidmət edəcəkdi. Azərbaycan bu məsələdə o qədər də təkid etmir. Məsələ ciddi əhəmiyyət kəsb etmədiyindən onun üstünə gedilmir. Onsuz da Müdafiə Nazirliyinin Mühəndis İstehkam Qoşunları bu istiqamətdə işləri müstəqil şəkildə yerinə yetirir”. 

"Azərbaycan minalanmış ərazilərin böyük əksəriyyətini özünün gücü və cəlb edilən kənar resurslar vasitəsilə təmizləmək məsələsini xeyli dərəcədə həll edib. Ona görə də indilikdə mina xəritələrilə bağlı məsələ Azərbaycan diplomatiyasında öncəlik təşkil etmir".

Bunu isə Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli deyib. Politoloqun fikrincə, mina xəritələri məsələsi əslində Azərbaycan diplomatiyasının İrəvana ünvanladığı müəyyən təzyiq metodu idi:



"Amma sonradan məlum oldu ki, bundan Ermənistan tərəfi istifadə etməyə calışıb. İrəvan beynəlxalq aləmdə özünü guya humanitar məsələləri nəzərə alaraq güzəştə gedən tərəf kimi göstərmək istədi. Lakin bəlli oldu ki, mina xəritələrinin yalnız 25 faizi doğru olub. Azərbaycan minalanmış ərazilərin böyük əksəriyyətini özünün və cəlb edilən kənar resurslarla təmizləmək məsələsini xeyli dərəcədə irəli apara bilib. Ona görə də indiki halda mina xəritələrilə bağlı məsələ Azərbaycan diplomatiyasında öncəlik təşkil etmir”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->