Dünya 17:03 15.06.2021

Miqrantların Rusiyada qalma müddəti uzadıldı: Kremlin məqsədi nədir?

"Rusiya hökuməti zaman-zaman miqrant məsələsindən siyasi alət kimi istifadə edib”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim Nazim Bəydəmirli Rusiya Prezidenti Vladimir Putinin miqrantların Rusiya ərazisində qalma müddətinin sentyabrın 30-na kimi uzadılması ilə bağlı fərmanını şərth edərkən deyib. Onun sözlərinə görə, hətta bu axınla o, Orta Asiya respublikalarına çox ciddi təzyiqlər göstərib:

"Miqrant məsələsi Tacikistan, Qırğızıstan, Özbəkistan kimi ölkələrdə kifayət qədər həssasdır. O cümlədən Azərbaycan və digər ölkələrə də keçmiş sovet ölkələrindən hər hansı bir məqsəd, siyasi dividentlər almaq üçün son zamanlar belə alətlərdən istifadə edir. Pandemiya dövründə Rusiyaya gedənlərin arasında icazələri olmayanlar orada qalmaq məcburiyyətində olublar və onların ölkələrinə dönməsi haqqında qərar qəbul olunmuşdu. İndi bu vaxtın sentyabara kimi uzadılması da maraqlara xidmət edir. Rusiya özü miqrantlardan asılıdır. Rusiyanın özünün iqtisadiyyatına miqrantlar kifayət qədər gəlir verir. Vizasız gediş-gəlişi olan ölkələrin vətəndaşları 3 ay daim qalmaq imkanları var və onlar asan yolla qeydiyyata düşərək iş fəaliyyəti ilə də məşğul ola bilərlər. Statusu bəlli olmayan digər ölkə vətəndaşlarının Rusiyaya gəlib işləməsi Rusiya rəhbərinin ürəyincədir. O, dəfələrlə qeyd edib ki, bizə əmək miqrantları lazımdır və ondan imtina etmirik. Ancaq Rusiya vətəndaşlığına qəbul etməyin özünün bu ölkələrdən stumullaşdırılması və orada rus- dilinin saxlanılması, eyni zamanda icmaların olmasından Rusiya siyasi məqsədlər üçün istifadə edir və öz orbitində bu ölkələri saxlamaq üçün davranır”.    
Nazim Bəydəmirli hesab edir ki, miqrant məsələsi ölkələrarası münasibətlərlə tənzimlənməlidir:
 
 

"Onların hüquqları və azadlıqları qorunmalıdır. Bu vəziyyətdən istifadə edib onları alətə çevirmək Rusiya hökumətinin qanında var”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin miqrantların hüquqi vəziyyətinin nizamlanması ilə bağlı müvəqqəti tədbirlərin görülməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, əcnəbilərin Rusiya ərazisində qalma müddəti 30 sentyabr 2021-ci il tarixinədək uzadılıb.

Bahar Rüstəmli