Xəbər lenti

Dünya 22:41 24.05.2023

Mişustin və nəhəng hökumət heyətini Çində sayan olmadı - Soyuq duş

Qərbin sanksiyaları ilə mübarizə aparmaq üçün Pekindən daha böyük iqtisadi əlaqələr və yeni yardım axtarmaq vəzifəsi daşıyan Rusiya hökumət heyətinin Çinə təmtəraqla təşkil olunmuş səfəri baş nazir Mixail Mişustin və nazirləri üçün soyuq duşa çevrilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” "Vedomosti”-yə istinadən yazır.

Nəşrin verdiyi məlumata görə, Çin hökumətinin yüksək səviyyəli rəsmiləri və ən böyük Çin şirkətlərinin top-menecerləri Rusiya rəsmiləri və dövlət şirkətlərinin rəhbərləri ilə görüşdən imtina ediblər, onların demək olar ki, hamısı Qərbin sanksiya siyahısında yer alır. 

Moskvadan Şanxaya əzəmətli nümayəndə heyəti uçub: Baş nazirin dörd müavini (Dmitri Qriqorenko, Dmitri Çernışenko, Denis Manturov, Aleksandr Novak), bir neçə nazir, o cümlədən Dmitri Patruşev (Kənd təsərrüfatı naziri) və Vitali Savelyev (Nəqliyyat naziri). Onları Sberbank və VTB-nin rəhbərləri German Qref və Andrey Kostin, milyarderlər Aleksey Mordaşov (Severstal) və Andrey Quryev (Fosagro) müşayiət ediblər. Lakin Çin tərəfi bunun qarşılığını verməyib. 

Mişustinin həmkarı, Dövlət Şurasının sədri Li Tsyan Rusiya-Çin forumunda iştirakdan imtina edib və əvəzində salamlarını çatdırmaq üçün baş nazirin müavini He Lifeni göndərib.
"Çinlilər istiqanlıdırlar, lakin sanksiyalardan çox qorxurlar", - forumun təşkilatçılarına yaxın olan "Vedomosti" mənbəsi izah edir. - Hətta ictimaiyyət qarşısında çıxış etmək istəyən və buna hazır olan böyük iş adamlarına hakimiyyət tərəfindən görüşə icazə verilmədi - onlar ən kiçik riski belə götürmək istəmirlər".

Nəşrin digər həmsöhbətinin sözlərinə görə, çinlilərin sanksiyalara əməl etməsində ehtiyatlılıq o həddə çatıb ki, rusiyalılardan biri yerli mübadilə məntəqəsində 100 dolları yuana dəyişə bilməyib. Çünki o, sanksiyaya məruz qalan bir iş adamının adaşı imiş. "Onlar adamın adının baş hərflərini belə müqayisə etmədilər",- deyə "Vedomosti"nin mənbəsi qəzəblə deyib.

Mişustinin səfəri zahirən təntənəli görünürdü. Şanxay hava limanında qırmızı xalça üzərindən keçərək o, Çin prezidenti Si Szinpinlə görüşüb Vladimir Putinin salamlarını çatdırıb və Moskva ilə Pekinin "bütün əsas məsələlərdə" yanaşmalarının "bir" olduğunu bəyan edib. 

Moskva ilə Pekin arasında münasibətlər görünməmiş yüksək səviyyədədir, - Mişustin deyib. Rusiya ilə Çin arasında transsərhəd hesablaşmaların təxminən 70%-i yuan və rublla həyata keçirilir və ilin sonuna qədər ticarət dövriyyəsi 200 milyard dolları keçəcək.

Si Rusiya baş nazirinə daha təmkinlə cavab verib. "Çin hər iki tərəfin əsas maraqlarına aid olan məsələlərdə Rusiya ilə bir-birini möhkəm dəstəkləməyə davam etməyə hazırdır”, - Çin lideri bildirib.
Ukraynada müharibə başlayandan sonra Çin Rusiya neftinin alışını demək olar ki, iki dəfə - gündəlik 2 milyon barrelə qədər artırıb; kömür idxalını 127%; alüminium 200%. Bununla belə, problem taxılla bağlı yaranıb: Çinin ümumi buğda idxalı 60% artsa da, Rusiya istehsalının payı cüzi olaraq qalır - 0,5%, bu Avstraliyadan 120 dəfə, Kanadadan isə 36 dəfə azdır. 

"Rusiya fermerləri öz məhsullarının Çin bazarına ixracını əhəmiyyətli dərəcədə artırmağa və tədarük olunan malların çeşidini genişləndirməyə hazırdırlar", - Mişustin təklif edib. Lakin Si Szinpindən heç bir ictimai reaksiya olmayıb.

Böyük rus biznesinə yaxın həmsöhbət "Vedomosti" ilə söhbətində çinlilərlə danışıqlar aparmağın olduqca çətin olduğunu bildirib. "Çinlilər ənənəvi olaraq nəzakətlidirlər, lakin danışıqlar açıq şəkildə peer-to-peer (bərabər hüquqlu) formatında  aparılmır. İndiyə qədər Rusiya təəssüf ki, daha çox kiçik tərəfdaş kimi çıxış edir”, - o etiraf edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->