Xəbər lenti

Əli Qədimov
Siyasət 15:03 09.09.2025

"Demokratiya, özü-özünü dağıda biləcək azadlıqlar üzərində qurulub" paradoksu

Demokratiya və azadlıqlar anlayış baxımından qarşılıqlı şəkildə sıx bağlıdır. Demokratik idarəetmənin təməlində ifadə, mətbuat, toplaşmaq və birləşmək azadlığı kimi əsas hüquq və azadlıqlar dayanır. Bu fundamental azadlıqlar olmadan xalqın öz iradəsini sərbəst ifadə etməsi, hakimiyyətin legitimliyinin formalaşması və cəmiyyətdə açıq müzakirənin təşkili mümkün deyildir. Bu kontekstdə tanınmış politoloq Robert Dahl haqlı olaraq qeyd edir ki, demokratiya öz legitimliyini məhz əsas siyasi hüquqlar və azadlıqlar – o cümlədən söz və birləşmə azadlığını təmin etməklə əldə edir; bu, insanlara onların iştirak etdiyi normativ çərçivə daxilində özlərini idarə etmək imkanı verir. Bununla belə, demokratik rejimin varlığı üçün zəruri hesab olunan bu azadlıqlar bəzən demokratiyanın sabitliyi baxımından ciddi çağırışlara da səbəb ola bilir.

Siyasi nəzəriyyədə uzun zamandır məlumdur ki, demokratik rejimlər təkcə xarici deyil, həm də daxildən gələn təhdidlərə qarşı da açıqdır. Hələ antik dövr filosofları bu məsələni diqqətə çəkərək bildirmişlər ki, demokratiya həddindən artıq azadlığın doğurduğu idarəsizlik nəticəsində öz özülünü sarsıda bilər. Qədim yunan ritoriki İzokratın fikrincə, demokratiya azadlıq və bərabərlik anlayışlarından sui-istifadə etməklə öz özünü tükədə bilər; belə ki, ictimai şüurda cəsarət hüquqla, qanunsuzluq isə azadlıqla eyniləşdirilir və nəticədə anarxiyaya şərait yaranır. Müasir dövrdə bir sıra siyasi nəzəriyyəçilər də bu yanaşmanı paylaşırlar. Avstraliyalı tədqiqatçı Mark Çou qeyd edir ki, "bütün demokratiyalar mahiyyət etibarilə özünü məhv etmə potensialına malikdir” – yəni demokratik institutlardan istifadə etməklə anti-demokratik seçimin gerçəkləşməsi mümkündür. Hətta bəzi nəzəriyyəçilər bu səbəbdən demokratiyanı "faciəvi rejim” kimi xarakterizə edirlər. Bu kimi yanaşmalar demokratiya və azadlıqlar arasında mövcud olan daxili ziddiyyətin nəzəri əsasını təşkil edir və "demokratiya özünü məhv edə biləcək azadlıqlar üzərində qurulmuşdur” paradoksunu dərin fəlsəfi kontekstdə gündəmə gətirir.

Paradoksun mahiyyəti

Demokratik quruluşun paradoksu ondan ibarətdir ki, onun yaşaması üçün zəruri sayılan azadlıqlar eyni zamanda bu sistemi daxildən sarsıtmaq və dağıtmaq məqsədilə istismar edilə bilər. Demokratiyanın əleyhdarları ifadə, toplaşma, dini etiqad azadlığı kimi əsas hüquqlardan istifadə edərək, məhz demokratik sistemə qarşı fəaliyyət göstərmək imkanı əldə edirlər. XX əsrin görkəmli konstitusiya hüquqşünası Karl Lövenşteyn bu təhlükəni dərindən təhlil edərək qeyd etmişdir ki, anti-demokratik qüvvələr hüququn aliliyinə və demokratik azadlıqlara istinad etməklə, hüquqi mexanizmləri öz məqsədləri naminə instrumental şəkildə istifadə edərək, demokratik quruluşu daxildən iflic etməyə çalışırlar. Bu mənada açıq cəmiyyətin normativ çərçivəsi və hüquq institutları ekstremist və avtoritar meyilli qrupların sui-istifadəsi üçün münbit zəminə çevrilə bilər – belə qruplar geniş azadlıqlardan faydalanaraq, nəticədə elə həmin azadlıqları məhdudlaşdıracaq və ya ləğv edəcək bir rejim qurmaq niyyətində olurlar.

Bu fenomenin klassik izahını Karl Popperin təsvir etdiyi "tolerantlıq paradoksu" təşkil edir. Popper xəbərdarlıq edirdi ki, əgər tolerant cəmiyyət qeyri-tolerant ideologiyalara hədsiz dözümlülük göstərərsə, bu ideologiyalar məhz həmin tolerantlıqdan istifadə etməklə açıq cəmiyyətin özünü aradan qaldıra bilərlər. Demokratiya kontekstində də bənzər təhlükə mövcuddur: qeyri-məhdud siyasi azadlıqlar şəraitində radikal və ifrat ideologiyalar – o cümlədən irqçi və anti-liberal baxışlar açıq müzakirə və təşkilatlanma azadlığından yararlanaraq ictimai arenada mövqe qazana bilirlər. Məsələn, nifrət çıxışları birbaşa hüquqi qadağaya məruz qalmadığı təqdirdə, belə ritorikalar cəmiyyətə sirayət edərək milli, etnik və dini qarşıdurmaları alovlandıra, zorakı və avtoritar meylləri gücləndirə bilər.

Paradoksun əsas məğzi ondan ibarətdir ki, demokratiya öz prinsiplərinə (tolerantlıq, plüralizm, leqal azadlıqlar) sadiqliyini qoruduğu halda, bəzən bu prinsipləri öz mənafeləri naminə istismar edən aktorlara da meydan vermiş olur. Beləliklə, demokratiyanın varlığı üçün həyati əhəmiyyət daşıyan tolerantlıq və çoxtərəfli fikir mübadiləsi ifrat həddə çatdıqda, sistemin özünün sabitliyini təhdid edən faktora çevrilə bilər. ABŞ-ın altıncı prezidenti Con Kuinsi Adamsın məşhur ifadəsi bu reallığı dəqiq əks etdirir: "Demokratiya uzunömürlü olmur. O, tezliklə özünü tükədir və intihar edir. Tarixdə heç bir demokratiya yoxdur ki, sonda intihar etməsin.” Bu sözlər, əslində, demokratik sistemin daxilində mövcud olan struktur risklərə və onun öz prinsipləri ilə ifrat dərəcədə bağlı qalmasının doğura biləcəyi nəticələrə işarədir. Nəticədə xalqın iradəsinə əsaslanan idarəetmə forması – paradoksal olaraq məhz həmin xalqın yanlış seçimləri və azadlıqların sui-istifadəsi nəticəsində öz mövcudluğunu itirə bilər.

Tarixi nümunələr

Demokratik azadlıqların sui-istifadə olunaraq demokratiyanın özünün devrilməsi təhlükəsinə tarixdəki ən ibrətamiz nümunələrdən biri, 1919–1933-cü illər arasında mövcud olmuş Almaniya Weimar Respublikasının taleyidir. Weimar Konstitusiyası dövrünün ən demokratik əsas qanunlarından biri hesab olunurdu: geniş vətəndaş azadlıqları, proporsional seçki sistemi və çoxpartiyalı siyasi plüralizm təmin olunmuşdu. Lakin bu açıq və hüquqa əsaslanan mühitdə sol və sağ spektrin radikal qüvvələri, xüsusilə də nasistlər (Milli Sosialist Alman Fəhlə Partiyası), demokratiyanın verdiyi imkanlardan istifadə edərək öz anti-demokratik ideologiyalarını geniş şəkildə yaymağa başladılar. Dərin iqtisadi böhranlar, sosial narazılıq və ictimai parçalanmadan bəhrələnən nasistlər, sərbəst toplaşmaq və təbliğat aparmaq azadlıqlarını ustalıqla istifadə edərək geniş kütlələrin dəstəyini qazandılar. Nəticə etibarilə, 1932-ci ilin seçkilərində nasist partiyası Reyxstaqda ən böyük fraksiyaya çevrildi və 1933-cü ilin yanvarında Adolf Hitler tamamilə qanuni əsaslarla — prezidentin təyinatı və koalisiya razılaşmaları yolu ilə kansler vəzifəsini ələ keçirdi.

Tarixçi Mark Çou qeyd edir ki, nasistlərin hakimiyyətə gəlməsi "Weimar dövrünün demokratik prosedurları çərçivəsində baş verdi və onlar məhz həmin demokratik alətlərdən istifadə edərək sistemi ardıcıl şəkildə zəiflədib aradan qaldırdılar”. Həqiqətən də, Hitler və tərəfdarları demokratik seçkilərdə iştirak edir, parlamentdə yer qazanır və eyni zamanda küçə aksiyaları, genişmiqyaslı təbliğat kampaniyaları və yarımhərbi dəstələrin iştirakı ilə rəqiblərinə qarşı zorakılıqdan çəkinmirdilər. 1933-cü ilin martında keçirilən son azad seçkilərdə nasistlər 43.9% səs toplayaraq sağ partiyaların dəstəyi ilə parlamentdə mütləq üstünlük qazandılar. Bu demokratik legitimlik pərdəsi arxasında Hitler "Fövqəladə Səlahiyyətlər Qanunu"nu qəbul etdirərək parlamentin hüquqlarını hökumətə ötürdü, müxalifət partiyalarını qanundan kənar elan etdi və birpartiyalı totalitar rejim qurdu. Beləliklə, cəmi bir neçə ay ərzində hüquqi prosedurlar çərçivəsində fəaliyyət göstərən demokratik dövlət tamamilə ləğv edildi — nasistlər formal olaraq hüquqa sadiq görünərək, əslində isə sistemi içəridən ələ keçirib onu diktaturaya çevirdilər.

Adolf Hitlerin özünün də demokratiyanın bu zəif tərəfini dərk etdiyi açıq idi. O, açıq şəkildə bəyan edirdi: "Biz demokratiyanı demokratiyanın silahları ilə məhv edəcəyik”. Bu ifadə nasist ideoloqlarının strateji xəttini tam şəkildə əks etdirirdi: demokratik institutlarda iştirak edib, seçkilərlə hakimiyyətə gəlmək, sonra isə bu sistemi ortadan qaldırmaq. Oxşar ssenari eyni dövrdə İtaliyada Benito Mussolininin rəhbərlik etdiyi faşist hərəkatının timsalında da baş verdi. Faşist partiyası parlament seçkilərində iştirak etdi, müəyyən sayda mandat qazandı və ardınca zorakı "Romaya yürüş” vasitəsilə hakimiyyəti ələ keçirdi. Hər iki halda, demokratiyanın təqdim etdiyi hüquq və azadlıqlardan faydalanan ekstremist hərəkatlar bu azadlıqları ləğv edəcək rejimlər qurmağa nail oldular.

Weimar Almaniyasının süqutu, demokratik sistemin öz prinsiplərini müdafiə etməyə qadir olmadıqda qarşılaşdığı təhlükənin bariz nümunəsidir. Hüquq qaydaları və dövlət institutları nasist partiyasının açıq-aşkar anti-semitik və anti-demokratik ritorikasına baxmayaraq, onu hüquqi çərçivəyə uyğun hərəkət etməyə məcbur edə bilmədi. Hüquqi mexanizmlər demokratiyanın özünümüdafiəsini təmin etmək baxımından yetərsiz qaldı. Bu acı təcrübə sonrakı nəsillər üçün bir xəbərdarlığa çevrildi: demokratiya özünü qorumaq üçün mütləq azadlıqlara bəzi hüquqi və institusional məhdudiyyətlər tətbiq etməli, aşırı dözümlülükdən çəkinməlidir. Əks halda, Weimar nümunəsində olduğu kimi, azad seçkilərlə hakimiyyətə gələn qüvvələr demokratiyanın özünü ortadan qaldıra bilərlər.

Müdafiəçi (militant) demokratiya anlayışı və hüquqi mexanizmlər

Weimar Respublikasının süqutundan sonra hüquqşünaslar və siyasi nəzəriyyəçilər demokratik quruluşun öz daxilindən qaynaqlanan təhlükələr qarşısında necə müdafiə olunmalı olduğu məsələsini geniş şəkildə araşdırmağa başladılar. Bu kontekstdə "müdafiəçi demokratiya” (almanca streitbare Demokratie, ingiliscə militant democracy) anlayışı formalaşdı. Karl Lövenşteyn bu anlayışı 1937-ci ildə nəşr etdirdiyi məşhur məqaləsində ilk dəfə irəli sürərək qeyd edirdi ki, demokratiya yaşamaq və davamlılığını təmin etmək istəyirsə, özünü müdafiə etmək üçün "döyüşə hazır” vəziyyətdə olmalıdır. Müdafiəçi demokratiya doktrinasına əsasən, demokratik rejim müəyyən ekstremal hallarda özünün mövcudluğunu qorumaq məqsədilə anti-demokratik qüvvələrin bəzi hüquqlarını müvəqqəti məhdudlaşdıra bilər. Lövenşteynin vurğuladığı kimi, demokratiyanın düşmənlərinə qarşı "odla odun söndürülməsi” bəzən qaçılmaz olur – yəni normal şəraitdə qəbul edilməyəcək məhdudlaşdırıcı tədbirlər fövqəladə vəziyyətlərdə demokratik quruluşun qorunması üçün zəruri sayılır. Bu prinsipin tətbiqi çərçivəsində müdafiəçi demokratiya ideyası konstitusiya quruluşunu zorla dəyişmək niyyətində olan partiyaların qadağan edilməsi, ekstremist çağırışların yasaqlanması və müəyyən əsas hüquqların müvəqqəti dayandırılması kimi tədbirləri hüquqi cəhətdən əsaslandırır – lakin yalnız demokratik prinsiplərin müdafiəsi məqsədilə.

Müdafiəçi demokratiyanın hüquqi mexanizmləri konstitusiya və qanunvericilik səviyyəsində formalaşmış kompleks bir sistemə əsaslanır. Bir çox ölkələrin konstitusiyaları demokratik nizamı qorumağa yönəlmiş açıq müddəalar ehtiva edir. Məsələn, Almaniya Federativ Respublikasının 1949-cu il Əsas Qanunu Weimar dərsini nəzərə alaraq "Müdafiəçi konstitusiya” prinsipi əsasında tərtib edilmişdir. Bu sənədin 21-ci maddəsinin 2-ci bəndinə əsasən, "azad və demokratik quruluşu pozmaq və ya aradan qaldırmaq” məqsədi güdən siyasi partiyalar qeyri-konstitusion elan edilərək fəaliyyətləri qadağan edilə bilər. Bu norma əsasında Almaniya Federal Konstitusiya Məhkəməsi neonasist Sosialist Reyx Partiyasını (1952) və Almaniya Kommunist Partiyasını (1956) qadağan etmiş, sonradan digər ekstremist təşkilatlara qarşı da tədbirlər görmüşdür. Hal-hazırda Almaniyada sağ radikal "Almaniya üçün Alternativ” (AfD) partiyasının da fəaliyyəti nəzarət altına alınmış və Konstitusiyaya zidd hərəkətlərə görə qadağan olunması müzakirə predmetinə çevrilmişdir. Bütün bu tədbirlər, demokratiyanın özünü qoruma ehtiyacından doğur.

Avropanın digər ölkələrində də demokratik quruluşu qorumağa yönələn hüquqi mexanizmlər tətbiq olunur. Məsələn, İspaniya Ali Məhkəməsi 2003-cü ildə Bask separatçılarının siyasi qanadı sayılan Batasuna partiyasını qadağan etmiş, Avropa İnsan Hüquqları Məhkəməsi isə bu addımı Avropa Konvensiyasına uyğun hesab etmişdir. Avropa hüququ ümumilikdə "müdafiə olunan demokratiya” prinsipini qəbul edir. Avropa İnsan Hüquqları Konvensiyasının 17-ci maddəsində açıq şəkildə qeyd olunur ki, heç bir şəxs əsas hüquqlardan istifadə edərək digər hüquq və azadlıqları aradan qaldırmaq məqsədi ilə fəaliyyət göstərə bilməz. Bu norma "hüquqların sui-istifadəsi yasağı” adlanır və faktiki olaraq demokratiyanın beynəlxalq hüquq müstəvisində özünümüdafiə hüququnu təsbit edir. Məsələn, AİHM-in "Rifah Partiyası və digərləri Türkiyəyə qarşı” (2003) qərarında, İslamçı yönümlü Rifah Partiyasının ləğvi Konvensiyaya zidd sayılmamışdır. Məhkəmə partiyanın şəriət qanunlarına əsaslanan anti-demokratik rejim qurmaq niyyətini və zora əl atma ehtimalını "demokratik cəmiyyət” prinsipi ilə uzlaşmaz hesab etmişdir. Xüsusilə vurğulanmışdı ki, partiya hakimiyyətə gəlmək üçün real siyasi gücə malik idi və məqsədlərinə çatmaq üçün güc tətbiqindən çəkinmirdi. Bu qərarla AİHM bəyan etmişdi ki, əgər hər hansı siyasi qüvvə "aydın və yaxın təhlükə” törədərək demokratik quruluşu təhdid edirsə, dövlət onu önləyici hüquqi tədbirlərlə zərərsizləşdirə bilər.

Nəticə etibarilə, müdafiəçi demokratiya konsepsiyası demokratik cəmiyyətin "qanuni özünümüdafiə refleksi”nə əsaslanır. Bu refleks müxtəlif hüquqi formalarla ifadə olunmaqdadır:

Siyasi partiyaların qadağan olunması və ya məhdudlaşdırılması: Bir çox ölkənin qanunvericiliyi konstitusiyanı devirməyə yönəlmiş məqsədlər güdən partiyaların qeydiyyatını və fəaliyyətini qadağan edir. Bu hüquqi baza Almaniya, İspaniya, Türkiyə və Azərbaycan kimi ölkələrdə mövcuddur.
Nifrət çıxışlarına və təxribatçı təbliğata qarşı hüquqi tədbirlər: Demokratiyanın əsas dəyərlərinə qarşı çıxış edən, zorakılığı təşviq edən ifadələr bir sıra ölkələrdə cinayət və ya inzibati məsuliyyət doğurur. Məsələn, Almaniyada nasist simvollarının istifadəsi və Holokostun inkarı qadağandır; Fransa və digər Avropa ölkələrində irqçi çıxışlara qarşı sanksiyalar tətbiq olunur. AİHM-in qərarları da göstərir ki, totalitar və ya nifrət yönümlü ideologiyaların təbliği söz azadlığı çərçivəsinə daxil deyil.

Fövqəladə vəziyyət rejimləri və istisna halların hüquqi tənzimi: Bir çox konstitusiyalarda dövlət təhlükə qarşısında bəzi hüquqların müvəqqəti dayandırılmasına icazə verir. Məsələn, Fransa Konstitusiyasının 16-cı maddəsi, ABŞ-da Abraham Linkolnun müharibə dövrü tədbirləri bu kateqoriyaya daxildir. Lövenşteynin sözləri ilə desək, demokratiya bəzi hallarda "öz qaydalarını müvəqqəti dayandıraraq” özünə yönəlmiş hücuma cavab verə bilər. Bununla belə, belə səlahiyyətlərin istismara yol vermədən, ciddi nəzarət altında həyata keçirilməsi zəruridir (bu məsələ ayrıca müzakirə tələb edir).

Beləliklə, müdafiəçi demokratiya konsepsiyası demokratik rejimin hüquqi və institusional təhlükəsizlik sistemini formalaşdırır. Məqsəd açıq cəmiyyət dəyərlərini qorumaqla yanaşı, bu dəyərlərdən sui-istifadə edərək onları məhv etmək istəyən qüvvələrə qarşı hüquqi sədd çəkməkdir. Demokratiya özünü "öz əlləri ilə məhv etməməlidir”.

Balans necə qorunmalıdır?

Demokratik cəmiyyətin özünü qoruma zərurəti danılmazdır, lakin burada cavabı ən çox mübahisə doğuran sual "bu müdafiə hansı həddə qədər mümkün və legitim ola bilər?” məsələsidir. Müdafiəçi demokratiya tətbiq edilərkən azadlıqlarla təhlükəsizlik arasında incə və sabit bir tarazlıq qorunmalıdır. Əks təqdirdə, demokratiyanı qorumaq niyyəti ilə atılan sərt addımlar nəticə etibarilə elə həmin demokratik prinsiplərin zədələnməsinə yol aça bilər. Paradoksal vəziyyət ondadır ki, demokratik dəyərləri qorumaq üçün həyata keçirilən tədbirlər, əgər ölçüsüz və mütənasib deyilsə, onların özünün aşınmasına səbəb ola bilər. Avstraliyalı tədqiqatçı Mark Çou bu durumu belə ifadə edir: "Demokratik rejimi süqutdan qorumaq məqsədi ilə atılan addımlar bəzən elə özləri anti-demokratik məzmun daşıyaraq həmin rejimi təhlükə altına salır.” Başqa sözlə, demokratiyanın "immun sistemi” həddən artıq aktivləşərək avtoimmun reaksiyaya çevrildikdə, sağlam hüquqi və institusional toxumalar da zədələnə bilər.

Bu tarazlığın qorunması üçün bir neçə əsas prinsip nəzərə alınmalıdır. İlk növbədə, qanunilik və mütənasiblik prinsipi önəmlidir. Müdafiəçi demokratiya çərçivəsində nəzərdə tutulan tədbirlər yalnız hüquqi əsaslar mövcud olduqda və real zərurət şəraitində tətbiq olunmalıdır. Hər hansı siyasi partiyanın və ya ictimai qrupun qadağan olunması, yaxud söz və ifadə azadlığının məhdudlaşdırılması kimi tədbirlər yalnız açıq, yaxın və sübutedilən təhlükə mövcud olduğu hallarda hüquqi cəhətdən əsaslandırıla bilər. Məsələn, AİHM-in "Rifah Partiyası Türkiyəyə qarşı” işində vurğulandığı kimi, sırf anti-sekulyar ideologiyanın daşıyıcısı olmaq partiyanın qadağan olunması üçün yetərli deyil. Ancaq əgər həmin partiyanın konkret fəaliyyət planı və cəmiyyətdəki real siyasi çəkisi demokratik konstitusiya quruluşu üçün yaxın perspektivdə əhəmiyyətli təhlükə yaradırsa, bu zaman dövlətin müdaxiləsi legitim sayılır. Bu yanaşma göstərir ki, tətbiq edilən məhdudiyyətlər profilaktik yox, məhz preventiv xarakter daşımalıdır – yəni təhlükə həm real, həm də sübutedilən olmalıdır.

İkincisi, tətbiq edilən məhdudiyyətlər müvəqqəti və nəzarətə açıq olmalıdır. Demokratiyanın özünümüdafiə məqsədi ilə verilən fövqəladə səlahiyyətlərin müddəti və hüquqi çərçivəsi əvvəlcədən müəyyənləşdirilməli, normallaşma bərpa olunduqca bu tədbirlər dərhal ləğv edilməlidir. Məsələn, fövqəladə vəziyyət rejimi tətbiq edən konstitusion və qanunvericilik aktlarında adətən bu rejimin Parlament tərəfindən təsdiqi, müəyyən müddət ərzində nəzərdən keçirilməsi və uzadılması prosedurlarına dair mexanizmlər mövcuddur. Bu, hökumət orqanlarının "təhlükə var” bəhanəsi ilə fundamental hüquq və azadlıqları qeyri-müəyyən müddətə məhdudlaşdırmasının qarşısını almağa xidmət edir. Əks halda, fövqəladə rejim daimi hala çevrilə, nəticədə isə demokratik institutlar iflic vəziyyətə düşə bilər ki, bu da müdafiə olunmağa çalışılan dəyərlərin özlərinə ziddiyyət təşkil edir.

Üçüncü prinsip, qərarvermə və icra prosesində müstəqil institusional nəzarət mexanizmlərinin mövcudluğu ilə bağlıdır. Məsələn, siyasi partiyanın qadağan edilməsi qərarı yalnız müstəqil məhkəmə orqanı tərəfindən verilməlidir; icra hakimiyyəti belə qərarları özbaşına qəbul edə bilməz. Almaniya nümunəsində bu məsələyə Federal Konstitusiya Məhkəməsi səlahiyyətlidir. Azərbaycanda isə 2023-cü ildə qəbul olunmuş "Siyasi partiyalar haqqında” Qanuna əsasən, siyasi partiyanın ləğvi ilə bağlı mübahisələr yalnız məhkəmə instansiyasında – xüsusilə apellyasiya məhkəməsində həll edilir. Bu kimi institusional və hüquqi mexanizmlər siyasi sui-istifadə riskini azaldır və təmin edir ki, yalnız real təhlükə mövcud olduqda dövlət müdaxilə edə bilsin. Əks halda, avtoritar yönlü rejimlər "müdafiəçi demokratiya” ritorikasından istifadə edərək sadəcə siyasi rəqibləri susdurmaq məqsədilə məhdudiyyətlər tətbiq edə bilərlər. Təəssüf ki, bu cür hallara tarixi nümunələr mövcuddur: bəzi avtoritar liderlər "ictimai sabitliyi qorumaq” bəhanəsi ilə fövqəladə vəziyyət elan edərək müxalifəti kütləvi şəkildə təqib etmiş, yaxud "ekstremizmlə mübarizə” adı altında ifadə azadlığını boğmuşlar. Belə halların qarşısını almaq üçün institusional nəzarət və balans mexanizmləri (checks and balances) xüsusilə önəmlidir.

Nəhayət, ictimai rəyin formalaşmasında və qərarların legitimliyində siyasi mədəniyyət və vətəndaş cəmiyyətinin rolu böyükdür. Cəmiyyət anlamalıdır ki, bəzi azadlıqların məhdudlaşdırılması bəzən demokratiyanın qorunması üçün zəruri ola bilər; lakin eyni zamanda vətəndaşlar hökumətdən şəffaflıq və hesabatlılıq tələb etməlidirlər. Media və vətəndaş cəmiyyəti institutları hökumətin "demokratiyanı qoruma” adı ilə atdığı addımları ciddi şəkildə müşahidə etməli, reallıqla əsaslandırılmayan və həddindən artıq sərt tədbirləri ictimai debat müstəvisinə çıxararaq tənqid etməlidirlər. Demokratik şüurun yüksək olduğu cəmiyyətlərdə həm radikal və ekstremist ideologiyalara qarşı güclü sosial immunitet mövcud olur, həm də dövlətin atdığı hər bir addım ictimai nəzarət altına alınır. Bu, demokratik sistemin öz dəyərləri içərisində sabit və çevik qalmasının təbii mexanizmini təşkil edir.

Yuxarıda qeyd olunanlar sübut edir ki, azadlıqlar və müdafiə tədbirləri arasında yerləşən bu həssas kəsişmə nöqtəsində "qızıl orta”nın tapılması demokratiyanın davamlılığı üçün həlledici şərtdir. Demokratiya nə öz prinsiplərini qurban verəcək qədər sərt olmalı, nə də sadəlövhcəsinə bütün təhlükələrə qarşı müdafiəsiz qalmalıdır. Unudulmamalıdır ki, Konstitusiya "intihar aktı” deyil – yəni qanunlar, özünün əsaslarını dağıtmağa yönəlmiş hərəkətlərə dözümlü yanaşmamalıdır. Lakin eyni zamanda, həmin konstitusional əsasları qorumaq bəhanəsi ilə hüququn aliliyi və fundamental azadlıqların kökündən silinməsinə də yol verilməməlidir. Bu tarazlığın təmin olunması, hər bir demokratik cəmiyyətin hüquqi və siyasi yetkinliyinin göstəricisidir. Bu baxımdan, bütün demokratik dövlətlər mütəmadi şəkildə hüquqi bazalarını müasirləşdirməli, institusional davamlılığı gücləndirməli və demokratik siyasi mədəniyyəti inkişaf etdirməlidirlər. Demokratiyanın özünü müdafiəsi əslində insan azadlıqlarının, hüquqi dövlətin və gələcək nəsillərin təhlükəsizliyinin müdafiəsidir.

Əli Qədimov
hüquqşünas

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->