Xəbər lenti

Parçalanan, amma güclənən təhlükə - İŞİD-ın yeni taktikası
Dünya 13:37 14.02.2026

Parçalanan, amma güclənən təhlükə - İŞİD-ın yeni taktikası

Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə Ofisi İŞİD-lı bağlı mühüm hesabat yayımlayıb.

Qaynarinfo xəbər verir ki, son 15 ildə Suriya və İraqda yaranmış hakimiyyət boşluğundan istifadə edərək güclənən, qeyri-qanuni əlaqələrlə mövqeyini möhkəmləndirən İŞİD Suriyada mərkəzi hökumətin qurulmasından sonra böyük ölçüdə zərərsizləşdirilib.

Lakin BMT-nin Baş katibi Antoniu Quterreşin imzası ilə təqdim olunan hesabat təşkilatın "yeni oyun sahəsi" və strategiyası barədə mühüm məqamları üzə çıxarır. Sənəddə qeyd olunur ki, ümumi qənaətin əksinə olaraq, İŞİD təhlükəsi qlobal miqyasda parçalanaraq artmaqdadır.

Hesabat göstərir ki, təşkilat yeni rəqəmsal maliyyə şəbəkələrindən və süni intellekt texnologiyalarından fəal şəkildə istifadə edir. Diqqət çəkən beş əsas məqam bunlardır:

1. Yeni zəmin: İŞİD daha mürəkkəb və çoxmərkəzli struktura çevrilib. Xüsusilə Qərbi Afrikadan Qırmızı dənizə qədər uzanan Sahel bölgəsi təşkilatın yeni genişlənmə ərazisi kimi göstərilir.

2. İŞİD/Xorasan: Əfqanıstan mərkəzli İŞİD/Xorasan qruplaşmasının həm regional, həm də beynəlxalq səviyyədə əməliyyat aparmaq qabiliyyətinin yüksək olduğu bildirilir. Bu qol ən ciddi təhdidlərdən biri hesab olunur.

3. Boşluq axtarışı: Təşkilat Suriyadan sonra siyasi qeyri-sabitliyin və zəif dövlət idarəçiliyinin mövcud olduğu ərazilərdə yaranan təhlükəsizlik boşluqlarından istifadə edir.

4. Süni intellekt: İŞİD xüsusilə gəncləri və uşaqları radikallaşdırmaq və öz sıralarına cəlb etmək məqsədilə süni intellektdən getdikcə daha geniş istifadə edir.

5. Maliyyə şəbəkəsi: Təşkilat maliyyələşməni rəqəmsal valyutalar vasitəsilə təmin edir. Kommersiya peyk rabitə sistemləri və pilotsuz uçuş aparatları kimi yeni texnologiyalardan istifadədə də artım müşahidə olunur.

Beş sui-qəsddən sağ çıxan lider

BMT hesabatının ən diqqətçəkən məqamlarından biri Suriya prezidenti Əhməd əl-Şara və iki nazirinə qarşı beş dəfə sui-qəsd cəhdinin edildiyi iddiasıdır. Əl-Şaranın silahlı münaqişə şəraitindən dövlət başçılığına uzanan yolu onu Yaxın Şərqin ən maraqlı siyasi fiqurlarından birinə çevirir.
Türkiyənin Suriyada siyasi sabitliyin təmin olunmasına verdiyi dəstək və ABŞ-ın bu prosesə maneə yaratmaması onun bir illik hakimiyyət dövründə əsas dayaq nöqtələri kimi qiymətləndirilir.

Bununla belə, BMT hesabatı 14 illik qanlı və dağıdıcı vətəndaş müharibəsindən sonra Suriyada davamlı sabitliyin qısa müddətdə bərqərar olmasının mümkün olmadığını göstərir. Sənədə əsasən, hazırda İraq və Suriyada təxminən 3000 İŞİD üzvünün mövcud olduğu ehtimal edilir.

Ən böyük problemlərdən biri isə Əl-Hol və Roj düşərgələrində saxlanılan 25 mindən çox insandır. Onların yarıdan çoxunun uşaq olduğu bildirilir. Hesabatda qeyd olunur ki, bu iki düşərgə yeni radikallaşma mühitinə çevrilə bilər.

Suriya hökuməti ilə YPG/SDG arasında inteqrasiya prosesinin bu baxımdan həyati əhəmiyyət daşıdığı vurğulanır. Son toqquşmalar zamanı həm qaçan, həm də azadlığa buraxılan yüzlərlə İŞİD üzvünün olduğu bildirilir.

Bu inteqrasiyanın qısa müddətdə və davamlı şəkildə təmin olunması Suriyanın mərkəzləşməsi ilə yanaşı, İŞİD tipli terror qruplarının qarşısının alınması üçün də kritik əhəmiyyət kəsb edir.

Aydın
--> -->