Xəbər lenti

Britaniya Avropanın müdafiəsini yenidən qurmağı təklif edir - Starmerin planı
Dünya 14:14 14.02.2026

Britaniya Avropanın müdafiəsini yenidən qurmağı təklif edir - Starmerin planı

Böyük Britaniya NATO-nun ABŞ-dan həddindən artıq asılılığını azaltmaq məqsədilə Avropa ilə müdafiə sahəsində daha sıx əməkdaşlığa hazırdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin baş naziri Kir Starmer bildirib. Məlumatı "Reuters" agentliyi yayıb.

Starmer Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı ABŞ-ın Avropa təhlükəsizliyinə böyük töhfə vermiş əvəzolunmaz müttəfiq olduğunu vurğulayacaq. Bununla yanaşı, o qeyd edəcək ki, daha "avropalaşmış” NATO qitənin Vaşinqtondan asılılığını azaltmasına kömək edə bilər.

Baş nazirin ofisi tərəfindən yayılan çıxış mətninin hissələrinə əsasən, Starmer deyəcək: "Mən Avropa təhlükəsizliyi və daha böyük Avropa muxtariyyəti vizyonundan danışıram. Bu, ABŞ-dən uzaqlaşma demək deyil, əksinə, məsuliyyətin tam bölüşdürülməsi çağırışına cavab verir və bizə uzun illər xidmət etmiş əlaqələri bərpa edir".

O, həmçinin müdafiə satınalmalarına yeni yanaşma tətbiq etməyə çağıracaq. Starmerə görə, Avropanın müdafiə sənayesi bazasında lazımsız təkrarlanmanın qarşısı alınmalıdır. Hazırkı parçalanma isə qitəni "yatmış nəhəng”ə çevirir.

Çıxışında Starmer bildirəcək ki, "biz artıq Brexit dövrünün Böyük Britaniyası deyilik” və əlavə edəcək ki, özünə qapanmaq ölkənin təhlükəsizliyi üzərində nəzarətdən imtina etmək anlamına gələr.

"Britaniya təhlükəsizliyi Avropasız mümkün deyil və Avropa təhlükəsizliyi də Böyük Britaniyasız mümkün deyil”, deyə çıxışda vurğulanır.

Avropanın müdafiəsi ilə bağlı son müzakirələr

Daha əvvəl "Bloomberg" Avropada nüvə silahının hazırlanması imkanlarının müzakirə edildiyini yazmışdı. Lakin jurnalistlərin məlumatına görə, Avropa bu məsələdə ehtiyatlı davranmağa çalışır.

Gözlənilir ki, Fransa prezidenti Emmanuel Makron bu ay Avropa ölkələrinə nüvə çəkindirmə mexanizmi təklif edə bilər. Bununla belə, bu təşəbbüsün perspektivləri hələ də qeyri-müəyyən qiymətləndirilir.

"The Times" nəşri isə yazıb ki, Avropa ABŞ-nin köməyi olmadan özünü müdafiə etməkdə çətinlik çəkə bilər. Ekspertlərin sözlərinə görə, Avropa ölkələri əsas hərbi avadanlıqların çatışmazlığı problemi ilə üz-üzədir.

Berlin ofisinin rəhbəri olduğu "European Council on Foreign Relations" analitik mərkəzinin təmsilçisi Yana Puqlierin bildirib ki, tarixən Avropada müharibə və münaqişələr adi hal olub. Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra yaranmış şok ABŞ-nin Avropada qalmasına və təhlükəsizlik arxitekturasının formalaşdırılmasına səbəb olub.

Aydın

--> -->