Xəbər lenti

Monarxlar-şahlar da qayıda bilirmi?..
Hüseynbala Səlimov
Dünya 11:11 12.01.2026

Monarxlar-şahlar da qayıda bilirmi?..

Əvvəl bir az təəccüblü, hətta paradoksal görünəcək bir şey demək istəyirəm: siyasət heç kimə, hətta monarxlara da xoşbəxtlik gətirmir. Çox adam şahları, kralları dünyanın bəxtəvər və qayğısız adamları bilir, amma onların da qayğısız həyatının bir gün sonu gəlir.

Keçmişə varmaq, qədim Avropadan və yaxud indiki Asiyadan (biz asiyalılar hələ avropalıların uzaq keçmişini yaşayırıq!) misal–filan gətirmək niyyətində deyiləm. İndi nəzərlər daha çox qonşumuz İrandadır, hansının ki, etirazçı siyasi palitrasında hələlik bir fiqur daha çox nəzərə çarpır: şahzadə Pəhləvi.

Bu günlərdə yenə onun bioqrafiyasına nəzər saldım: ona da xoşbəxt deməzdim, bəlkə də çox varlıdır (adamın yadına sərsəm "Varlılar da ağlayır” serialı düşür), amma xoşbəxt deyil. Həyatını siyasətə tabe etmiş bu ailənin də çətin ki, özünə "xoşbəxt ailə” deməyə dili gəlsin.

Ötənlərdə yazmışdıq ki, böyük ehtimalla iranlılar, o cümlədən də cənublu qardaşlarımız çətin ki, Pəhləvilərin, eləcə də keçmiş ABŞ imperiyasının (bəli, belə şey də oldu və axırda da İranda orta əsr-cəhalət inqilabına gətirib çıxardı) qayıtmasını istəsin. 

Amma iki nüans nəticələrlə tələsməməyə çağırır. Birincisi, şahzadə Pəhləvi böyük fəallıq nümayiş etdirməkdədir, az qala, bütün imkanlarını, kanallarını işə salıb. 

İkincisi, bizim cənublu soydaşlar hələ də qərar verə bilmirlər deyəsən, sanki bir az tərəddüd edirlər. Düzdür, az qala, hər gün "Təbriz də qalxdı!” kimi xəbərlər yayılır, fəqət, bunlarn təsdqini görmürük. 

Hələlik daha çox fəallıq edən farslar və farsdilli əhalidir. Onlar üçün Pəhləvi də bir fiqur kimi cəlbedici ola bilər: həm İran dövlətçiliyini hifz edəcək adam kimi, həm də ona görə ki, ortada hələ ki Pəhləvi kimi başqa fəal siyasi fiqur yoxdur. 

Yalnız daxildə bir nəfər var, o, da bizim Doktordur, bəli, prezident Pezeşkiandır, hansı ki, maksimum dərəcədə etiraz edən əhaliyə yaxın olmağa çalışır.

İnqilab onda dönməz və artan xarakter alır ki, "yuxarı”nın özündə parçalanma baş verir; ötən yazılarda da qeyd etmişidik ki, "yuxarılar”da ciddi parçalanma olmayanadək "aşağılar” yetərincə birləşə, zəruri "impuls” ala bilmir.    

Amma hələ ki ali ruhani elitasında bunu görmürük. Əvvəldə dedik ki, doktor Pezeşkian etirazçılara yaxın olmaq istəyir, fəqət bunu hakim elitada, dini və dünyəvi hakimiyyətlər arasında parçalanma, mühafizəkarlarla "liberal”lar arasında ciddi ixtilaf kimi yozmaq olarmı? Təəssüf, hələ ki, dərin "çatlar” görmürük, hələ də dünyəvi hakimiyyət qəti addım atmağa tələsmir. Ötən gün axşam prezident Pezeşkianın da xalqa müraciəti oldu, amma yenə də gözlədiyimiz, umduğumuz qətiyyəti hiss etmədik.   

Bir daha deyirik ki, indilərdə ən çox nəzərə çarpan fiqur şahzadə Pəhləvidir. Hiss olunur ki, Vaşinqton da onu irəli vermək istəyir. Niyə? Nə üçün? Səbəb çoxdur: Vaşinqtonun özəl maraqlarından tutmuş bəzi "obyektiv detallar”a qədər!.. 

Amma ötən həftə guya Trampın adından belə bəyanat yayıldı ki, Vaşinqton "Pəhləvi senarisi”ni İrançün məqbul saymır. Bunları düşünəndə həm də bir sual keçir beynimizdən: monarxlar da qayıda bilirmi? Axı indi 21-ci əsrdir! Görmüsünüzmü, nəinki indi, hətta ötən 20-ci əsrdə hansısa monarx təzədən hakimiyyətə qayıtsın? Şəxsən mənim yadıma gəlmir. Hətta ötən 20-ci əsr də daha çox imperiyaların və monarxların çöküşü ilə yadda qaldı.

Vəziyyəti qəlizləşdirən həm də yaxınlarda bir yazıda qeyd etdiyimiz məsələdir. Etirazların institusional tərəfi nəzərə çarpmır: onların arxasında nə dayanır, kim dayanır? Konkret siyasi tələblər, heç olmasa, işlək "mitinq komitələri” varmı? Yoxsa hər şey kortəbii xarakter daşıyır? 

Bunu xüsusilə onunçün vurğulayırıq ki, "aşağılar”dan senari gəlməyəndə, onların öz senariləri olmayanda "yuxarılar”dan və hətta kənarlardan "təşəbbüslər-təkliflər” gəlir və bir də ayılıb görürsən ki, bəs proseslər artıq tamam kənardan idarə olunur. 

Şəxsən bir siyasi müşahdəçi kimi hətta "Pəhləvi variantı”nın da sınanmasının tam əleyhdarı deyilik, amma bir neçə şərtlə: teokratik üsul-idarə tamam rədd edilsin, dünyəvi, lap tutaq ki, konstitusiyalı monarxiya qurulsun, monarxa, məsələn, İngiltərədə olduğu kimi, çox məhdud və hətta simvolik səlahiyyətlər verilsin, türk dili də daha bir dövlət dili kimi qəbul edilsin, müəyyən milli-mədəni haqlar təmin edilsin və s...

Bütün hallarda, bizim cənublu qardaşlarımız da gərək, siyasi proseslərdən kənarda qalmasınlar. Bir daha deyirik ki, doktor Pezeşkianın planını dəqiq bilmirik. Gözləyirik, adam bəlkə də axır dini hakimiyyətə qarşı çıxmağa qərar verəcək və bu halda cənublu soydaşlarımıza böyük ehtiyac olacaq. Bu variant alınsa, "Pəhləvi senarisi”nə də ehtiyac qalmaz: Pezeşkian digər etnik qrupların və ya xalqların da səs verdiyi, seçdiyi prezidentdir. Belə fiqur olduğu halda kənarda nəsə axtarmağa dəyərmi?

Son olaraq nə demək olar? Ümidliyik və gözləyirik! Amma proses çox uzanır və adətən etirazlar çox uzananda sönməyə başlayır...

Hüseynbala Səlimov

--> -->