Monastır rəhbəri Dini liderlərin Bakı sammitindən danışdı

Monastır rəhbəri Dini liderlərin Bakı sammitindən danışdı

"Dinlərarası sammitin keçirilmə yeri kimi Bakının seçilməsi təsadüfi deyil, çünki Rus Pravoslav Kilsəsi çoxdan Qafqaz Müsəlmanları İdarəsi və şəxsən Şeyxülislam Allahşükür Paşazadə ilə yaxşı münasibətlərə malikdir".

Bunu "Report"a Mixailo-Arxangelsk monastırının rəhbəri, iqumen Afanasi Seliçev deyib.

"Xristianlıqda dindən, Tanrıdan uzaqlaşma dövrü kimi qəbul olunan müasir dövrdə bu cür görüşlər çox vacibdir. Hər bir ağlı başında olan hökumət dövlətdə sabitlik olmasını istəyər, çox vaxt bu, ölkədəki dini aləmdən asılı olur. Dini liderlər bu məsələdə nüfuzları ilə daim alovlanan ixtilaf atəşini söndürə bilər", - iqumen A.Seliçev bildirib.

Onun sözlərinə görə, bu, xarici qüvvələrin dini fanatizm yolu ilə sabitliyi pozmağa çalışdığı MDB ölkələrində xüsusilə aydın görünür: "Qlobal miqyasda bu cür əməkdaşlıq dünya sabitliyinə də kömək edir. Qərbdə dominant ideologiyaya çevrilmiş neoliberalizm entropiyanın əsasını təşkil edən amilləri - suverenliyi, milliyyəti, ailəni, dini inkar edir və bununla da bizim antixrist, müsəlmanların isə dəccal adlandırdığı əfsanəvi şəxsin gəlişinə yol açırlar".

Qeyd edək ki, Dini liderlərin II Sammiti noyabrın 14-15-də Bakıda keçirilib və Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinə həsr olunub. Sammitə müxtəlif ölkələrdən ənənəvi dinlərin 200-ə yaxın lideri dəvət olunub.
XƏBƏRLƏR
BLOGLAR