Xəbər lenti

Moskvadan Bakıya dollar əvəzinə “Bitcoin”?
Ekonomiks 21:05 15.04.2018

Moskvadan Bakıya dollar əvəzinə “Bitcoin”?

Rusiyada kölgə iqtisadiyyatının liderləri açıqlanıb. Belə ki, Rusiya Bankı paytaxt Moskvada kölgə iqtisadiyyatına liderlik edən ticarət mərkəzləri ilə bağlı faktlar toplayıb. Məlum olub ki, bu sahədə liderliyi "Moskva" Ticarət Mərkəzi, "Sadovod" bazarı, "Fudsidi"dəki məntəqələr edir. 

Aylıq dövriyyə isə 600 milyard rubldan da çox olur. Ancaq onların bank hesabları ya yoxdur, ya da mövcud bank hesablarında heç bir hərəkətlənmə hiss edilmir. Məsələ burasındadır ki, həmin ərazilərdəki ticarətçilərin valyuta əməliyyatlarının böyük hissəsi heç bir rəsmi qeydiyyata daxil edilmir. Ticarətçilər isə əsasən kriptovalyuta alır və onu vətənlərinə göndərərək yerli pulla dəyişdirirlər. Rusiya qanunverciliyi kriptovalyutanı dəstəkləməsə də, həmin məntəqlərdə elektron vəsaitin alınması geniş yayılıb. Beləliklə, kölgə iqtisadiyyatı ilə məşğul olan qrup və ya ayrı-ayrı şəxslər ölkədən nəğd valyuta çıxarmayaraq elektron puldan istifadə edirlər.

Məlumat üçün bildirək ki, "Sadovod” bazarı İlham Rəhimov və onun Azərbaycandan olan yəhudi ortaqları - Zarah İliyev və Qod Nisanova məxsusdur. Məlumatlara görə azərbaycanlı miqrantların böyük əksəriyyəti də məhz bu bazarda işləyir. Maraqlıdır, onların ölkəyə kriptovalyuta göndərməsi mümkündürmü?

Maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycanda kriptovalyutaların rəsmi olaraq tanınmadığını deyib:

"Bu yalnız o halda mümkün ola bilər ki, Azərbaycanda kimsə kriptovalyutanı almaq istəyir. Rəsmi olaraq heç bir qanun yoxdur. Azərbaycanın rəsmi mövqeyi bundan ibarətdir ki, kritovalyutaları tanımır. Doğrudur, Azərbaycanda bununla bağlı qanun layihəsi artıq var. Hökumət artıq bunu hazırlayıb. Mən də oxumuşam həmin layihəni, normaldır. Hökumət bu istiqamətdə müəyyən işlər aparır, bu sahəni tənzimləmək istəyir. Amma hələ ki, belə bir qanun qəbul edilməyib. Rusiya da vəziyyət eynidir”.

Qanun olmadığı halda dövriyyənin necə aparıldığına toxunan Əkrəm Həsənov deyib ki, bu iki şəxsin razılaşması ilə mümkün olur:

"Məsələn, siz kriptovalyuta satırsız və bunu mənə təklif edirsiz. Mən əgər bunu almaq istəyirəmsə, razılaşıb alqı-satqı edirik. Yəni, Azərbaycanda kriptovalyuta adi bir əmtəədir. Alıcı tapılsa, əlbəttə ki, onu pula çevirmək mümkündür. Amma belə bir birja, bazar yoxdur. Ya da deyək ki, məşhur bir rəssamın çəkdiyi şəkilini Azərbaycana gətirib Əkrəm Həsənova göstərsəniz onun 1 milyon dəyəri də olsa mən ona heç 10 min də verməyəcəm. Çünki o, mənim üçün heç nədir. Amma biri çıxıb deyəcək ki, mən incəsənətə yüksək qiymət verirəm və onun dəyərini verəcək. Amma hesab edirəm ki, Azərbaycanda da artıq kriptovalyutalarla maraqlananlar çoxdur. Düşünürəm ki, kriptovalyutaları Azərbaycanda da alan var”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->