Ölkə 17:11 27.01.2022

“MTN işi”ndə mərmər balta və “500 minlik əməliyyat”

"Məni 1 il qanunsuz olaraq Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında girov kimi saxlayıblar”. 

Bu barədə Qaynarinfo-ya "MTN işi” ilə bağlı istintaqda zərərçəkmiş kimi tanınmayan Arif Allahverdiyev deyilib.

Arif Allahverdiyev keramika, kafel-metlax satışı ilə məşğul olan "Santemax” MMC-də sürücü işləyib. Onun sözlərinə görə, 2010-cu ildə "Santemax” MMC-nin rəhbəri Əhməd Mirzəyev ona bağlama verərək Zaur adlı şəxsə çatdırmağı tapşırıb: 

"Mən getməmişdən əvvəl Zaura zəng edərək dedi ki, sürücü Arifi yollayıram, mala bax və elə Arifə də ver geri gətirsin. Mənə Zaurun telefon nömrəsini də verdi. Onunla əlaqə saxladım, evinin yerini dedi. Gün ərzində Əhməd Mirzəyevin tapşırığı ilə bir çox ünvanlara kafel-metlax, aksessuar aparırdım, onun bütün tapşırıqlarını yerinə yetirirdim. Həmin gün də Əhməd Mirzəyev mənə tapşırıq verdi ki, içində nə olduğunu bilmədiyim bağlamanı aparıb Zaur Əliyevin evinə catdırım və sonradan geri qaytarım. Axşamüstü idi, Zaurla əlaqə saxladım, evinin ünvanını dəqiqləşdirdim. Dedim ki, Əhməd müəllim sizə bağlama yollayıb. O da ünvanı deyib məni gözlədiyini bildirdi. Zaurun evinə getdim, bağlamanı verdim. O da məni çaya dəvət elədi. Zaur dedi ki, çay içək, səni yola salacağam. Elə yenicə oturdum ki, qapı döyüldü. Zaur qapıya getdi. Qapı açılan kimi MTN-çilər evə basqın etdilər. 5 nəfər idilər, onlara rəhbərlik edənin adı Mamay idi. Özünü Mamay Quluzadə kimi təqdim etdi. Nə baş verdiyini anlamadım”.

Arif Allahverdiyev deyir ki, MTN əməkdaşları onun apardığı bağlamanı açıblar: 

"Zaurun evinə apardığım bağlamanı açdılar, içindən mərmərdən olan balta çıxdı. Orada olduğumuz müddətdə MTN-çilər evdə axtarış apardılar. Zaur da onlardan axtarışla bağlı məhkəmə qərarı tələb edirdi. Mamay da ona dedi ki, evin yanında MTN-in antiterror əməliyyat qrupu gözləyir, zəng eləsə, evə maskalılar basqın edəcək. Mamay bundan sonra onunla gələnlərdən birinə MTN-də öz xidməti otagının açarını verib iş yerinə yolladı. Bir qədər sonra həmin MTN-çi də qayıdıb gəldi, əlində bir ovuc qızıldan ibarət xırda heykəllər vardı. Onları da baltanın yanına qoyub dedi ki, bunları da Zaurun evindən götürmüşük. Protokol tərtib etdilər. Zaurdan və məndən tələb etdilər ki, protokolu imzalayaq. Protokolda nə istəmişdilər, onu da yazmışdılar. Zaur da, mən də etiraz olaraq heç bir sənədə qol çəkmədik. Mamay başının dəstəsinə dedi ki, gedək, sonra məsələni həll edərik. Zaura gətirdiyim bağlamanı da, özlərinin xırda heykəllərini də götürüb getdilər”.

Sürücü Arif Allahverdiyev deyir ki, bundan sonra Zaur Əliyevin evini tərk edərək iş yerinə qayıdıb, Zaurun evində baş verənləri Əhməd Mirzəyevə danışıb:

"Bir həftə sonra məni də, Əhməd müəllimi də MTN-ə çağırdılar. Ora getdik. Mənimlə Təhsin Ağayev danışdı. Dedi ki, müstəntiqlərin rəhbəridir. Məndən qaçaqmalçılıqla bağlı soruşdu. Dedim ki, mən sürücüyəm, harada sərhəd keçdim ki, qanunsuzluq da edəm, qaçaqmalçılıqla məşğul olam. Təhsin Ağayev cılız, balacaboy biri idi, tez-tez də əli ilə saçına tumar çəkib məndən pul istəyirdi. Hədə-qorxu gəlir, pul tələb edirdi. Deyirdi ki, 300 min manat verməsən, MTN-dən çıxan deyilsən. Ona deyirdim ki, mən sürücüyəm, məndə o qədər pul yoxdur, heç olmayıb da. O qədər bezdirmişdi ki, əsəblərim dözmürdü. Təhsin Ağayevə dedim ki, mən maaşa işləyən sürücüyəm, niyə başa düşmək istəmirsən. Sənə 300 manat, uzağı 3 min manat borc alıb verə bilərəm. Dirəşmişdi ki, qohum-əqrəbandan yığın, verin”.

Sürücü deyir ki, pul verə bilmədiyi üçün onu MTN-in təcridxanasında bir ilə yaxın qanunsuz olaraq saxlayıblar: 

"Mənə Zaurun evində tərtib etdikləri protokolu sonradan imzalamağa məcbur etmişdilər. Dedilər ki, protokolu imzalamasan, başına oyun açacağıq. Həbsdə olduğum müddətdə məni dindirən, danışdıran olmurdu. MTN-də nəyə görə saxlanıldığımı anlaya bilmirdim, bu günə kimi də anlamıram”.

Arif Allahverdiyev iddia edir ki, həbsdən çıxandan onun azad edilməsi üçün Əhməd Mirzəyevdən külli miqdarda pul alındığını öyrənib:

"Əhməd müəllim özünün və mənim həbsdən cəzasız çıxmağımız üçün hakimə 80 min manat pul verib. Ona görə bizə şərti cəza verdi. Məhkəmədə bildim ki, istintaq zamanı Əhməd müəllimdən Təhsin Ağayev 500 min dollar pul alıb zaminə buraxıb. Təhsin Ağayev, onun rəhbərləri məni heç bir günahım olmadan qanunsuz olaraq həbsdə saxladılar, ailəmi çətin duruma saldılar. Bu gün də borc-xərcin içindəyik. Məni isə ümumiyyətlə, istintaqa çağırmayıblar. Şahid kimi belə dindirməyiblər, zərərçəkən kimi də tanımayıblar. Dövlət rəhbərliyindən xahiş edirəm, bu cinayəti törədən keçmiş MTN-in vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilsinlər, cəzalarını alsınlar, iş üzrə məni zərərçəkmiş kimi tanısınlar və mənə dəymiş maddi-mənəvi ziyanın ödənilməsi təmin edilsin”.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-nin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlana Şıxəliyev və digərlərinin cinayət işi üzrə proses davam edir. İş üzrə 32 zərərçəkən və dünyasını dəyişmiş 4 zərərçəkənin hüquqi varisi var. 

Seyid

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?