Ölkə 18:46 02.03.2021

Müəllimlər yeni mexanizmlə pul yığır, nazirlik isə fakt kimi uşaq adı istəyir...

 
"Məktəblərdə şagirdlərdən zorla pul tələb edirlər”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov orta ümumtəhsil məktəblərində 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə şagirdlərdən pul yığılmasıyla bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirərkən deyib. Ekspert təəssüf hissi ilə məktəblərdə müəllimlərə az pul verən şagirdlərin təhqir olunduğunu vurğulayıb:

"Təhsil Nazirliyi hər il əlamətdar günlərlə bağlı, yəni, pul yığılması ilə bağlı məlumatlara cavab olaraq bəyanat yaymaqla bitmiş hesab edir. Bu, heç də yaxşı hal deyil. Kifayət qədər "Whatsapp” yazışmaları və məlumatlar olsa da, Təhsil Nazirliyi hər hansı bir cəza tədbiri görməyib. Təəssüflər olsun ki, Təhsil Nazirliyinin başı təhsildə "ulduz” seçiminə qarışıb və yaxud hansısa mənasız konfransları təşkil etməyə, mənasız görüşlər keçirməyə qarışıb. Amma mətəblərdə şagirdlərdən zorla pul yığılması ilə bağlı daxil olan müraciətlərə baxmır. Başqa əsassız bir şey olan kimi Təhsil Nazirliyi həmin anda açıqlama verər. Bizdə də məktəblərdən kifayət qədər müraciətlər daxil olub ki, bayramla əlaqədar pul yığırlar. Özü də sanki hansısa dövlət qurumu tərəfindən konkretləşdirilmiş bir məbləğ qoyurlar. Yəni, mütləq hamı 50-100 manat ödəməlidir”.

Kamran Əsədov əlavə edib ki, Təhsil Nazirliyinin qaynar xəttinə məlumat verəndə onlar şagirdin adının çəkilməsini tələb edirlər:

"Şagirdin adını hallandırsaq, o saat ona qarşı təzyiq göstəriləcək. Bu gün məktəblərdə pul yığımı ilə bağlı anonim müraciətlərə icazə vermək və onların qeydiyyatını aparıb, araşdırıb tədbir görmək lazımdır. Təhsil isti otaqda, yumşaq kresloda oturaraq və yaxud da hansısa "ulduz” müsabiqəsini keçirməklə idarə olunmur. Təhsil üçün gəzmək və müraciətləri araşdırmaq lazımdır”.

Ekspert qeyd edib ki, təhsil sistemində yeni bir tendensiya yaradılıb:

"Whatsapp”da qruplara kart nömrəsi atırlar. Həmin kartlara aparat və digər qurğulardan ödənmələr tələb olunur. Belə başa düşürəm ki, onların bu dövrdə fəaliyyətləri ancaq məktəblərdə pul yığılmanın yeni mexanizmə keçirilməsi olub. Təhsildə başqa ciddi bir şey yoxdur. Bu da onu göstərir ki, Təhsil Nazirliyi ictimaiyyətlə işləmir, müvafiq müraciətlərə baxmır. Məktəblərdə insanlardan böyük məbləğlərdə pullar alınır, amma bununla bağlı heç bir addım atılmır”.

Bahar Rüstəmli