Navalnı kimdir və Putin üçün nə dərəcədə təhlükəlidir? (ŞƏRH)

Navalnı kimdir və Putin üçün nə dərəcədə təhlükəlidir? (ŞƏRH)

Almaniyadan Rusiyaya qayıdan müxalifət lideri Aleksey Navalanı təyyarədəcə həbs olunub. Navalnını qarşılamaq istəyən tərəfdarlarından saxlanılanlar olub. Paytaxt Moskvada hüquq-mühafizə orqanları fövqəladə vəziyyət rejimində çalışmağa başlayıb.

Müşahidəçilər Navalnının həbsini Putin hakimiyyətinin zəif olmasının əyani sübutu kimi təqdim edir və yaxın zamanlarda Rusiyada demokratikləşmə proseslərinin sürətlənəcəyini proqnozlaşdırırlar. 

Rusiyada yaşanan siyasi prosesləri Qaynarinfo üçün şərh edən Zərdüşt Əlizadə isə Navalnını Putin hakimiyyəti üçün təhlükə saymır. Onun sözlərinə görə, Rusiyada hakimiyyət üçün yeganə təhlükə özlərinin tamahkarlığından yarana bilər: 



"Navalnının hansı resursları var? Ordusu yox, əsgəri yox, milyardları yox, güclü təşkilatlanmış partiyası yox, hansısa inqilabi nəzəriyyəsi yox. Hörməti var. Xüsusi ilə də liberal gənclər arasında nüfuzu var. Putinin əlində isə hər şey var. Ordu, xüsusi xidmət orqanları, televiziya kanalları və s. O cümlədən də xalqın cəhaləti. Belə bir vəziyyətdə Navalnı Putinə heç nə edə bilməz. Çünki Rusiyada ədalətli seçki sistemi də yoxdur. Moskvada son seçkilərdə ikinci yerə çıxmışdı. Onda da Navalnını tutub, ona qarşı cinayət işi qaldırdılar. İndi isə Navalnının namizədliyini vermək hüququ yoxdur. Navalnı korrupsionerləri ifşa edir, onlarla bağlı araşdırmalar aparır və yayır. Amma bütövlükdə Putin rejimi üçün böyük bir təhlükə yaratmır. Putin rejimi üçün ən böyük təhlükə özlərindəndir. Əndazəni aşıb Rusiyanı söküb dağıdanda, milyardları oğurlayanda, əhali kasıblaşanda, bərabərsizlik ağlasığmaz səviyyəyə çatanda bu, Putin üçün təhlükədir. Amma Navalnı inqilabçı deyil. Rusiyada gələcək inqilabın əsas şüarı "Ədalət” olacaq. Navalnıda isə ədalət yoxdur, sadəcə, qanunun aliliyini önə çəkir və korrupsionerlərə "az oğurlayın” deyir”.

Qərbin Rusiyaya qarşı təzyiqlərinin artacağını deyən Zərdüşt Əlizadə Navalnının həbsini Putinin qorxaqlığı ilə izah etməyi düzgün saymır: 

"Sadəcə, Putin hakimiyyəti kimi rejimlər üçün belə həbslər adi bir şeydir. Həbsin ölkənin dünyadakı nüfuzuna təsir edib-etməyəcəyini düşünmürlər də. Bircə "Fas” komandası verib, həbs edirlər. Vəssalam. Qərbin əlinə indi girəvə düşüb ki, Rusiyaya qarşı bir az da təzyiqləri artırsın. Qərbin diktatura rejimlərinə münasibəti belədir. Fürsətdən istifadə edib, təzyiqlərlə maraqlarını təmin etsin...”

Orxan Əhmədli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR