"Mədəniyyət Nazirliyi 5 günlük kitab sərgi-yarmarkasına 300 min manat pulun xərclənməsi ilə bağlı hesabat verməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu Mədəniyyət Nazirliyinin 5 günlük kitab sərgi-yarmarkasına 300 min manat pulu hara xərcləməsi ilə bağlı sualımızı cavablandırarkən deyib.
Direktor bu məsələdə Mədəniyyət Nazirliyini ittiham edib:
"Bu fakt Milli Məclisdə də səslənib. Biz də bunu deyirik, amma Mədəniyyət Nazirliyi qapını bağlayıb oturub. Elə bil atalarının mülkündə oturublar. Deputatlar, naşirlər də deyir ki, kitab sərgi-yarmarkasına 300 min manatın xərclənməsi ilə bağlı hesabat verilməlidir. Ancaq nazirlik hesabat vermir. Nəşriyyatlar özləri pul yığar, istədikləri yerdə sərgi keçirər. Amma Azərbaycan xalqı, dövlətinin 300 min dərdi var - qaçqın, köçkün, yeni azad olunmuş torpaqların bərpası, uşaq puluna kimi... saymaqla bitmir. O pula Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş həmin rayonlarda kitabxanalar açardı da. Açsın. Axı niyə 300 mini boş-boşuna, havaya sovururlar. Hansı səbəbə? Bu boyda pul xərclənib, ortada fakt var, amma hesabat vermək istəmirlər. Əvvəl həmişə özləri yarmarka təşkil edirdi. Bizim ağlımıza gəlməzdi ki, sərgi keçirək. İndi görürük ki, bu sərgilər adı altında nə qədər böyük pullar silinib. Bu boyda pulu sərgi adına niyə silirsiniz? Bu pular hara getdi?”
Naşir Rasim Qaraca isə bildirib ki, Mədəniyyət Nazirliyinin keçirdiyi sərgi dövlətin bir proqramıdır:
"Sərgi dövlət səviyyəsində təşkil olunub. Xaricdən qonaqlar dəvət olunub, dekorasiyası var. Mən bu sərgiyə nəyin necə və hara xərclənməsi ilə bağlı heç nə deyə bilmərəm. Orada müəyyən xərclər var, amma bu xərclər nə qədərdir, bu, başqa məsələdir. Yəqin ki, bunu təşkil edən şəxslər məsuliyyət daşıyırlar və buna da cavabdehdirlər. Bütün hallarda bu bir mədəniyyət göstəricisidir. Şəxsən mən nəşriyyat olaraq keçirilən hər iki sərgidə ödəniş etməmişəm. Mənə stend veriblər və orada kitablarımı satmışam, oxucularla görüşmüşəm və müəyyən gəlir əldə etmişəm. Bu, mənə görə çox yaxşı haldır”.
Mədəniyyət Nazirliyi "Baku Ekspo Mərkəzi"ndə təşkil etdiyi 5 günlük kitab sərgi-yarmarkasına 300 min manat pul xərcləyib. "Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun dediyinə görə, Bakı İdman Sarayında nəşriyyatların öz təşəbbüsüylə keçirdiyi sərgi xərci isə 5 min manatı aşmayıb.
Bahar Rüstəmli
Şərhlər