İdman 17:50 01.12.2021

NBA-nın ulduzu koronavirusa yoluxdu

NBA-da çıxış edən "Los Anceles Leykers"in ulduzu Lebron Ceyms bir müddət meydanlardan uzaq qalacaq.

Qaynarinfo xəbər verir ki, buna səbəb məşhur basketbolçunun COVID-19 testinin nəticəsinin müsbət çıxması olub. Amerika mətbuatında yer alan xəbərə görə, bu səhər "Sacramento Kings"lə səfər oyunundan əvvəl standart COVID-19 testi müsbət çıxan oyunçu yenidən test edilib və nəticəsi mənfi olub. Ancaq üçüncü və sonuncu testdən sonra ulduz oyunçunun COVID-19-a yoluxduğu müəyyənləşib və oyunların protokollarına daxil edilməyib.

Şəxsi təyyarəsi ilə evinə yollanan Ceyms orada karantində qalacaq. Liqa qaydalarına əsasən, COVID-19 testi müsbət çıxan oyunçu ən azı 10 gün karantində qalmalı, ya da 48 saat ərzində iki neqativ test nəticəsi təqdim etməlidir. Sentyabrda pandemiya və peyvəndlə bağlı fikirlərini açıqlayan məşhur basketbolçu, ailəsi ilə birlikdə tam peyvənd olunduğunu açıqlamışdı.

36 yaşlı oyunçu bu mövsüm orta hesabla 25,8 xal, 5,2 ribaund və 6,8 məhsuldar ötürmə ilə yadda qalıb.

Səbuhi Həsənov