Hüseynbala Səlimov
Ən kiçik daxili siyasi həyəcanlanmaları, az qala, ən xırda narazılıqları belə incə geosiyasi məqamlarla bağlamaq siyasi həyatda tanış hadisə və hətta adi haldlr, baxmayaraq ki, əksər geosiyasət biliciləri formal olaraq özlərini konspirologiya həvəskarlarına aid etmirlər, amma bununla belə "gizli, məkrli sövdələşmələr” nəzəriyyələrinin təsirindən tamam qurtula da bilmirlər.
Bu baxımdan qətiyyən istisna deyil ki, Fransada da baş verən ən son hadisələrin, o cümlədən də uzun müddətdir davam edən "sarı jiletli”lərin siyasi etirazlarınlın belə konkret geosiyasi çalarları və məmzunu vardır.
Axı bəzi mütəxəssislər prosesin lap əvvəlindən burada "okeanın o biri tərəfinin izləri”ni duyur, xüsusən də NATO-nun Londom sammitindən sonra görücülük edirlər ki, Fransa prezidenti E.Makron çətin ki, axıra qədər öz postunda qala bilsin.
Birmənalı demək lazımdır ki, bu cür arqumentlər və mülahizələr tamamilə əsassız da görünmürlər: "hansısa gizli əl” ayrıca "geosiyasi və geoiqtisadi vahid” olmağa çalışan Avropa Birliyini "sökməyə” cəhd edir.
Amma ölkələr də müxtəlif olur. Elələri var ki, ən kiçik siyasi həyəcanlanma belə fövqəl-təbii möcüzə kimi qarşılanır. Məhz belə ölkələrdə bunu bir qayda olaraq onların doğmaca "stabillik adaları”na kənar və hətta fövqəl-müdaxilə kimi qəbul edirlər,- xüsusən də həmin ölklərin patriotları və ya mühafizəkarları.
Elə ölkələr də var ki, burada hər şey tərsinədir. Bu ölkələrdə, əksinə uzunmüddətli sabitlik və durğunluq, siyasi sükut insanların təəccübünə səbəb olur və artıq adi insanları konspiroloji fikirlərə sürükləyir ki, niyə belə olur, bəlkə kimsə bizim ölkəmizi cadulayıb, qarğıyıbdı? Axı bu cür sementləşmiş-betonlaşmış sabitlik heç yerdə olmur! Bəlkə bu da hansısa bir gizli sövdələşmənin nəticəsidir?..
Fransa bir ölkə olaraq məhz belələrinə nümunədir. Yadımıza gəlir, illər bundan əvvəl bir xarici müəllifin kitabını oxumuşduq. Müəllif hər Avropa xalqına bir simvol tapmışdı. İngiltərə, məsələn, dənizlə, Almaniya meşə və ağaclarla (ordu və əsgərlərin təcəssümü kimi!), Fransa isə inqilabla simvolizə olunmuşdu.
Etiraf etmək lazımdır ki, bu, çox təbii qəbul olunurdu: tək bir əsrdə Fransada dörd böyük inqilab olmuşdu və ömründə, necə deyərlər, Şeytanın qıçını sındırıb, bir dəfə küçəyə çıxan və tələsik də evə qaçan, amma illərlə "Əşi, bu xalq düzələn deyil” deyən insanların ölkələrindən fərqli olaraq Fransa belə bir ölkə olmuşdu və bir daha ərz edirik: bir əsrdə dörd inqilab...
Bu, yaxşıdır, ya pis – bilmirik, bircə onu bilirik ki, faktdır. Və bir də onu qeyd edirik ki, belə çətin məsələdə biz hakim ola bilmərik.
Həm də onu da bilirik ki, lap Böyük Fransa inqilabından başlayaraq yaxşı da çox olubdur, pis də; azadlıq da olubdur, gilyotina da; ölkə təkcə özünün inqilabi burjuaziyası ilə seçilməyib, həm də hamıdan əvvəl ilk kommunları sınaqdan keçirməsilə yadda qalıbdır...
"Fransa bir nümunə kimi digər, xüsusən də gənc və kiçik ölkələr tərəfindən təqlid olunmalıdırmı?” sualına gəldikdəsə, demək lazımdır ki, o, çoxdan təqlid obyektidir: yüz illər ərzində dünyanın ən mütərəqqi insanları ilhamlarını məhz Fransadan, Böyük Fransa inqilabından, onun "İnsan və vətəndaş haqları bəyannaməsi”ndən, inqilabi və tərəqqipərvər ruhundan, bu inqilabın bütün dünya üçün çağırışlarından alıblar...
"Təkamül yaxşıdır, yoxsa inqilab?” – dünyanın zəkalı insanları bu sual üzərində də çox baş sındırıblar və demək lazımdır ki, bu sualın birmənalı, inandırıcı cavabı tapılmayıb və çox gülməli olardı ki, biz bu suala cavab vermək iddiasında və missiyasında bulunaq.
Yox, bizim təkamül və ya inqilab arasında birmənalı seçim etmək fikrimiz yoxdur, yalnız onu deyə bilərik ki, bunların hər ikisindən də pis laqeydlik, etinasızlıq, sosial ətalətlilik və passivlik, sürü itaətkarlığı, sosial və insani qorxaqlıq və mütilikdir – axı elə anlar olur ki, insan nəyəsə təkcə ona görə münasibət bildirməli olur ki, o, sadəcə, insandır, hansısa ikiayaqlı bioloji və yaxud zooloji varlıq deyil.
Belə suallar xüsusən də keçmiş sovet ölkələrində daha çox müzakirə olunur. Demək lazımdır ki, bu ölkələrdə stabillik az qala kultlaşdırılıb və insanlar onun peşimançlığını çəkirlər ki, ata-babaları böyük səhv edərək Oktyabr inqilabını ediblər və sovet quruluşunu yaradıblar və odur ki, bu adamların çoxunda "inqilab” sözünə qarşı "allergiya” var və bu adamlar ata-babalarının səhvini təkrarlamaqdan çox ehtiyat edirlər.
Amma son vaxtlarda bu müstəvidə də çox şey aydınlaşıb, artıq dəqiq məlumdur ki, heç bir Oktyabr inqilabı olmayıb, bunun əvəzində Oktyabır çevrilişi olub, çünki bolşeviklər heç vaxt Rusiyada kütləvi və populyar partiya olmayıblar və onların "gücü” onda olub ki, bu partiya heç vaxt terror və kriminalla siyasi fəaliyyət arasında fərq qoymayıb, siyasi məqsədlərinə çatmaq üçün hər şeyi məqbul sayıb.
Bəli, Oktyabr çevrilişindən dərhal sonra, ilk seçkidə onlar eserlərə uduzdular və belə bir məğlubiyyət bolşeviklərə o qədər təsir etdi ki, bu adamlar birmənalı olaraq "qırmızı terror” yolunu tutdular.
Əlbəttə, bir qütbdən digərinə adlamamaq üçün daha optimal seçim sosial-siyasi reformizmə dəstək verməkdir. Amma siyasi mübarizənin küçə və mitinq üsullarını da tamamilə bir kənara tullamaq olmaz: ən çox inkişaf etmiş ölkələrdə belə, harada ki, parlament və müstəqil məhkəmələr yetərincə inkişaf edib, bununla belə yenə də küçə mübarizəsi və inqilablar olmadan keçinmək olmur, çünki ən demokratik parlamentlər və ən müstəqil məhkəmələr belə bəzən bir sıra siyasi ixtilaf və mübahisələri həll etmək gücündə olumurlar...
Şərhlər