Xəbər lenti

Neftin qiyməti
Dünya 14:23 03.07.2026

Neftin qiyməti "psixoloji həddə" düşə bilər: Analitiklərdən yeni proqnoz

"Citigroup” analitiklərinin proqnozuna görə, "Brent” markalı neftin qiyməti ilin sonuna qədər bir barel üçün 60 dollar səviyyəsinə qədər enə bilər. Buna səbəb Ormuz boğazı üzərindən neft daşımalarının bərpası və qlobal bazarda təklifin artmasıdır.

Qaynarinfo xəbər verir ki, "Bloomberg”ə istinadən yayılan məlumatda qeyd olunur ki, enerji bazarlarında vəziyyət sürətlə normallaşır. Analitiklərin fikrincə, daşınma axınlarının bərpası qısamüddətli təklifi artırır və bu da qiymətlərə təzyiq göstərir.

"Citigroup”un hesabatında bildirilir ki, fiziki bazarlarda zəifləmə müşahidə olunur, Çin alıcılarının aktivliyi aşağıdır və gözlənilən səviyyədə ehtiyat yığımı baş verməyib.

Digər maliyyə qurumları da oxşar proqnozlar verir. "Goldman Sachs” qlobal neft bazarının yenidən artıq təklif mərhələsinə keçə biləcəyini bildirir, "Morgan Stanley” isə son həftələrdə neft qiymətləri ilə bağlı proqnozlarını bir neçə dəfə aşağı salıb.

Hazırda "Brent” nefti 72 dollar civarında ticarət olunur. Qiymətin 60 dollardan aşağı düşməsi son dəfə yanvar ayında qeydə alınıb.

Məlumata görə, Ormuz boğazı Yaxın Şərq neft ixracının əsas marşrutu olaraq qalır. Son dövrdə ABŞ–İran gərginliyi fonunda bu bölgədə ticarət axınları pozulsa da, tərəflər arasında əldə olunan müvəqqəti razılaşma ilə vəziyyət nisbətən sabitləşib.

Analitiklər hesab edirlər ki, mövcud atəşkəs uzunmüddətli razılaşmaya çevrilərsə, bazarda təklif artımı davam edəcək və bu da qiymətlərin daha da azalmasına səbəb ola bilər.

Aydın
--> -->