Dünya 11:20 12.09.2018

Nəhəng şirkətdə işçilər tətil etdi: 150 reys təxirə salındı

İrlandiyanın Ryanir hava yolları şirkətinin Almaniyada çalışan pilot və ekipaj heyətinin 24 saatlıq tətili başlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, gecə saat 03:01-də başlayan tətil səbəbindən şirkət planlaşdırılmış 400 uçuşdan 150-sini təxirə salmaq məcburiyyətində qalıb.

Sabah saat 02:59-a qədər davam etdirilməsi gözlənilən tətil yüzlərlə sərnişinin planlarını alt-üst edib.

Şirkətdən verilən açıqlamada bildirilib ki, tətil daha uzun müddət davam etsə, ixtisarlar aparılacaq və bəzi şöbələr bağlanacaq. Hava yolları şirkəti əmək haqqı və iş şəraiti ilə bağlı problemlərin irlandiyalı bir vasitəçi tərəfindən həll edilməsini tələb edir. Etirazçılar isə irlandiyalı vasitəçinin Almaniya qanunvericiliyi barədə kifayət qədər məlumatlı ola bilməyəcəyini və bu səbəbdən ona hakimlik verilməsinin düzgün olmayacağını bildirirlər.

Qeyd edək ki, iyul ayında şirkətin İspaniya, Belçika, Portuqaliya və İtaliyadakı işçiləri də tətil etmiş, 600 reys təxirə salınmış və bu tətillər 100 min sərnişini əhatə etmiş di.

Həmçinin avqust ayında çalışma şərtlərinə etiraz edən pilotlar Almaniya, Belçika, Hollandiya, İsveç və İrlandiyada da tətil etmişdilər.

Qeyd edək ki, şirkətin 37 ölkədə 87 hava limanı fəaliyyət göstərir.