Ekonomiks 17:26 25.02.2020

Nəqliyyat eksperti: “Beynəlxalq təcrübəni öyrənməliyik”

Bakı şəhərində parkinq məsələsinin həm infrastruktur cəhətdən, həm də iqtisadi baxımdan analiz edilməsi üçün Bakı Nəqliyyat Agentliyi (BNA) beynəlxalq məsləhət xidmətləri ilə əməkdaşlıq edir.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Fins.az saytına bildirib ki, bu istiqamətdə beynəlxalq təcrübənoin öyrənilməsini vacib sayır:

"Şəhər nəqliyyatında hərəkətin təşkili, dayanma-durma və digər məsələləri həll edərkən beynəlxalq təcrübəni nəzərdən keçirmək lazımdır. Beynəlxalq təcrübəni həm yerli qurumların əməkdaşları gedib öyrənə bilər, həm də müxtəlif ölkələrdən peşəkar şəxslər Azərbaycana dəvət oluna bilər ki, onların bilik və bacarıqlarından istifadə edək. BNA xeyli müddətdir ki, xarici ölkələrdən olan peşəkar şəxslərlə işləyir, onların təklifləri və layihələri üzərində müzakirələr aparır. Təbii ki, bu məsələlər həllini taparkən yerli xüsusiyyətlər də nəzərə alınmalıdır. Əcnəbilərin düşüncə tərzi ilə bizim düşüncə tərzində fərq var. Ona görə yekun qərarları bizim qurumların rəhbərləri qəbul etməlidir. Xarici ekspertlərin ideyaları dinlənilməli, lakin yekunda qərar qəbul edilərkən bizim mental xüsusiyyətlər nəzərə alınmalıdır. Əminəm ki, məhz belə olacaq. Düşünürəm ki, beynəlxalq tərcübənin öyrənilməsi, beynəlxalq ekspertlərlə əməkdaşlıq qəbahət bir iş deyil və nə qədər xərc aparsa da, biz bu addımları atmalı, beynəlxalq təcrübəni öyrənməli, köklü və illər sonraya hesablanan dəyişikliklər üçün təhlillər aparılmalıyıq. Bunun nəticəsində də ortaya çox faydalı bir iş qoya bilərik. Bakıda daim bu cür analizlərin aparılmasına ehtiyac olub. Dünyada Bakı kimi başqa şəhərlər də var. O şəhərlərdə yaranmış problemlərlə bağlı necə çıxış yolu tapıblarsa, biz də həmin təcrübənin əsasında müəyyən problemləri həll edə bilərik. Lakin bir daha qeyd edirəm ki, bu addımları atarkən mental xüsusiyyətləri nəzərə almalıyıq. Belə olduqda müəyyən effekt əldə edə bilərik. Birbaşa sərt şəkildə verilən inzibati qərarlar yekunda müəyyən narazılıqlara gətirib çıxarır”.