Rail Məlikov Azərbaycan-Lüksemburq oyunundan danışıb“Hesab edirəm ki, millimiz Lüksemburqla matçda yaxşı oynadı. Hesabda irəlidə də olduq. Sadəcə, qələbəni buraxdığımız çox asan qolla əldən verdik”. Bu fikirləri "apasport"a açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Rail Məlikov deyib. Lüksemburqla ilk oyunumuzun iştirakçısı olan müdafiəçi səfərdə 2:1 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşündə iştirak edib.
Bundan sonra rəqiblə cari seçmə mərhələdə bərabərliyə (səfərdə 0:0, evdə 1:1) qaldığımız rəsmi matçları kənardan izləyən Məlikov qələbə qazana bilməməyimizə görə üzülür: “Çünki son oyunda çox qol imkanlarımız oldu. Onları dəyərləndirsəydik, böyük hesabla qalib gəlməli idik. Ancaq həm qolu gec vurduq, həm də az sonra buraxdığımız topun əvəzini çıxa bilmədik. Düzdür, Lüksemburqun da qol imkanları vardı. Ancaq bizdə daha çox oldu və ondan istifadə etməli idik. Demək olar hamı yaxşı oynadı. Nəticə ədalətli, oyuna görə olmadı. Biz qalib gəlməli idik”.
Türkiyənin “Dənizlispor” klubundakı həmyerlimiz Qətərlə yoldaşlıq görüşündə millimizi məğlubiyyətdən xilas etdikdən sonra Lüksemburqla oyunda 90 dəqiqə meydanda olan hücumçu Rüfət Dadaşovu bəyənməyib: “O, matçda elə də görünmədi. Ancaq cəzalı Rauf Əliyevin yeri görünürdü. Mahir Şükürov oyunda bir neçə dəfə sağ cinahdan yaxşı hava ötürmələri etdi. Rauf olsaydı, hava mübarizələrində yaxşı oynaya bilən futbolçu kimi bunları dəyərləndirə bilərdi. O, Mahirin ötən seçmə mərhələdə Belçika və Qazaxıstanla ev oyunlarında belə ötürmələrindən sonra topu qapıdan keçirmişdi. “Dənizlispor”dakı komanda yoldaşım Arif İsayevin meydana çıxacağını gözləsəm də, ehtiyatda qaldı. Elvin Məmmədovun isə oyuna daha tez daxil olacağını gözləyirdim”.
Legioner həyatı yaşadıqdan sonra artıq 1 ildir çağırılmayan 28 yaşlı Məlikov milli karyerasının başa çatdığını düşünmür: “Hesab edirəm ki, milli kitabım bağlanmayıb. Mən hələ ümidliyəm və vaxtımı gözləyirəm. Milli ölkəmizin 1 nömrəli komandasıdır və onun şərəfini qorumağa həmişə hazıram”.
Qaynar.info
Şərhlər