Əslində bu yazını sentyabrın 19-da yazacaqdım, ancaq bəzi səbəblərdən tarixi ertələməli oldum. Hansı səbəblərdən? Çünki özümdə mənəvi yorğunluq, ruh düşkünlüyü hiss edirəm. Ölkə futbolunda baş verənlər dözülməz həddə çatıb. Bir jurnalist kimi hardasa işin xatirinə dözürsən, ama bir futbolsevər olaraq alınmır. Duyğuları boğmaq olmur.
Ayın 11-də "Karvan"ın yaranmasının 15 ili tamam oldu. Ancaq niyə 11 iyun yox, sırf 19 sentyabr dedim. Çünki bu komanda ilə tanışlığım həmin tarixdə olmuşdu. Bu sevginin 15 illik yubileyi həmin tarixdi. Sadəcə son zamanlar ölkə futbolunda baş verən hadisələrdən sonra içimdə yığılan zəhəri axıtmasan, mənəvi rahatlıq tapa bilməyəcəkdim.
Bu yazını bir jurnalist kimi yox, Azərbaycan futbolunun azarkeşi kimi yazacam. Ağılla, məntiqlə yox, sadəcə duyğularımı paylaşacam. Bəlkə də gecikmişəm bunları yazmaqda. Nə bilim əşi...
İstisi ilə məşhur olan Yevlaxda həmişəki kimi qızmar bir gün idi. Öz evimiz bina evi olduğu üçün sıxılırdım, həftəsonlarını və yay tətilini nənəmgildə keçirərdim. Ev də stadionun küçəsindədi. Arada 3-4 qonşu evi var. Həmin gün, yəni 19 sentyabrda da nənəmgildə idim. Axşam tərəfi idi... Gördük küçədə "tolpa" ilə insanlar stadiona tərəf gedir. Maraqlandıq, dedilər ki, bəs rayonun "Karvan" adlı futbol klubu yaranıb və stadionun açılışıdır, komanda oynayacaq. Marağa getdik.
Düzü, 2002-ci ildə keçirilən dünya çempionatından sonra futbol haqda anlayışım, marağım vardı, amma o gün bir başqa sevdim futbolu. "Karvan"la sevdim. Sonradan qohumumuzun uşaqları "Karvan" kitabçası və sinifyoldaşımın verdiyi jurnal sayəsində bu komanda haqda daha çox məlumat topladım. Başladım axşamlar maraqla idman xəbərlərini izləməyə. ATV-də İlkin Fikrətoğlu, Sənan Şəfizadə, "Space"dən Tural Xudiyev, ANS-də Asif Bağırov, AZTV-də Elnur Əşrəfoğlu, Altay Əliyev kimi jurnalistlərin xəbərləri, səsləri, şərhləri, verilişləri ilə ölkə futbolunu öyrəndik, sevdik. O vaxtlar sosial şəbəkə, saytlar yox idi. İndiki vaxtda azarkeşlər bəxtəvərdilər, istədikləri vaxt klubdan məlumat ala bilirlər, transfer xəbərlərini jurnalistlərdən əvvəl xəbər tutular, istədikləri futbolçunu "instagram"da, "facebook"da izləyib, söhbət edə bilirlər.
Bizim üçün isə futbolçular əlçatmaz bir varlıq idilər. Onlardan forma almaq, bir kağız parçasını imzalatmaq, qarşından gəlib keçməsi belə bir azarkeşi həmin an dünyanın ən xoşbəxt adamı edərdi.
"Karvan" həyatıma daxil olan günə kimi uşaqlıq, həyəcan, əyləncə nədir bilməzdim. Qələbəsi xoşbəxtlik, məğlubiyyəti isə elə bir acı yaşadardiki... Ona kimi evdə heç vaxt narazılıq yaratmayan uşaq idim. Ama "Karvan" uduzduğu günlərdə evdə qan-qıyamət düşərdi. Günlərcə yemək yemirdim. Anam dəli olurdu. Ancaq zamanla artıq bütün ailə üzvlərimi də alışdırdım. Artıq "Karvan" ailəmizin gündəlik müzakirə mövzusu idi. Dəftərlərim vardı, oyunları, turları, qolları, vərəqə alanları yazardım. Bəzən turun oyunları dərs saatına düşərdi, evdə tapşırardım ki, TV-də olan oyunları mənim üçün yazın. Hələ də saxlamışam o dəftərləri. Çoxunda da anamın xətti var. Qolları, vərəqələri, əvəzləmələri hər birini yazardı. Artıq futbol, klublarımız, futbolçular, millimiz sankı qohum-əqrabamız olmuşdu. Necə ki, ailələr oturub o qohum, bu qonşudan söhbət edir, bizdə isə ancaq millinin, klubların, "Karvan"ın, növbəti turun müzakirələri gedirdi.
Hakimliyə başladıqdan sonra artıq "Karvan" mənim üçün əlçatmaz deyildi. Artıq günüm komandanın içində keçirdi. Özümü bu ailənin üzvü kimi hiss edirdim. Futbolçularımızla yanaşı ən böyük dəstəyi Yunis Hüseynovdan görürdüm. Qaydaları, bilmədiklərimi, hər şeyi ondan öyrənərdim. Artıq "Karvan" sevdiyim klubdan daha artıq idi. Ailəm, doğmalarım, hər şeyim idi.
O vaxtlar ən nifrət etdiyim klub "Xəzər Lənkəran" idi. İlk mövsüm hər iki oyunda onlara uduzmuşduq. 7 iyun 2005-ci ildə Lənkərandakı oyunda 0:1 hesabı ilə uduzanda gecə 4-ə kimi için-için o qədər ağlamışdım ki, çox ağır xəstələnib 3 həftə xəstə yatmışdım. Həkimə aparanda demişdi ki, güclü stressin nəticəsidi. Daha anam əsəbləşməsin deyə, xalalarım demədi ki, bütün gecə bu uşaq yatmayıb, ancaq ağlayıb.
Amma ondan sonra "Xəzər Lənkəran"dan daha güclü zərbə almışdıq. Mövsüm başa çatmış, "Karvan" təlim-məşqlərə başlamışdı. Komanda da Yunis Hüseynovla yolları ayırıb, Fuad Yamanla anlaşmışdı. Bazarertəsi idi. ANS-də idman xəbərlərində anons etmişdilər ki, axşam "Qol saatı"nın qonağı "Karvan"ın baş məşqçisi Fuad Yaman olacaq. Dəqiqələri sayırdım. Birdən-birə elə güclü külək yağış başladı ki, bütün rayonda işıqlar kəsildi. İçimdə elə gərginlik vardı ki, sanki pis nəsə olacaq, külək və işıqların sönməsi ilə də lap pisləşdim. Oturub ağlayırdım ki, mən necə baxacam verilişə. Verilişin də təkrarı yox idi. Elə həftənin 1-ci günləri 23:45-də yayımlanardı. Allaha yalvarırdım ki, nə olar işıq yansın, baxım verilişə. Görüm kimlər gələcək, kimlər gedəcək komandadan... Veriliş başladıqdan az sonra işıqlar yandı. Evdə də hamı yatmışdı. Tez TV-nı açdım, keçdim önünə. Ordan-burdan danışan Yaman birdən qayıtdı ki, bəs ən güclü oyunçularımızdan olan Kamal Quliyevlə Zaur Ramazanov "Xəzər Lənkəran"a keçib. Ondan sonra nələr danışdığını xatırlamıram. İlk dəfə idi belə bir duygu hiss edirdim. Hətta üzərindən 14 il keçməsinə baxmayaraq, o an nə hiss etdiyimi hələ də xatırlayıram. Bütün bədənim buz bağlamışdı, ürəyimin dəhşətli dərəcədə göynədiyi yadımdadı. Ən çox sevdiyim, ən güclü futbolçularımızın sırf "Xəzər Lənkəran"a keçidini həzm edə bilmirdim. Həmin ərəfələrdə anamın xalası oğlunun toyu idi. Güclə aparmışdılar məni. Fikrimi heç nəyə, heç kimə verə bilmirdim, yemirdim, içmirdim, hər gün gecə olmağını gözləyirdim ki, anamın gözündən uzaq olum, ağlayım ürəyim boşalsın. Toydan da yarımçıq çıxıb gedib maşında oturub ağlamışdım. Bütün varlığımla "Xəzər Lənkəran"a nifrət edirdim. Uşaq ağlı.
Daha sonra artıq bu transfer işlərinə, futbolçuların gedişinə alışdım. Zamanla püxtələşirdim, öyrəşirdim futbol siyasətinə. Amma "Xəzər Lənkəran"a prinsipim keçmirdi...
Bir gün gəldi bu yuxudan oyanmalı oldum. Sevdiyimi əlimdən aldılar. Nə qədər püxtələşsəm də, yaş artsa da, bunu həzm edə bilmədim. Bəs zaman hər şeyin dərmanıdı deyirlər, unutdurur, yaraları sağaldır deyirlər. Bu yara sağalmadı. İlkgünkü kimi hələ də qanayır, üstü heç qaysağ bağlamadı...
Bəlkə də bir çoxları qınaya bilər ki, bu dərəcə bir kluba bağlılıq olmaz. Amma kim də anlamasa, məni bir "Xəzər Lənkəran"ın keçmiş mətbuat katibi Hüseyn Cəbrayıloğlu anlayar. Çünki o da iş xatirinə, maaş xatirinə o klubda işləməyib. Sevgi ilə işləyib. Sevgi var ki, hələ də ürəyi yanır. Onunla müsahibədə "facebook" üzərindən söhbət edirdik. Cavablarını oxuduqca, içimdəki yaraya elə bil duz səpilirdi, için-için ağlayaraq, qapıdan asılan "Karvan" atributuna baxaraq sual yazırdım. O üsyanını sözlərə tökürdü, mən isə susub qalırdım. İçimdəki əzabı hayqıra bilmirdim. Bilsəm ki, "Karvan" yenidən qayıdar, hər şeydən, bu günümdən, sabahımdan keçərdim. Atardım hər şeyi, sadəcə həftəsonları komandasının oyununu gözləyən, qələbəsi ilə xoşbəxt olan, məğlubiyyəti ilə ağlayan adi bir azarkeş olardım. O xoşbəxt illərdəki kimi.
"Xəzər Lənkəran"a nifrət etdiyimi demişdim... "Karvan" dağıldıqdan sonra bilirsiz nə oldu? "Karvan"ı "Xəzər Lənkəran"da axtarırdım. Qəribə bir duyğu idi. Bunu bilirsiz nə vaxt hiss etdim? 2012-ci il - mətbuata yeni gəldiyim vaxtlar idi. "Böyük oyun"dan əvvəl "Neftçi" və "Xəzər Lənkəran"ın məşqlərinə gedib müsahibə, açıqlamalar almalı idim. Səhər saatlarında getdim "Xəzər Lənkəran"ın məşqinə. Onda da baş məşqçi Yunis Hüseynov idi. "Karvan"dan sonra Yunis müəllimlə ilk qarşılaşmamız oldu. Məni görəndə diqqətlə baxdı, yaxınlaşdım və artıq mətbuata başladığımı dedim. Yanında olan "Xəzər Lənkəran" işçilərinə məni tanıdıb, gözü önündə böyüdüyümü, çılğın azarkeş olduğumu dedi. Onda artıq nifrət qalmamışdı bu kluba. Doğma bildiyim adamların orda işləməsi sanki mənim üçün təsəlli olmuşdu. Lakin "Xəzər Lənkəran"ın aqibəti də "Karvan"la eyni oldu.
Onunla da ölkədə futboldakı rənglər soldu. Sındı ölkə futbolu.
Hər şeyi başa düşürəm, maliyyə problemini, sponsor olmamasını. Amma bu gün hər şey sizdən asılıdı axı. Bu qədər Bakıda komanda var. Nə mənası var axı? Kimsəyə maraqlı deyil, ona görə tribunalar da boş qalır. Çünki paytaxtda insanları əyləndirəcək daha çox şərait var. Siz elə bilirsiz bölgələr sadəcə futbolsuz qalıb?! Vallah məsələ tək futbolluq deyil. Heç o bölgələr üçün futbol klubu olmasının önəmini bilirsiniz?! O insanların nə gedə biləcəkləri bulvarı, "mall"ı, kinoteatrı var, nə də həftəsonlarını maraqlı keçirəcəkləri bir əyləncəsi...
Siz heç bilirsiniz o klublarda, o stadionlarda nə qədər insanlar çalışıb, evinə çörək pulu aparardı. Rayonda ən kasıb ailələr stadionda işləyib, ailəsini dolandırardı.
"Karvan" yarandıqdan sonra orda nə qədər uşaqlar, yeniyetmələr pis vərdişlərdən uzaqlaşıb, futbola üz tutdu. Bu tək Yevlaxa aid deyil, bu həm də Lənkərana, İmişliyə, Zaqatalaya və futbolsuz qalan bir çox bölgələrə aiddi. "Karvan", "Xəzər Lənkəran", "MKT-Araz", "Simurq" və digər klubların rayonlarımız üçün önəmi sadəcə futbol komandasından ibarət deyildi.
O məni qərəzli olmaqda, müxalif olmaqda qınayanlar var ha, onlar bu duyğuları bilmirlər. Onlar sevdiyin klubun eşqi ilə yaşamaq nədi bilmirlər. Komandan uduzanda, hansısa futbolçusu klubdan ayrılanda için-için yanmağın, ağlamağın nə olduğunu bilmirlər. Mən müxalif, ya qərəzli deyiləm, bu nifrətin səbəbini anlayın. Məhv elədiyiniz təkcə ölkə futbolu, bölgə klubları deyil, mənim uşaqlığımdı. Mənim uşaqlığımı, xatirlərimi məhv elədiyiniz üçün nifrət edirəm sizə...
Röya Kərimli
Şərhlər