Nazim ŞƏRBƏTOV
Ölkə başçısının ardıcıl olaraq apardığı islahatlar cəmiyyətdə xeyli rezonans doğurdu.
Saytları, sosial şəbəkələri oxuyuruq və hər kəsin bu mövzuya yanaşmasını, həyəcanlanmasını görürük. Kimisi gedənin dalıyca kitab yazır, kimisi proqnoz verməyə çalışır, kimisi "bəlkə”lərə sarılır. Amma islahatların bizim üçün olduğunu, bizə xidmət etdiyini unuduruq. Unuduruq ki, bu islahatlardan sonra daha da səylə çalışıb ölkə başçısına dəstək olmaq lazımdır. Axı o hər çıxışında bizə arxalandığını, bizdən aktivlik gözlədiyini, milli-mənəvi dəyərlərə, vətənə-millətə sevgi göstərməyi istəyir.
Mediadan hər şeyi şəffaflıqla işıqlandırmağı, qaralama kampaniyalarında iştirak etməməyi tövsiyə edir.
Gedən getdi, gələn gəldi. Bəlkə artıq dedi-qodunu kənara qoyub aktiv olaq?!
Əngəllər mi vardı? Qalxdı artıq o əngəllər.
Təzyiq mi vardı? Yoxdu artıq o təzyiq.
Dəstək mi yox idi? Alın sizə ölkə başçısından tam dəstək.
Meydan artıq açıqdır. Bayağılıq deyirdik, "zəngimcell” sənətçilər deyirdik, əxlaqsızlıq deyirdik, zövqümüz korlanır deyirdik, ucuz şoular deyirdik, deyirdik, deyirdik...
İzləyici də ümidləndi, oxucu da ümidləndi. İndi bu ümidləri doğrultmaq zamanıdır. Küsənlər, inciyənlər qələmi alsın yenidən işə başlasın.
Şərdən böhtandan uzaq informasiyalar paylaşmaq zamanıdır. IP üçün deyil, həqiqət üçün.
Keyfiyyətli efir göstərmək zamanıdır. TV-Medianı dirçəltmək zamanıdır.
"Ola bilməz, bizdə mümkün deyil” dediyimiz şeyi "Bizə sarı gəlin” deyib elədilər axı.
Kimdənsə tapşırıq gözləmədən, zövqə xidmət etmək zamanıdır.
Sevə-sevə işləmək zamanıdır...
Bir-birimizə daş atmadan daha gözəli ekrana daşımaq zamanıdır.
İnsanları sosial şəbəkədən yenidən ekrana qaytarmağın zamanıdır.
Şikayət yox, bir işin qulpundan yapışmaq zamanıdır.
"Mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm" deyən prezidentin dəstəyinə cavab vermək zamanıdır.
Şərhlər